Modern.az

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirildi

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirildi

Diaspor

23 İyul 2020, 23:19

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə iyulun 23-də “Qarabağ – azərbaycanlı gənclərin həmrəylik amili” mövzusunda forum keçirilib.

 

Gənclər Fondunun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Forumda icraçı direktor Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev, gənclər təşkilatlarının rəhbərləri, Avstraliya, İtaliya, Rusiya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Macarıstan, Ukrayna, Avstriya və Polşada gənc diaspor nümayəndələri çıxış ediblər. Tədbirdə 400-dən çox gənc iştirak edib. Forum Facebook”da canlı yayımlanıb.

 

Azərbaycanın dövlət sərhədində Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq Ermənistanın törətdiyi hərbi təxribatlara etirazlarını bildirmək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız nümayiş və yürüşlər keçiriblər. Aksiyalar zamanı həmvətənlərimiz dünyaya Qarabağla bağlı həqiqətləri çatdırmağa çalışaraq, Ermənistan dövlətinin işğalçılıq siyasətini qəti şəkildə pisləyib, dövlət başçımıza, ordumuza və əsgərlərimizə dəstək nümayiş etdiriblər.

 

Vətəndə və xarici ölkələrdə yaşayan və təhsil alan gənclər, həmçinin dövlət rəsmiləri, aparıcı gənclər və diaspor təşkilatlarının təmsilçiləri Forumda çıxış edərək, Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları və işğalçılıq siyasəti fonunda gənclərin birliyinin, həmrəyliyinin vacibliyini vurğulayıblar. Bu xüsusda, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə, həmçinin sosial şəbəkələrdə erməni yalanlarına və təhrif olunmuş məlumatlara qarşı mübarizə barədə də danışılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində erməni təxribatının dəf edilməsi və düşmənə layiqli cavab verilməsi bütün dünyada yaşayan soydaşlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar dövlət tərəfindən bu istiqamətdə atılan addımlara dəstək və həmrəylik ifadə etdirirlər. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağın tarixi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Ermənistan dövlətinin işğalçı mahiyyətinin beynəlxalq səviyyədə ifşa edilməsi baxımından gənclərin üzərinə böyük vəzifələrin düşdüyü xüsusi vurğulanıb. Tədbir iştirakçıları bu istiqamətdə fəaliyyətin daha səmərəli şəkildə əlaqələndirilməsinin vacibliyini bildirərək, Azərbaycan naminə səylərini və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini ifadə ediblər.

 

Forumun sonunda iştirakçılar adından bəyanat qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...