Modern.az

“Estafet” rubrikası - Ramiz Rövşənin Cəmil Həsənliyə sualı var - MARAQLI

“Estafet” rubrikası - Ramiz Rövşənin Cəmil Həsənliyə sualı var - MARAQLI

Ölkə

27 İyul 2012, 12:34


Artıq bir həftə olar ki, Modern.az-da “Estafet” rubrikasına start verilib. Rubrikanın ikinci qonağı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı Rafiq Əliyev oldu. O, estafeti tanınmış şair Ramiz Rövşənə ötürdü və ona öz suallarını ünvanladı.

Xatırladaq ki, qaydalara görə, rubrikamızın qonağı ona ünvanlanan sualı cavablandırandan sonra özü də istənilən bir şəxsə sual vermək imkanı qazanır. Müsahib arzu etdiyi şəxsdən Modern.az vasitəsi ilə öz suallarına cavab alacaq. Bir sözlə, hər dəfə sualları cavablandıran şəxs öz növbəsində estafeti növbəti qonağa ötürəcək.  

Rafiq Əliyevin Ramiz Rövşənə ünvanaladığı suallar bunlar idi:

– Bu qədər böyüklüyü, bu qədər sadəlikdə necə uzlaşdıra bilirsiniz?

– Poeziyanızın qüdrətinə görə və qeyri-standartlığına görə kimə minnətdarsınız: Tanrıya, yoxsa...?

Ramiz Rövşən Modern.az vasitəsilə Rafiq Əliyevə cavab verib:

– Doğrusu məndən olsa, bu sualı Rafiq müəllimin özünə ünvanlayardım. Amma sual mənə verilibsə, deyim ki, mən böyüklüklə sadəliyi bir-birinə əks anlayışlar saymıram. Əslində, böyüklük elə sadəlikdədir. Və bizim böyük saydığımız adam əgər sadə deyilsə, deməli, onun haqqındakı təsəvvürümüz aldadıcıdır. Çünki zahiri təkəbbürün və yekəxanalığın altında həmişə daxili inamsızlıq və natamamlıq kompleksi gizlənir.  

– İstedad Tanrı vergisidir, – deyirlər. Mənə verdiyi az-çox istedada görə, təbii ki, Tanrıya borcluyam. Amma səmimi deyim ki, Bakı nefti kimi bu şairlik istedadının da “Tanrı bəxşişi”, yoxsa “Tanrı qarğışı” olduğunu hələ də ayırd eləyə bilməmişəm.

O ki qaldı yazdıqlarıma, bu şeirlər təkcə mənim istedadımın yox, həm də yaxşı-pis yaşadığım ömrün məhsuludur, illər uzunu duyduqlarımın, düşündüklərimin, gördüklərimin, bildiklərimin, bəzən hətta bilmədiklərimin poetik ifadəsidir. Bu baxımdan, bir çox sevdiyim şairlər kimi mən də deyə bilərəm ki, əsl tərcümeyi-halım şeirlərimdədir. 

Ramiz Rövşən sualları cavblandırandan sonra estafeti tarix elmləri doktoru, professor Cəmil Həsənliyə ötürdü və ona öz suallarını ünvanladı.

– Belə bir fikir var ki, tarix kitabları, orda haqqında yazılan tarixi hadisələrdən, şəxsiyyətlərdən daha çox o kitabları yazan müəlliflərin özləri haqqında dəqiq təsəvvür yaradır. Bu da məlumdur ki, keçmişi redaktə etmək mümkün deyil. Bəs sovet dövründən indiyə qədər işi-peşəsi keçmişimizi redaktə eləməkdən, dərzi kimi kəsib-doğrayıb, bəzəyib-düzəyib, bu günün konyukturasına uyğunlaşdırmaqdan ibarət olan bir çox tarixçilərimizin yazdıqları qalın-qalın kitablar öz müəllifləri haqqında, səncə, hansı təsəvvürü yaradır?

– Sənin, xüsusən son illər, saysız-hesabsız arxiv materiallarına əsaslanıb XX əsr tariximizi dərindən təhlil edərək yazdığın bir-birindən qiymətli əsərlər hər bir Azərbaycan ziyalısının stolüstü kitabı olmağa layiqdir. Bəs Qarabağ müharibəsi ilə bağlı, bütün bu hadisələri dərindən təhlil edən, mümkün qədər emosionallıqdan uzaq, yalnız faktlara, sənədlərə, şahid ifadələrinə əsaslanan bir kitab yazmaq fikrin varmı?

Tezliklə Cəmil Həsənlinin suallara cavabını saytımızda oxuya biləcəksiniz.

Könül Səid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı