Modern.az

Müğənniləri ekspert qismində danışdırır, xəbərlərdə aforizmlər səsləndirir - Müharibə dövrünün TELEKANALLARI 

Müğənniləri ekspert qismində danışdırır, xəbərlərdə aforizmlər səsləndirir - Müharibə dövrünün TELEKANALLARI 

Media

19 Dekabr 2020, 10:23

 

Vətən müharibəsi dövründə döyüşlər təkcə ön cəbhədə getmirdi. Artıq XXI əsrin reallığı olaraq, istər müharibədən öncə və sonra, istərsə də müharibə dönəmində informasiya savaşı həmişə diqqət mərkəzində olur. Bu savaşda əsas resurslardan biri isə məhz telekanallardır. 

 

Bəs maraqlıdır, Azərbaycanda Qarabağ uğrunda müharibə zamanı televiziya kanalları fəaliyyətini səmərəli şəkildə qura bildimi?  

 

Bu barədə Modern.az-a danışan teletənqidçi Sevda Sultanovanın sözlərinə, müharibə dövründə telekanalları dərin təhlil etmədiyini diqqətə çatdırıb. Lakin həmsöhbətimizin fikrincə, televiziyalarımız elə bərbad vəziyyətdədir ki, onların fəaliyyətini analiz etmək üçün hətta xüsusi mütəxəssis olmağa ehtiyac yoxdur:

 

 

 Müharibə günlərində televiziyalarımızda ən maraqlı təsvirlər Müdafiə Nazirliyi tərəfindən təqdim edilən süjetlər idi

 

“Bizim telekanallarımızda olan qüsurları istənilən tamaşaçı görə bilər. Müharibə günlərində televiziyalarımızda ən maraqlı, hamının gözlədiyi təsvirlər Müdafiə Nazirliyi tərəfindən təqdim edilən süjetlər idi. O süjetlərdə düşmən hədəflərinin məhv edildiyi əks olunurdu. Bundan başqa işğaldan azad olunmuş şəhərlərimizdən, kəndlərimizdən görüntüləri hazırlayaraq televiziyalara təqdim edirdilər. Ən maraqlı da bu və cəbhə bölgəsindən verilən informasiyalar, xəbərlər idi”.

S.Sultanova qeyd edib ki, qalan analizlər, təhlillər çox aşağı səviyyədə olub:  

"Son zamanlar efirdə bir neçə yeni sima görmüşəm. Məsələn, politoloq Elxan Şahinoğlu, partiya sədri İlqar Məmmədov, deputat Elkin Qədirlinin eləcə də digər hərbi ekspertlərin analizləri maraqlı idi. Digər millət vəkilləri yeni bir şey demirdilər. Hamısı eyni fikirləri söyləyirdilər. Ancaq pafoslu danışırdılar. 

 

Müğənniləri ekspert kimi danışdıran telekanallarımız

 

Tədqiqatçının fikrincə, müharibə dövründə ən biabırçı məqam isə uzun illərdir ki, televiziyalarda bütün ictimai, sosial proqramlara ekspert kimi müğənnilərin çağırılması olub:

Efirə bu cür ölkə əhəmiyyətli məsələni, vacib siyasi-ictimai problemin müzakirəsini aparmaq üçün müğənniləri dəvət edirdilər. O müğənnilər ki, 98 faizi bisavaddırlar. Deməyə heç bir sözləri, anlayışları belə yoxdur. Yəni mən bir tamaşaçı kimi o müğənnidən Qarabağ haqqında nə eşidə bilərəm ki?! Buna baxmayaraq, yenə də o müğənniləri televiziyaya dəvət edirdilər. Onlar dırnaqarası telekanallarda oturub Qarabağ haqqında analizləri verirdilər. Mən bir oxucu kimi sosial şəbəkədən xəbərləri daha çox izləyirdim. Televizayalardan razı qalmadım”.

 

S.Sultanova qazilər və şəhid ailələri, döyüşçülər haqqında hazırlanan verilişlər, süjetlər filmlər haqqında da danışıb. Onun sözlərinə görə, qazilərin və şəhid ailələrinin efirə dəvət olunması hər bir telekanalın borcudur:

 

 “Mən xüsusi olaraq monitorinq aparmamışam. Amma telekanallarımızın hamısının keyfiyyəti demək olar ki, eynidir, standartdır. AzTV və İctimai TV-nin nəzdində filmlər hazırlayan studiyalar, redaksiyalar var. Mən ümid edirəm ki, onlar keyfiyyətli film çəkəcəklər və çəkməlidirlər. Bundan əvvəl bizim Milli Qəhrəmanlarımız haqqında müxtəlif telekanallarda filmlər çəkilib. Onların əksəriyyəti çox keyfiyyətsizdir. Bu mərkəzləşdirilmiş qayda da olmalıdır. İctimai TV Əliyar Əliyev haqqında film çəkmişdi. Əliyar Əliyev haqqında bundan öncə isə Nizami Abbas da film çəkmişdi. Nizami Abbas Əliyar Əliyevi şəxsən tanıyırdı. Bu onun şəxsi təcrübəsi idi. Ona görə də maraqlı kadrlar alınmışdı. İctimai TV-nin çəkdiyi isə zəif idi. Çünki bir insanı tanımaq vacib olmasa da o situasiyanın içərisinə girmək, energetikaya təsir etmək üçün tanımaq olar. Bu işi peşəkarlara sövq etmək lazımdır. Qarabağla, şəhidlər və qazilərlə bağlı film içdən olmalıdır. Sənin deməyə sözün olmalıdır. Ən əsası tədqiqat aparılmalıdır.

 

İctimai TV müsbət iş görür, AzTV xəbərlərdə aforizmlər deyir, ATV və Xəzər TV-dən bayağı yanaşma, ARB fərqlənir

 

 Bütün kanallların içərisində İctimai Tv-nin yanaşmasını daha çox qiymətləndirirəm. Onlar daha peşəkar yanaşırlar. Qonaq seçimlərində daha ehtiyatlı və həssas davranırlar. Digər kanallardan fərqli olaraq daha eleqantdırlar. ATV və Xəzər TV isə müğənniləri hər mövzu ətrafında müzakirə üçün çağırırlar, işə bayağı şəkildə yanaşırdılar. ARBTV bir qədər fərqlənirdi. İctimai TVdən sonra AzTV-nin keyfiyyəti normal idi. 

 

AzTV-də isə xəbərlər proqramı da normaldır. Amma bəzən aparıcıların nitqində xəbər, informasiya proqramına uyğun olmayan nümunələr görürük. Mən bu haqda məqalə də yazmışdım. Xəbər aparıcısı deməməlidir ki, A.S.Puşkin ermənilər haqqında "sən ermənisən, köləsən, oğrusan" ifadələrini işlədib. Halbuki ermənilər haqqında bu ifadələri  Puşkin deyil, əsərində yaratdığı obraz, müəyyən bir konteksdə deyib. Əsəri açıb oxumadan bunu aforizmə çevirmək düzgün deyil. Ümumiyyətlə, "Xəbərlər" proqramında aforizm söyləmək, yersiz bədii fikirlər işlətmək olmamalıdır".

 

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır