Modern.az

Avrasiyanın iki mühüm ölkəsi: Azərbaycan - Türkiyə

Avrasiyanın iki mühüm ölkəsi: Azərbaycan - Türkiyə

Aktual

3 Sentyabr 2012, 17:48

Məlahət İbrahimqızı

Millət vəkili,
tarix elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan - Turkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlığından, onun bu iki ölkə və bütövlükdə bölgə üçün əhəmiyyətindən danışarkən öncə, bu iki qardaş ölkə arasındakı əlaqələrin yaxın tarixindən , daha doğrusu 1991-ci ildən günümüzə olan yola nəzərə salmağımız çöx önəmli olardı. Uzun onilliklər nəinki bu iki qardaş xalq bir-birindən ayrı düşmüşdü, Sovetlərin tərkibində olan türk xalqların Turkiyə və Türkiyə türkləri haqqında düşünmələri belə təhlükəli idi. Turkiyə türklərindən fərqli olaraq, Sovet İttifaqında yaşayan türksoylu xalqların eləcə də, Azərbaycan türklərinin çəkdiyi zillət və çilə hesab edirəm ki, cildlərlərlə əsərlərin mövzusu ola bilər. Beynəlxalq aləmdə xalqlar həbsxanası adlanan Sovet imperializminin həyata keçirdiyi siyasətin məqsədi burada yaşayan fərqli mədəniyyətlərə, inanclara və etnik kimliyə malik olan xalqları assimilyasiya etdirərək vahid sovet xalqını yaratmaq idi.

Qeyd etdiyim kimi Sovet İmperializminin mövcud olduğu yetmiş ildən artıq dövr ərzində burada yaşayan xalqlar və millətlər arasında ən çox zülmə, təzyiqə, repressiyalara və deportasiyalara məruz qalan xalq türk soylu xalqlar olmuşlar. Türk boylarının ən çox məskunlaşdığı və Avrasiyanın böyük ərazisi olan bu ölkədə xalqların tam assimilyasiya olunması mövcüd rejimin və sovet siyasətinin , bolşevizmin əsil mahiyyəti idi . Əlbəttə bu yazının məqsədi insanlığa və yə onu yaradanın müəyyən etdiyi qanunlara tam zidd olan bu siyasəti təhlil etmək deyildir. Bugünkü yaşlı və orta nəslin də yaşadığı bu rejimdə türk olmağın, xüsusilə də islam inanclı olmağın nə qədər çətin və məşəqqətli olmasını və nə qədər acıların yaşanmasını çox yığcam fikirlə oxuculara bir daha xatırlatmaqdır. Bəzən yaşanmış bu tarixi fikirləşdikcə, həqiqətən də zamanca çox az -21 il keçməsinə baxmayaraq, tarixi proseslerlə nə qədər zəngin olan böyük bir inkişaf yolu keçməyimizin şahidi oluruq.
Bunu çağdaş dünyamızın çox görkəmli liderlərindən olan Türkiyənin Baş naziri Rəcəb Tayyub Ərdoğanın təəbirincə ifadə etsək “ ...nerelerden.. nereye...” daha düzgün olardı. Elə bu mənada da keçdiyimiz çox çətin və mübarizə dolu yaxın tariximizi unutmamalıyıq. Qeyd etmək lazımdır ki, 1991-ci ildə Dövlət Müstəqilliyimizi ilk tanıyan, xarici ölkələrdə ilk olaraq səfirliklərimizin açılmasında və fəaliyyətində, beynəlxalq aləmdə ölkəmizin tanıdılmasında, xüsusilə də BMT-nin Ermənistanın Azərbaycanın 20 faiz torpağının işğalı ilə bağlı qəbul etdiyi dörd Qətnaməyə görə, Naxçıvanın çox ağır blokadadan çıxarılmasında Türkiyə dövlətinin misilsiz rolu olmuşdu. Bütün bunlara baxmayaraq eyni soyun övladları və ya nəsilləri olsaq, da hər iki ölkənin ictimaiyyəti , xalqı yetərincə bir-birini tanımırdı və Müstəqilliyimizin ilk illərində Türkiyəyə etdiyimiz səfərlərdə çoxumuza verilən bu suallar yəqin ki, heç vaxt unudulmayacaqdır:

“Sizdə türkcə danışırsınız?” və “Sizdə türksünüz?”

Hətta bəzən bu sualları biz-Azərbaycan türkləri çox xəyal qıqıqlığı ilə qarşılayardıq. Sözsüz ki, tarixə qızıl hərflərlə yazılacaq ulu öndər Heydər Əliyevin “Bir Millət- İki dövlət” və möhtərəm prezidentimiz İlham Əliyevin “Bir Millətin iki diasporu ola bilməz” müdrik fikirləri bizlər üçün yol xəritəsi olsa da, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilıisi-Ərzurum kimi dünya səviyyəli strateji layihələrin gerçəkləşdirilməsi Azərbaycan - Türkiyə əlaqələrinin qarantı oldu. Əlbəttə bu iki və bundan sonra gerçəkləşdirilmiş layihələr Ümummilli liderimizin və möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyətli siyasi iradələrinin nəticəsi idi.

İki ölkənin əlaqələrinin tarixindən, xüsusilə də Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Strateji əməkdaşlığından və bu əməkdaşlığın yaranması tarixindən danışarkən son on illin qazanılmış nailiyyətlərinin xüsusi çəkisi olmuşdur. Bu mənada AKP Hökumətinin xidmətlərini, xüsusilə də Başbakan Rəcəb Tayyib Ərdoğanın misilsiz liderliyini qeyd etməmək mümkün deyil. Belə ki, bu gün bir sıra siyasi-analitik mərkəzlər tərəfindən Başbakan Rəcəb Tayyib Ərdoğan Türkiyənin bir başbakanı və ya uzun illər hakimiyyətdə olmuş bir siyasi partiyanın yaradıcısı və lideri kimi deyil, həqiqi mənada bütövlükdə bir məmləkətin və ya bir xalqın partiyasına çevrilmiş, siyasi təşkilatın lideri və XXI əsrdə dünya gündəminə və eləcə də beynəlxalq ictimai fikrə təsir edə bilən bir dünya lideri kimi dəyərləndirilir. Həqiqətən də biz son on illərdə dünyada baş verən proseslərə diqqət yetirsək, dünya gündəminə daxil olan və öz aktuallığına görə beynəlxalq müstəvidə ictimailəşən və müzakirə olunan məsələlərdə Rəcəb Tayyib Ərdoğanın böyük rolu vardır.

Fələstin məsələsində, İsrailin bəzi siyasətçilərinin beynəlxaq hüquqa zidd olan ədalətsiz davranışlarına dayan deyən, Afrika ölkələrinin , xüsusilə də aclıq çəkən ölkələrin və uzun illərdir ki, beynəlxalq ictimaiyyətin laqeyd münasibət sərgilədiyi Somalidə və Myammarda olan sorunlarının gündəmə gətirilməsində, humanitar yardımların toplanmasında və paylanmasında beynəlxalq təşkilatların fəaliyyətində şəffaflığın olmamasını, BMT və bəzi beynəlxalq təşkilatlar tərəfindən ikili siyasət yürüdülməsinə, Dağlıq Qarabağ məsələsinin həllinə beynəlxalq təşkilatların biganə, qeyri-obyektiv yanaşma tərzini , eləcə də, bir sıra qlobal əhəmiyyətli problemləri ardıcıl olaraq ən yüksək kürsülərdə səsləndirilməsində böyük rolu olmuşdur. Fürsətdən istifadə edərək Dağlıq Qarabağ məsələsinin həllinin erməni lobbisinin təsirində olan ölkələrin monopoliyasında saxlamaqla Türkiyənin kənarlaşdırılması, PKK probleminin bir sıra dövlətlər tərəfindən dəstəklənməsini qeyd etmək istərdim.

Ümumiyyətlə Azərbaycan Turkiyə əlaqələrindən danışıarkən bu munasibətlərdə mutləq iki çox vacib məqamı - hər iki dövlətin ortaq maraqlarını və hər iki olkənin xalqları arasindakı sozlə ifadə olunması çox çətin olan təbii qohumluq , daha doğrusu doğal duygulari , mənəvi bagları nəzərə almq lazımdır. 1991-ci ildən bugunədək olan zaman kəsiyində baş verənləri təhlil etsək bəzən duygusal munasibətlərin bu iki ölkə arasindaki əməkdaşliğın ortaq çıxarlarından-maraqlarından daha ciddi və üstün faktor kimi özünü göstərdiyinin şahidi olarıq. Hətta bu səbəbdən də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çox səmimi olaraq, bu duyğusallığı öz çıxışlarında: “Biz bir ürəyik” sözlərini səsləndirir.

Eyni fikirləri , siyasi kontekstdə Möhtərəm Başbakan Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan ilişkilərindən danışarkən siyasi əlaqələrin təməlində məhz bu faktoru xüsusi vurğulayır və onun önəminin və həssasiyətinin diqqətə alınmasının vacibliyini diqqətə çatdırır. İki dövlət arasındakı əlaqələrin inkisafinda mənəvi bağların, yoxsa maraqlarin, eləcə də onlar arasındakı kəsişmə nöqtələrinin daha böyük rol oynadığını ayird etmək bəzi hallarda çox cətindir. Həqiqətən də Azərbaycan neftinin və təbii qazinı dunya bazarina çıxaran kəmərlərin Türkiyədən keçməsi səbəbində hansı səbəbin qardaşliğinmı yoxsa maraqlarınmı daha çox və əsas rolü olduğunu təyin etmək çox çətindir. Bu mənada Türkiyə- Azərbaycan arasındakı bugünkü əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasını zəruri edən əsas səbəblər sırasında olan mənəvi bağların çox həlledici bir amili olması məncə hər zaman nəzərə alınmalıdır. Mənəvi bağlar adlandırdığımız bu duyğusallıq və doğallıq bugün hər kəsə məlumdur. Son illərdə hətta bu münasibətlər beynəlxalq təşkilatlarda çox tez-tez səslənir və diqqətə alınır.

Görünür Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlığın təməlində olan bir-birinə inam və güvənc bu iki xalqın Oğuz ailəsinə mənsub olmasıdır. Məhz bu amil Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Strateji əməkdaşlığının əsas prioritetlərindən olan enerji məsələsi , erməni sorunu , regional inkişafı istiqamətindəki fəaliyyətimizi daha da güclü edir. Qeyd etdiyimiz kimi, istər Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi coğrafiya , Qarabağ , istər Türkiyənin PKK və bugun onun qonşu- sərhəd ölkələrindəki böhran kimi problemlərin olmasına baxmayaraq, Yüksək Səviyyəli Strateji Əməkdaşlığının həm hər iki ölkənin , həm də bütövlükdə bölgənin inkişafında və təhlükəsizliyində həyati dərəcədə əhəmiyyəti var. Gürcüstanın mövcudluğunda NATO ölkəsi olan Türkiyənin əhəmiyyətini biz 2008-ci il Rusiya- Gürcüstan müharibəsində şahidi olduq. Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaranması ilə hər iki ölkəyə əlavə güc verməklə, Avrasiyanın yeni geosiyasi xəritəsində bugün və perspektivində əhəmiyyətli rol oynayacağına bir növ zəmin yaradıldı. Hansı aspektdən baxılırsa baxılsın, dünyanın ən böyük qitəsi olan Avrasiyanın mərkəzində yerləşən həm Azərbaycanın , həm Türkiyənin regionda artan nüfuzu və rolu danılmazdır.

Türkiyənin dünyanın iqtisadi cəhətdən ən güclü yirmiləri arasında və Avropanın altıncı ölkəsi olması, Azərbaqycanın zəngin karbohidrogen resurslarına malik olması və çox önəmli strateji kolidor olması hər iki ölkənin dostu və ya qeyri-dostu olan ölkələri bu gerçəkliklə hesablaşmağa vadar edir. Enerji ideologiyasının çağdaş dünyamızın əsas ideologiyası olmasını nəzərə alsaq, bir millətin digər dövləti olan Azərbaycanın Avropa üçün və eləcə də, Cənubi Qafqaz bölgəsi üçün nə qədər vacib olmasının izahına belə ehtiyac duyulmur. Təkcə enerji tələbatından dolayı deyil, İpək yolunun ən önəmli kolidoru və tranzit yükdaşımalarda ən qısa və ən az maliyyə tutumlu olması da Azərbaycana olan artan ehtiyacı zəruri edir. Əlbəttə hər iki gerçəklik Azərbaycan xalqının milli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən daxili və xarici siyasətdə və eləcə də, bugün bu siyasəti davam etdirən və tarixdə Qurucu Lider kimi qalacaq Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı diplomatiyada ən vacib faktor kimi məharətlə istifadə edilmişdir. Bunun nəticəsidir ki, ölkəmizin bölgə və Avropa məkanı üçün əhəmiyyəti gündən –günə daha çox artır və zəruri partnyor olması qeyd olunur.

Qeyd etmək lazımdır ki, istər Azərbaycan və istərsə də Türkiyədə yürüdülən siyasətin məqsədi bölgədəki geosiyasi mücadilədə liderliyin saxlanılmasına nail olmaqla ölkələrimizə daha əlavə güc və mövqe qazandımaq və bunun məntiqi davamı olaraq strateji müttəfiqliyimizi daha da möhkəmləndirməkdir. Əslində yarandığı gündən doğal olaraq strateji müttəfiqliyə məhkum olunmuş Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bəlkə də dünyada mövcud olan çox az müttəfiq ölkələrdəndir ki, bu müttəfiqlik heç bir üçüncü dövlətə qarşi deyildir. Əksinə bu müttəfiqlik bütövlükdə bölgədə- Qafqazda xalqların təhlükəsizlik və davamlı inkişafına geniş imkan yaradır. Bu fikri bir az da dərinləşdirsək, Türkiyə-Azərbaycan arasındakı yüksək səviyyəli strateji müttəfiqliyin getdikcə genişlənməsi və daha da inkişaf etməsi bütövlükdə Avrasiyanın istiğrarına və inkişafına bir töhfə ola bilər. Bu bir gerçəklikdir ki, bugün dünya güclərinin keçmiş sovetlər ölkələrini özünə müttəfiq etmək uğrunda bir mübarizə gedir.Hansı bucaqdan baxılırsa baxılsın fərq etməz, Avrasiyanın bir parçası olmuş, keçmiş Sovetlər ölkələrinin: Türkiyə - Rusiya əməkdaşlığı və ya buradakı slavyan xalqlarının , istərsə də Orta Asiya və ya türkcə danışan toplumların marağından Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlığı bu xalqları və ölkələri birləşdirə biləcək və ən optimal körpudur. Tibb elmində İnsan anatomiyasının ən əsas hissələrindən olan və insanı digər canlılardan fərqləndirən beyin maddəsinin ən önəmli hissəsinin kəllə sümüyündəki hissəsi həyatı baxımdan ən “strateji” hissəsi kimi türk yəhəri adlanır. Bu təhlili hazılayarkən , kifayət qədər arqumetlərin Azərbaycan Turkiyə Yüksək Səviyyəli Strateji Əməkdaçlığınını Avrasiya məkanının türk yəhəri adlandırılmasına kifayət qədər konkret əsaslar ortaya çıxdı. (Əlbəttə bu yazıda geniş verilməsi mümkün olmadığından gələcəkdə də bu mövzu haqqında fikirlərimi dəyərli oxucularımızla paylaşacam.)

Görünür bu səbəbdir ki, Avrasiyanın iki mühüm ölkəsi olan bu ekiz qardaşların arasına tarixin bütün mərhələlərində fitnə-fəsad salmağa çalışan qüvvələr olmuşdur. Özlərinin mənfur maraqlarını həyata keçirmək istəyən bü qüvvələr təəssüf ki, həmişə mövcud olduqları kimı, gələcəkdə də mövcud olacaqlar. Bu baxımdan hər iki ölkənin istər dövlət rəsmiləri, istərsə də xalqları belə şər qüvvələrin varlığını heç vaxt unutmamalıdırlar. Bu qardaşlığın və dostluğun qorunması xalqlarımız və millətlərimizin gələcəyi naminə hər kəsin müqəddəs borcu olmalıdır. Buna rəğmən bugün dünyada və bölgədə gedən sürətlə gedən geosiyasi proseslərin yaratdığı ciddi problemlərin olmasına baxmayaraq, Azərbaycan- Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlığının gələcəyinə bizlərdə bir daha böyük ümidlər yaradır. Qeyd etdiyimiz kimi, Azərbaycan- Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlığının ilk rəsmi addımı 16 Avqust 2010-cu ildə Cumhurbaşkanı Abdulla Gülün Azərbaycana səfəri zamanı atıldı. Bunun ardınca isə sanki birinci addımın təməlinin daha da möhkəmləndirilməsi üçün 16 Sentyabr 2010-cu ildə İstanbulda keçirilən Türkcə danışan ölkələrin Zirvə Samitində imzalandı.

Xatırlatmaq lazımdır ki, Azərbaycan və Türkiyə prezidentlərinin 2010-cu ilin sonlarında imzaladıqları "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında" anlaşma da hər iki dövlətə hərbi sahədə də daha geniş perspektivli əməkdaşlığı yüksək səviyyəyə qaldırmağa imkan vərəcək . Ümumiyyətlə bu əməkdaşlıq hər iki ölkənin hərbi, siyasi, iqtisadi, ticari, mədəni əməkdaşlıq istiqamətlərində gələcək birgə fəaliyyətini müəyyənləşdirəcəkdir. Hər dəfə bir-birindən daha çox siyasi və iqtisadi əhəmiyyət daşıyan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantıları həm də əzəmətli gerçək- praktiki layihələrlə daha da möhkəmləndirilir. Bu mənada keçən il İzmirdə keçirilmiş Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Müttəfiqlik Şurası zamanı təməli qoyulan və ilin və Türkiyənin ən boyük xarici sərmayəli layihəsi olan Neft-kimya emali layihəsi, bugünlərdə İstanbulda imzalanmış, siyasi və iqtisadi əhəmiyyətinə görə Bakı-Tiflis-Ceyhan neft və ya Bakı-Tiflis-Ərzurum təəbii qaz layihələrindən heç də az olmayan Trans Anadolu qaz kəməri buna misaldır.

Çox təəssüf ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq müqaviləsinin imzalanması daha doğrusu yaradılmasının əhəmiyyətini hər iki ölkənin müstəqil ekspertləir, politoloqları, araşdırmaçıları və siyasətçiləri çox xəsisliklə dəyərləndirdilər. Bugün bu Şuranın şəmsiyyəsi altında vətəndaş cəmiyyətindən tutmuş mediyaya qədər , ayri-ayri nazirliklər üzrə çox ciddi ortaq fəaliyyət planları və işbirlikləri hazırlanır. Qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq bağları getdikcə daha da güclənir desək yanılmarıq. Lakin hər iki olkənin xalqları arasindakı təbii qohumluq , daha doğrusu doğal duygular , mənəvi baglar faktordan qaynaqlanan bəzi məsələlərin tezliklə həll olunması bu müttəfiqliyin möhkəmləndiliməsində müstəsna rol oynaya bilər. Bir millət İki dövlətin və ya qardaşlığımızın göstəricisi kimi , tarixiximizin səhifələrindən və yaddaşlarımızdan heç vaxt silinməyəcək , bolşevizmin erməni daşnakları ilə 1918-ci ildə birgə törətdiyi Soyqırımın rəmzi 15 Sentyabrın Bakının Qurtuluşu günü kimi rəsmi qeyd edilməsi, Qarabağ probleminin həll edilməsində Azərbaycan - Türkiyə siyasətçilərinin, xüsusilə də millət vəkillərinin koordinasiyalı ortaq fəaliyyət planının hazırlanması(baxmayaraq ki, diasporalarımız arasında müəyyən əlaqələr var), viza məsələsinin həllini tapması, günümüzün ən aktual və həlli zəruri olan problemləridir. Mətbuatdan da məlum olduğu kimi, bir neçə ildir ki, Türkiyənin xarici işlər naziri, hörmətli Əhməd Davudoğlu hər iki ölkənin parlamentarlarının geniş tərkibdə görüşməsi və onların ortaq problemlərin , xüsusilə də Qarabağ probleminin həll edilməsində koordinasiyalı fəaliyyətin yaradılması təklifini gündəmə gətirmişdi.

Hesab edirəm ki, ermənilərin və onların havadarlarının anti-türk və anti-azərbaycan fəaliyyətinin daha da aktivləşməsi bu təklifin tezliklə gerçəkləşməsini zəruri edir. Son illərdə mətbuatda və ictimaiyyətdə Azərbaycanda türk filmlərinin tərcüməsi ilə bağlı da heç də bir mənalı olmayan fikirlərə də münasibət bildirmək istərdim. Mən də sadə bir vətəndaş kimi, düşünürəm ki, axı bizim heç birimiz istər rəsmi səviyyədə, istər qeyri-rəsmi səviyyədə olsun, Türkiyədən olan birisi ilə tərcüməçi vasitəsilə danışmırıq. Məncə məsələyə biz adi və sadə gözlə baxılmamalıyıq. Bizim hər birimiz ortaq türkcənin yaranmasını üçün təkliflər veririk, tezliklə ortaq türkcəmizin formalaşması gözləyirik. Digər tərəfdən də qürur duyduğumuz bütün türk boylarının, ümumiyyətlə bütün türk dialektlərinin və şivələrinin qorunub saxlanılmasına çalışmalıyıq. Çünki bu bizim baba və nənələrimizin min illər boyu yaratdığı sərvətdir. Yəqin ki, bir çox hallarda Azərbaycan türkcəsinin Anadolu türkcəsinə daha yaxın olmasını və daha çox qorunub saxlanması haqqında Türkiyədən olan dostlarımızın fikirlərini eşitmişik. Biz Azırbaycan ərazisində 9 milyonuq, amma Türkiyə 70-80 milyonluq. Onsuz da bir çox boylar və onların şivələri tarixin müəyyən proseslərində unudulmuş və hətta bəziləri assimilyasiyauğramışlar. Məncə heç kəs , hətta Türkiyədə belə istəməzlər ki, Azərbaycan türkcəsi itsin. Mən hətta bunu hər iki ölkənin Konstitusiyasında dövlət dilinin təsbiti və tətbiqi ilə izah etmirım. Onsuz da ölkəmizdə bütün bölgələrdə peyk vasitəsilə insanlar istənilən televiziya kanallarına istənilən dildə seyr edirlər. Məncə elə bizim çox tez-tez ünsiyyət və təmaslarımız fərqi yoxdur virtual yoxsa canlı , ortaq türkcəmizin də formalaşmasına imkan yaradacaqdır. Əlbəttə mütləq qeyd etməliyik ki, bir çox hallarda son illərdə efirə verilən türk filmlərin tərcüməsi çox keyfiyyətsiz və yarıtmaz vəziyyətdə olmasının şahidi oluruq.

Qeyd etmək lazımdır ki, qisa müddət ərzində yaranmasına və bəzi obyektiv və subyektiv problemlərin mövcudluğuna baxmayaraq, Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası qardaşlığımızın, dostluğumuzun və işbirliyimizin getdikcə güclənməsinə böyük perspektivlər və imkanlar yaratmışdır. Bugünlərdə bölgənin gündəmində ən əhəmiyyətli və səbirsizliklə gözlənilən 11 sentyabr 2012-ci ilində keçiriləcək növbəti toplantısı və onun proqramıı ən çox müzakirə olunan məsələlərdən biridir. Umid edirik ki, bu iki ölkə arasındakı strateji müttəfiqliyin güclənməsi, sarsılmaz Türkiyə və Azərbaycan qardaşlığı Avrasiyanın bütövləşməsi ideyası adı altında bölgədəki hegemonluğundan əl çəkmək istəməyən qüvvələrin qarşısında bir sədd rolunu oynayacaqdır. Ötən dövr ərzində nə qədər sıxıntılar, əziyyətlər və böhranlar yaşansa da , zaman təməlində xoşgörü niyyət və ədalət olan belə siyasətlərə gec-tez uğurlar qazandırır . Bu anlamda , şox əsirlik tarixində və mədəniyyətində heç vaxt imperialist və sümürgəci , parçala və höküm sür maraqları olmayan Türkiyə və Azərbaycan qardaşlığı digər qüvvələrdən fərqli olaraq, ancaq qardaşlığa, dostluğa, işbirliyinə , əməkdalığa və bölgənin firavanlığına əvəzsiz dəstək olacaqdır.

Əminik ki, Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası ən qısa zamanda mövcud problemləri həll edərək, iki ölkə və onun xalqları arasındakı əməkdalığın bütövləşmə mərhələsinə qədəm qoyacaqdır.

Fürsətdən istifadə edərək, 11-12 Sentyabrda Bakıda keçiriləcək iki ölkənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantılarına uğurlar arzulayıram.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı