Modern.az

Əliyev-Ərdoğan görüşü - bölgədə hüzur, ortaq məsələlər, problemlər - TƏHLİL

Əliyev-Ərdoğan görüşü - bölgədə hüzur, ortaq məsələlər, problemlər - TƏHLİL

Dünya

10 Sentyabr 2012, 19:39

Sentyabrın 11-də Azərbaycanda Yüksək Səviyyəli Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının (YSATSƏŞ) toplantısı öz işinə başlayacaq.

Azərbaycan tərəfdən prezident İlham Əliyev, Türkiyə tərəfindən isə baş nazir Rəcəp Tayyip Ərdoğanın həmsədrliyi ilə keçiriləcək Şuranın iclasına tərəflər, belə görünür ki, ciddi uğurlu layihələrlə gələcək.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonrakı müddətdə Türkiyə-Azərbaycan əlaqələrində müşahidə olunan mənəvi, humanitar, siyasi-hərbi, iqtisadi-ticari sahələrdə əməkdaşlıq meylləri, belə görünür ki, yönünü dəyişmək üzrədir.

Ancaq Ankara-Bakı iqtisadi əməkdaşlığının strateji önəmi artmaqda ikən, təhlilçilər hesab edir ki, iki ölkə arasında hələ də həll olunmamış problemlər var.

"Bölgədə hüzur"

Şuranın ötən ilin oktyabrında keçirilmiş ilk toplantısından sonrakı müddətdə Azərbaycan öz neftinin Türkiyə üzərindən tranziti ilə bağlı PETKİM şirkətinə ortaq oldu, Trans Anadolu təbii qaz kəməri -TANAP müqaviləsi imzalandı və bir neçə nəhəng layihə gerçəkləşdirildi.

"Türkiyə və Azərbaycanın həmrəyliyi bölgədə sabitlik və hüzurun artırılmasına öz töhfəsini verir ki, bundan da iqtisadiyyat güclənir", - Türkiyə parlamentinin Ədalət və İnkişaf Partiyasından olan üzvü Mustafa Kabakçı BBC Azərbaycancaya deyib.

"Bölgədə hüzur və sabitlik gücləndiyi zaman istehsal da artır. Hüzurun olduğu yerdə həm istehsal, həm məşğulluq olar. İnsanlar savaşma ilə deyil, istehsal edərək, istehsal etdiyini bir-biri ilə paylaşaraq yola davam etməlidirlər... Bölgədəki hədəfimiz Şimali Qafqazda sülh və sabitlik pozulmadan problemlərin həllinə nail olmaqdır ", - Kabakçı deyir.

Türkiyə Böyük Millət Məclisinin Azərbaycan kökənli üzvü, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin - TürkSAM-ın rəhbəri Sinan Oğan BBC Azərbaycancaya müsahibəsində deyib ki, iki ölkə mövcud potensialindan tam istifadə etməyib. Cənab Oğan YSATSTŞ-nin fəaliyyətinin mövcud potensialın dəyərləndirilərək istifadə oluması baxımından önəmli sayır.

"Türkiyənin Azərbaycanla əlaqələri digər ölkələr kimi deyil. Əgər 1990-cı illərin əvvəllərində türk iş adamları Azərbaycana sərmayə yatırımı edirdilərsə, indi Azərbaycan Türkiyənin iqtisadiyyatında mühüm rol oynamağa başlayıb. ARDNŞ "Star" neftayırma zavodunu almaqla Türkiyə iqtisadiyyatına birdəfəyə qoyulmuş ən iri yatırıma imza atdı. Türkiyənin PETKIM kimi stratejik anlamlı şirkətini aldi. Gələcəkdə Türkiyənin daha böyük layihələrində Azərbaycanın imzası olacaq ki, bununla da Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı daha cox anlam qazanmış olacaq", - deyə Sinan Oğan bildirib.

Ramil Səfərov məsələsi

Türkiyə-Azərbaycan yüksək səviyyəli danışıqları regionun qeyri-stabil dövründə reallaşır ki, bu da çox güman ki, Ərdoğan-Əliyev danışıqlarından və şuranın gündəliyindən yan keçməyəcək.

Sinan Oğanın fikrincə, Suriyanın durumu göz önündədir və İranda da buna bənzər hadisələrin cərəyan edəcəyi ehtimalı var.

"Bundan başqa, Ermənistanın Suriyadan qaçan erməniləri Dağlıq Qarabağda məskunlaşdırması xəbərləri yer almaqdadır. Ramil Səfərovla bağlı Azərbaycanın atdığı addımlar və səslənən bəyanatlar bölgədə yenidən savaş ehtimallarını ortaya cıxarır. Belə bir ortamda iki siyasi liderin danışıqları daha çox önəm və anlam qazanır", - Sinan Oğan deyib.

Problemlər

İqtisadi-siyasi əlaqələr hər nə qədər yüksək səviyyəli olsa da, problemlər də hətta az deyil.

Azərbaycanla bağlı məsələlərə yaxından bələd olan jurnalist Əli Doğan deyir ki, Türkiyə ilə Azərbaycan arasındakı ən önəmli problem Azərbaycan rəhbərliyinin Türkiyəyə qarşı inamının sarsılmasıdır.

"Bunun səbəbi də Türkiyənin Ermənistanla apardığı danışıqları Azərbaycandan gizlətməsi və Azərbaycana yalan söyləməsidir. Bu inamsızlıq hələ də davam edir. Bundan başqa, Suriya hadisələrində Türkiyənin sünni-şiə məsələsini qabartması Azərbaycanda Türkiyəyə qarşı inamsızlıq yaradır.

Eləcə də Bakıdakı Şəhidlik Məscidinin açılmaması da Türkiyədə Azərbaycana qarşı şübhələri artıran məsələdir", - jurnalist BBC Azərbaycancaya bildirib.

Viza rejimi

Türkiyə hokumətinin Azərbaycanla viza rejimini qaldırmasına baxmayaraq, Azərbaycanın Türkiyə ilə viza rejimini davam etdirməsi də Türkiyədə problemlər sırasında dəyərləndirilir.

Hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili Mustafa Kabakçı deyir ki, Türkiyə problemləri qabartmağın tərəfdarı olmasa da, Azərbaycanın viza rejimini hələ də davam etdirməsini anlaya bilmir.

Jurnasit Əli Doğanın fikrincə isə, Azərbaycanın viza rejimini davam etdirməkdə israrı normaldır. "Azərbaycan viza rejimini aradan qaldırdığı zaman PKK tərəfdarlarının axını ilə üzləşəcəyindən narahatdır. Amma belə bir vəziyyətdə Azərbaycan viza rejimini davam etdirdiyi müddətdə məhdud çərçivəli siyahı ilə, məsələn, iş adamlarına, jurnalistlərə münasibətdə vizasız rejimi tətbiq etməkdən vaz keçə bilər", - Əli Doğan deyib.

İlhamə Qasımlı
BBC Azərbaycanca

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü