Modern.az

Azərbaycan-Türkiyə münasibətləri tarixin ən qürurverici günlərini yaşayır

Azərbaycan-Türkiyə münasibətləri tarixin ən qürurverici günlərini yaşayır

Parlament

7 Avqust 2021, 15:35

Azərbaycan-Türkiyə münasibətləri tarixin ən gözəl, qürurverici və minillər boyu xatırlanacaq günlərini yaşayır. İki qardaş ölkənin vətəndaşlarının bir-birinə olan sevgisini, ən çətin anlarda köməyə yetməyə can atdıqlarını görəndə sevinməyə bilmirsən. Bu münasibət həm də insanlığın, haqqın, ədalətin yanında olmaq qeyrətinin nümunəsidir.

 

Bunu Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat bildirib ki, Türkiyənin çətin sınaq qarşısında qaldığı, bəşər tarixinin ən böyük fəlakətlərindən biri ilə, namərd insan əlinin “məhsulu” olan meşə yanğınlarıyla mücadilə apardığı bir zamanda Azərbaycandan qardaş ölkəyə yardıma gedən yanğınsöndürən və xilasedicilərin fədarkarlıq nümayiş etdirmələri hər bir həmvətənimizi fərəhləndirir:

 

“Türkiyəli qardaş və bacılarımızın da Azərbaycandan yanğınla mücadilə üçün gələnlərə necə böyük sevgiylə yanaşdıqlarını görürük. Bu sevgi, bu həmrəylik, şübhəsiz ki, hər iki dövlətin gələcəyinə daha böyük ümidlərlə yanaşmağa imkan verir”.

 

O qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin telefon söhbəti zamanı hər iki liderin bir-birinə qarşılıqlı dəstəyini ifadə etməsi dövlətlərimizin strateji müttəfiqlik xarakteri daşıyan münasibətlərinin əsasında, eyni zamanda möhkəm siyasi iradənin, qarşılıqlı etimadın dayandığını sübuta yetirir:

 

“Məlum olduğu kimi, Prezident İlham Əliyev qardaş ölkənin lideri ilə telefon söhbətində yanğınların söndürülməsində Azərbaycanın dəstəyinin davam edəcəyini, bu məqsədlə Türkiyəyə yeni texnikanın və daha 200 nəfər peşəkar yanğınsöndürənin göndəriləcəyini bildirib və artıq Azərbaycandan göndərilən texnika və yanğınsöndürənlər Türkiyədə yanğınların söndürülməsinə başlayıblar. Digər tərəfdən, dövlət başçılarının telefon söhbətində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan da söz açılıb və qeyd olunub ki, ordumuz bu təxribatlara layiqli cavab verir. Prezident Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Bütün bunlar, şübhəsiz ki, iki qardaş ölkə arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu, həmçinin Türkiyənin qayğılarının Azərbaycan, Azərbaycanın qayğılarının isə Türkiyə üçün prioritet təşkil etdiyini nümayiş etdirir. Bu həm də o deməkdir ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət strategiyası” öz hədəfinə varıb və Azərbaycanla Türkiyənin timsalında regionda sülhün, əminamanlığın, təhlükəsizliyin təmin olunmasına xidmət edən güc və ədalət platforması formalaşıb”.

 

 
 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü