Modern.az

ADU-da beynəlxalq simpozium keçirildi - FOTOLAR

ADU-da beynəlxalq simpozium keçirildi - FOTOLAR

Aktual

7 Noyabr 2012, 12:57

Bu gün  Azərbaycan Dillər Universitetində (ADU)  “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik  ənənəsi- QARDAŞ KÖMƏYİ” adlı Beynəlxalq Simpozium keçirildi.  Açılış mərasimində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan- Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Nizami Cəfərov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir İsmail Alper Coşkun, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq qrupunun rəhbəri Necdet Ünüvar,  Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serdar Çamın rəhbərlik etdiyi nümayəndə heyəti, bir sıra dövlət qurumlarının,  Azərbaycan Gəncliyə Yardım Fondunun, QHT-lərin və Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri iştirak edirdi.

Simpoziumda Azərbaycan- Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov tədbirin əhəmiyyətindən danışdı.  N.Cəfərov bildirdi ki, simpoziumda Azərbaycan-Türkiyə arasında olan qardaşlıq münasibətlərinin tarixinə nəzər salınacaq və bu əlaqələrin ölkələr arasında olan münasibətlərin inkişafında rolundan söz açılacaq.  

Millət vəkili həmçinin vurğuladı ki, simpozium çərçivəsində TİKA-nın dəstəyi ilə nəşr edilmiş  “Qardaş köməyi” adlı kitabının  təqdimatı keçiriləcək.  Kitabda  iki qardaş ölkə arasında olan münasbətlərin tarixindən, xeyriyyəçilik  və yardımlaşma ənənlərindən bəhs edilir.  N. Cəfərov kitabın ilk dəfə Azərbaycanda nəşr edildiyini də sözlərinə əlavə etdi. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov  rəhbərlik etdiyi universitetin beynəlxalq simpoziuma ev sahibliyi etməsindən məmnunluğunu ifadə etdi.  TİKA ilə olan əməkdaşlıqdan söz açan S. Seyidov ADU-da   Sinxron Tərcümə Laboratoriyasının istifadəyə verildiyini simpozium iştirakçılarının diqqətinə çatdırdı. Türkiyə Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini deyən  S.Seyidov  bu əlaqələrin günü-gündən yüksək səviyyəyə çatdığını qeyd etdi. Rektor  qardaş xalqların çətin sınaq anında həmişə bir-birinə dayaq olduğunu dedi: “Birgə fəaliyyətimiz gücümüzü, niyyətimizi ortaya qoyur. Nə qədər Türkiyə Azərbaycan qardaşlığı var, Türkiyə Azərbaycanın yanında, Azərbaycan da Türkiyənin yanındadır, Türk milləti basılmaz”. Türkiyə-Azərbaycan Dostluq qrupunun rəhbəri Necdet Ünüvar isə çıxışında rəhbərlik etdiyi qrupun fəaliyyətindən danışdı.  Türkiyə və Azərbaycanın bir dost deyil, həm də qardaş olduğunu diqqətə çatdırdı. Tarixə istinad edən N. Ünüvar ölkələrin həmişə bir-birinə  dəstək verdiyini vurğuladı.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi Halup İpək də çıxışında ölkələr arasında olan strateji əməkdaşlıqdan, qardaş münasibətlərindən danışdı. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Azərbaycanın yüksələn xəttə üzrə inkişaf etdiyini və türk xalqının bundan məmnun olduğunu bildirdi. İsmail Alper Coşkun hər iki ölkə arasında davam edən qardaşlıq və birlik münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.  TİKA-nın prezidenti Serdar Çam isə çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açdı. O, bildirdi ki, TİKA-nın həyata keçirdiyi layihələr də ən çox pay Orta Asiya və Cənubi Qafqaza düşür: “TİKA bu regionda yerləşən türkdilli ölkələrdə bir sıra önəmli layihələr həyata keçirir.  Burada yerləşən ölkələrdə fəaliyyətimizi iki dəfə artırmışıq. Bu ölkələr bizim qürur mənbəyimizdir”. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Azərbaycan-Türkiyə arasında olan münasibətlərin uzun illərin sınağından çıxmış bir qardaşlıq olduğunu vurğuladı. Vaxtilə Azərbaycanda nəşr olunan bu kitabın Türkiyədə yenidən işıq üzü görməsinin sevindirici hal olduğunu bildirdi.   Hər iki ölkəni mənəvi və ədəbi dəyərlərin birləşdirdiyini deyən xalq yazıçısı bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu qeyd etdi. Sonra simpozium bölmələrdə öz işini davam etdirdi.



Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı