Modern.az

“525” – doğma ünvan...

“525” – doğma ünvan...

Aktual

18 Noyabr 2012, 18:28

İlhamə Qasımlı,
Ankara, 
[email protected]


1997-ci ilin avqustu idi. Mən “525”ə ilk dəfə ayaq basdım. Orda çalışmaq, həm də muvəqqəti çalışmaq üçün. Ona görə müvəqqəti ki, o dövrün populyar qəzetlərindən olan “Hürriyyət”də təsisçi ilə baş redaktor arasında olan şəxsi problemlərə görə bu qəzetin kollektivi istefa edəndən sonra uşaqların çoxu hərə bir yerdə özünə iş axtarırdı.

Hara gedəcəyimə qərar verməkdə çətinlik çəkən mənsə, düşündüm ki, müvəqqəti “525”ə gəlim. Burda dostum Kamil Həmzəoğlu çalışır, bir müddət, daha uyğun bir iş yeri tapana qədər burda vaxt keçirim.

Redaksiyaya gələndə fikrimi Kamilə dedim, o, Azərbaycan mətbuatının ən peşəkar redaktorlarından olan Yusifə (Rzayev), Yusifsə Rəşad Məcidə. Sonuncu, heç, mənimlə görüşmədən “işə başlasın” dedi. Yəqin ki, “525”in tarixində baş redaktorun görüşmədən işə götürdüyü yeganə adam mənəm. O vaxta qədər olan 1-2 maraqlı reportajım belə bir etimad görməyimə kömək eləmişdi.

Mən “525”də çalışa-çalışa hər gün burda müvəqqəti olduğuma özümü inandırmışdım. Əvvəllər daimi oxucusu olduğum bir qəzet deyildi deyə, onu özümə yaxın hiss edə bilmirdim.

Rəşad müəllimlə ilk tanışlığım kompyüter otağında olmuşdu. Yazını kompyüter yığıcısına diqtə etdiyim vaxt otaqda cüssəli bir nəfər mənə yaxınlaşıb bu qəzetin baş redaktoru Rəşad Məcid olduğunu bildirdi və barəmdə 1-2  xoş söz dedikdən sonra uğurlar arzulayıb otaqdan çıxdı.

Türklər təsirləndikləri bir şeyə “elektrik aldım” deyirlər. “525”dən elektrik aldığım ilk an, bax, onda oldu. Redaksiyanın rəhbəri özünə münasibətdə heç bir rəsmi hərəkətlər tələb etmədən özü əməkdaşla tanış olurdu.

Kompyüter otağında özümdən başqa bir yeni əməkdaşı da gördüm. Çox gənc idi, olsa-olsa 16-17 yaşı vardi. Tanış oldum – Aydın idi adı. Hansısa mətni kompyüterdə yığırdı. Klaviaturada hər hərfi tək-tək axtarmağından hiss olnurdu ki, kompyüter arxasında ilk dəfə oturur. Köməyimi təklif elədim – dedi yox, öyrənmək istəyirəm. Aydın qəzetə texniki işçi kimi gəlmişdi, sonra fotoqraf da oldu, müxbir də. Qəzetçiliyin həm texniki, həm yaradıcılıq sahələrində sıfırdan başlayıb öyrəndi. Öyrənə-öyrənə mətbuatda imzasını təsdiqləyən bir jurnalist oldu. Aydın Bağırov indi ölkənin aparıcı futbol saytı olan “Qol.az”ın baş redaktorudur.  

“525” hamıya öyrədir.
“525”də işləyən və öyrənmək istəyən hər kəs öyrənir.

***
İndi Azərbaycandan uzaqdayam. Bu yay Bakıda olanda “525”ə də getmişdim.
 
Redaksiyada köhnə uşaqlarımızdan çox az qalmışdı – Yusif, Yaşar Əliyev, Aydın, Seyfəddin Hüseynli və mənim “525”də işlədiyim son illərdə gələn İsgəndərlə Miri, Mirhacib Məcid.

Yenilər çox az idi. Halbuki vaxt vardı “525”də qarışqa kimi hərə bir yana qaçardı.

Rəşad müəllimlə nostalji söhbət elədik. Bir az hirslə, bir az da təəssüflə dedi, kimi gətirib yetişdiririksə, mətbuat xidmətləri, agentliklər, televiziyalar bir az yüksək maaşla aparır.

Dövlət qurumlarının mətbuat xidmətlərində nə qədər “525”çi var. Vergilər, Rabitə, İqtisadi inkişaf nazirlikləri kimi dövlət qurumlarının mətbuat xidməti “525”də təcrübə qazanmış əməkdaşları işə dəvət edib. “525” məsul dövlət vəzifələri üçün də dəyərli peşəkarlar yetişdirib. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini, Azərbaycanın ən savadlı din mütəxəssislərindən olan Gündüz İsmayılov işgüzar həyata məhz “525”dən başlayıb. Dini Komitəyə də elə “525”dən transfer edib.

“525”də redaktorların tədbirlərindən xəbər yazmaqçün göndərdiyi gənc jurnalistlər qısa müddət sonra informasiya agentliklərinə, televiziyalara, jurnallara dəvət alıb həmin qurumun aparıcı əməkdaşları olublar.

Müvəqqəti gəldiyim “525”ə elə möhkəm bağlandım ki, bundan sonra istəsəm belə, qopara bilmirəm özümdən. Düz 12 il “525”də işlədim. “525” mənim mənəvi ailəm oldu. Bu ailədə elə dəyərli dostlar qazandım ki, onlarla özümü arxalı və zəngin hesab edirəm. İşə bir bax ki, “525”in 10 illiyini birlikdə qeyd etdiyimiz bizlər indi fərqli ölkələrdə, fərqli iş yerlərindəyik. Amma yenə də “525”çilər kimi bir-birimizlə əlaqələrimizi qırmırıq. İnternet bir dünya, facebook isə mənimçün virtual vətəndir. Bu günlərdə facebook-da köhnə “525”çilər duyğusal, nostalji söhbətlərlə o günləri xatırladıq.

Gündüz İsmayılov Gündüz Kamiloğlu imzası ilə 525-də sıravi müxbirlikdən başlayıb ölkənin nüfuzlu ilahiyyatçısı, daha sonra isə dövlətin dini siyasətini yürüdən nüfuzlu insanların cərgəsinə keçdi. Gələcək həyat yoldaşı Aysellə də elə burda tanış olub evləndi. “525-ci qəzet”in mənim həm ailə, həm də iş həyatımda böyük rolu və yeri olub. Buna görə “525”ə həmişə minnətdar olacağam. Harada və hansı işdə çalışmağımdan asılı olmayaraq, “525” mənimlədir – sözün bütün mənalarında", deyir Gündüz İsmayılov.

Bir vaxtlar “525”də yumoristik “525+1” səhifəsinin həmmüəlliflərindən olan, sonralar qəzetin xəbərlərinə məsul Kamran Həsənovun da ilk iş yeri “525” olub. Prezident Aparatı ictimai-siyasi şöbənin məsləhətçisi olan Kamran “525”in dəyərli əməkdaşlarından idi. 

“İnsanın həyatında müəyyən mərhələ, yaş dövrü var ki, gələcək həyatın və karyeran üçün lazım olan hər şeyi həmin dövrdə öyrənirsən, lazımi təcrübəni həmin dövrdə qazanırsan. O mərhələ keçəndən sonra artıq gecdir. Və mənim bəxtim gətirib ki, həyatımın həmin mərhələsini “525”də keçdim. Bu mənim üçün unudulmaz bir məktəb oldu və bu “məktəb”i tikib-quranlar da, orada “dərs deyənlər” də mənim üçün doğma insanlardır”, deyir Kamran.

İndi ANS-in redaktoru olan Azadə Balayeva “525”in yetişdirdiyi jurnalistlərdən olmasa da, televiziyaya dəvət olunmasında “525”dəki fəaliyyətinin xüsusi rolu olub. “525” jurnalistika fəaliyyətimdə ata evimdir” deyir. “Bu qəzetdə mən sözün bütün mənalarında azad idim. İstər yaradıcılıq – mövzu seçimləri,  materialların hazırlanması prinsipləri, istərsə də,  iş qrafiki baxımından. “525” Rəşad Məcidin rəhbərliyində gözəl, mehriban bir ailə idi mənim aləmimdə. Orada işlədiyim müddət ərzində Rəşad müəllimin bir işimizə qarışdığını görmədim. “525”in redaksiyası bu gün də mənim üçün doğma bir yer, oradakı insanlar da istənilən çətin anlarımda heç bir tərəddüd etmədən üz tuta biləcəyim doğma insanlardır”.

Telejurnalist Samir Paşayev: “525-ci qəzet” mənim ilk iş yerim və mətbuatda ilk addımlarımı atdığım məkan olub. Əvvəllər qəzet mənə yazılarımın dərc olunduğu səhifələri ilə, məqalənin sonunda adımın yazılması ilə doğma idi. Amma sonralar, hətta qəzetdən, ümumiyyətlə, qəzetçilikdən uzaqlaşandan sonra onun mənim üçün daha böyük önəmini anlamağa başladım – “525-ci qəzet” məni ictimailəşdirib, fərd çərçivəsindən çıxarıb. “525”dən başlayan mətbuat təcrübəm vəzifəli-vəzifəsiz insanlarla komplekssiz ünsiyyət qurmağı öyrədib. Halbuki belə ünsiyyət qabiliyyəti bizim bəzi tanınmış ziyalılarımızda, siyasətçilərimizdə, rəsmilərimizdə yoxdur. 

Mətbuat tramplindir – həm düşüncələr üçün, həm karyera üçün. “525-ci qəzet” isə çox elastik tramplindir – 20 ildir elastikliyini saxlayır. İndi Azərbaycanda bəlkə də elə bir sahə tapılmaz ki, orda çalışan nüfuzlu insanlar arasında “525-ci qəzet”də işləyən, bu qəzetlə əməkdaşlıq edən olmasın”. 

***
1999-cu ildə “525”ə gənc bir oğlan gəlmişdi. “525”in ən çətin vaxtları idi. Əməkdaşların bir çoxu işdən uzaqlaşsa da, o, həvəsdən düşmədən işlədi. İşlədi və əməyinin bəhrəsini gördü – mətbuata Zabil Müqabiloğlu imzasını tanıtdı. Artıq “Gunxeber.com” saytını yaradıb, ona rəhbərlik edir. Deyir, “hər bir insanın həyatında ilk sevgi deyilən və heç vaxt unudulmayan bir sevgi olduğu kimi, “525-ci qəzet” də jurnalistikada mənim ilk sevgimdir. Bu qəzetdən sonra başqa yerlərdə işləsəm də, hazırda özüm bir mətbuat orqanına rəhbərlik eləsəm də, tam səmimi deyirəm ki, indi də özümü “525”in bir sıravi əməkdaşı kimi hiss edirəm, hər zaman ora doğma bir yer kimi, ata ocağı kimi baxıram”. 

***

...“525”in 10 illik yubileyinə redaksiyada çox qısa müddətdə çalışanlar belə dəvət olunmuşdular. O zaman mənim təmsil olunduğum mənəvi ailəm də mövcud idi. Sonralar böyük əksəriyyətimiz müxtəlif səbəblərdən “525”dən uzaqlaşdıq. Könül Xəlilova Dövlət Neft Fonduna, ordan isə dünyanın xəbər nəhənglərindən olan BBC-yə, Kamran Həsənov Prezident Aparatına, mən ailə qurub Ankaraya, Zəminə Əliqızı təhsil sistemində məsul vəzifəyə, Sevda Sultanova kino tənqidçiliyinə, Qalib Toğrul İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədrliyinə getdik. “525”dən incidiyimiz anlar da olub, yorulub bezdiyimiz anlar da. Amma bərabər çalışmağımızdan sevindiyimiz, dostluğumuzdan zövq aldığımız anlar daha çox olub. İndi “525” fiziki və ya mənəvi baxımdan bizimlə olmasa da, əsas odur ki, biz bir-birimiz üçün varıq və hər zaman var olacağıq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı