Modern.az

Bakıda növbəti muğam müsabiqəsi

Bakıda növbəti muğam müsabiqəsi

Aktual

12 Fevral 2013, 16:18


Martın 15-18-də Bakıda “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı – 2013 çərçivəsində Muğamın Solo və İnstrumental İfaları üzrə Müsabiqə keçiriləcək. Modern.az xəbər verir ki, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə keçiriləcək müsabiqənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyasıdır.

Layihənin əsas dəstəkçiləri adından YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclis üzvü Mehriban xanım Əliyeva iştirakçılara indidən müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Əziz festival iştirakçıları!

2005-ci il avqust ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və YUNESKO-nun Baş direktoru Koiçiro Matsuura Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimində Mərkəzin muğam sənətini qorumaqla və inkişaf etdirməklə fəxr edən insanları dünyanın bütün ölkələrindən cəlb edəcəyinə əminliklərini ifadə etmişdilər. 

Mərkəzdə ənənəvi olaraq “Muğam aləmi” Beynəlxalq musiqi festivalı keçirilir. Müxtəlif ölkələrdən olan qonaqlar 2013-cü il mart 11-19 tarixlərində növbəti festivalda iştirak edəcəklər. Əminəm ki, bu günlər ərzində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsinin qaliblərinin çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək festival proqramını həm rəngarəng, həm də yaddaqalan edəcəkdir.

Ümid edirəm ki, muğam sahəsinin tədqiqatçılarını və musiqiçilərini bir araya gətirən festival bəşəriyyətin qeyri-maddi irsi sayılan bu şah əsərinə güclü dəstək olacaq və mədəniyyətlərarası dialoqun təbliğinə öz töhfəsini verəcəkdir”.

Müsabiqə təşkilatçılarının verdiyi ümumi məlumatda deyilir ki, Şərq xalqlarının ənənəvi musiqisinin özünəməxsus növlərinin, o cümlədən Azərbaycan Muğamının qorunması və inkişafı ümumdünya miqyasında diqqət mərkəzinə çəkilb. YUNESKO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası potensiala malik olduğunu sübut edir. Tədbirin əsas məqsədi “Makam” anlayışına şamil edilən (Azərbaycanda “muğam” adını daşıyan) bir-biri ilə sıx qohumluq əlaqəsində olan musiqi sənəti nümunələrinin hazırkı vəziyyəti haqqında daim yeniləşən məlumatların toplanmasına, müxtəlif müasir etnik-regional mədəniyyətlər arasındakı tarixi əlaqələrin daha geniş inkişafına nail olunmasına, ənənəvi musiqini təbliğ edən musiqiçilər arasında fəal yaradıcılıq üçün əməkdaşlığa şərait yaradılmasıdır.

“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı – 2013 çərçivəsində Muğamın Solo və İnstrumental İfaları üzrə Müsabiqə ilkin seçim mərhələsindən və əsas mərhələdən ibarətdir.

İlkin seçim mərhələsi sənədlərə və ifaların səs yazılarına əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir. Seçilmiş iştirakçılar Bakıdakı müsabiqədə açıq çıxış üçün dəvət olunurlar.

Müxtəlif ölkələrdən dəvət olunmuş ənənəvi musiqinin görkəmli biliciləri – musiqiçilər, tədqiqatçılar və musiqinin təbliği ilə məşğul olan mütəxəssislər müsabiqəyə hakimlik etmək üçün münsiflər heyətinin işinə cəlb ediləcəklər.

Hər bir müsabiqə iştirakçısı təxminən 30 dəqiqə vaxt çərçivəsində hər hansı bir ənənəvi musiqi mədəniyyətinin zənginliyi və daxili rəngarəngliyini əks etdirən proqram təqdim etməli və təmsil etdiyi musiqi ənənəsinin xüsusiyyətlərini dinləyicilərə ən cəzbedici və aydın şəkildə çatdırılmasına səy göstərməlidir. Çıxış üçün ayrılmış vaxt çərçivəsində (30 dəqiqə) əlavə vasitələrdən – çap və audiovizual media vasitələrindən, səhnə quruluşu elementlərindən və s. istifadəyə icazə verilir.

Hər bir əcnəbi iştirakçı üçün mütləq tapşırıq – ənənəvi Azərbaycan muğam repertuarından təklif olunan iki musiqi parçasından (Bayatı Şiraz muğamı və ya Qarabağ Şikəstəsi) birinin elementlərindən yaradıcı tərzdə istifadə etməkdir (bu, yeni variantın bəstələnməsi, improvizasiya, başqa bir musiqi kompozisiyasına qoşma və s. şəkildə təqdim edilə bilər). Nümunələrin yazıları www.mugam.az  saytında yerləşdiriləcək.

Azərbaycandan olan iştirakçı yuxarıdakı mütləq tapşırığı muğam mədəniyyətinə aid olan yalnız əcnəbi musiqi nümunəsi əsasında yerinə yetirməlidir. Bu musiqi nümunəsi əcnəbi ərizəçilərin göndərdiyi audio yazılar içərisindən seçilərək Təşkilat Komitəsi tərəfindən Azərbaycanı təmsil edən iştirakçıya təqdim edilir.

Seçim mərhələsi ərizəçilərin göndərdiyi sənədlər və DVD və ya digər video daşıyıcılara yazılmış ifaya əsasən həyata keçiriləcək. Bu mərhələnin nəticələri ərizəçiyə 2013-cü il 1 mart tarixinədək göndəriləcək.

Müsabiqənin mükafat fondu böyükdür: Grand Prix –  20 min avro (€), birinci yer – 15 min avro, ikinci yer – 10 min avro, üçüncü yer – 5 min avro.

Mükafatlar Müsabiqənin Bağlanış Tədbirində təqdim ediləcək.

Təşkilatçılar martın 18-də axşam Bakıda qaliblərin Yekun Qala-Konsertini təşkil edəcəklər.

Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir