Modern.az

Deputatdan təklif: “Qanun köhnəlib, dəyişmək lazımdır”

Deputatdan  təklif: “Qanun köhnəlib, dəyişmək lazımdır”

Təhsil

4 Mart 2013, 16:03

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesabat seçki konfransı keçirilib. Modern.az xəbər verir ki, konfransda AQC-nin sədri İbrahim Quliyevin ötən dövr ərzindəki fəaliyyəti barədə məruzəsi, təftiş komissiyasının məruzəsi və digər məruzələr ətrafında çıxışlar olub. Azərbaycanda Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil hüquqi və fiziki şəxslərin, müxtəlif qeyri-hökumət təşkilatlarının, sahibkarların, sığorta və bank işçilərinin iştirak etdiyi həmin tədbirdə AQC-nin yeni tərkibi seçilib. Keçirilən səs vermə nəticəsində 19 nəfər İdarə heyətinə seçilib. Digər səs vermə ilə təftiş komissiyasının üzvlərinin sayı 5 nəfər müəyyənləşib. AQC-nin sədrinin seçilməsi isə ayrıca olaraq İdarə heyətinin toplantısında müəyyən olunacaq.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı bildirib ki, AQC qiymətləndirmə fəaliyyətində ciddi dəyişikliklərin edilməsini vacib sayır. Fəxri sədrin sözlərinə görə, bura qiymətləndiricilərin məcburi sertifikatlaşdırılması, onların fəaliyyətinin sığortalanması və qiymətləndiricilər şurasının yaradılması aiddir. “Azərbaycanda 1998-ci ildə qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun müasir dövrün tələblərinə cavab vermir. Rusiyada bu qanun Azərbaycandan 8 ay sonra qəbul olunub. Amma qonşu ölkədə bu qanuna 14 dəfə əsaslı dəyişikliklər edilib. Azərbaycanda bu qanunun qəbulundan 15 il keçir. Bu müddət ərzində tələb və təkliflərin dəyişilməsinə baxmayaraq, qanunda heç bir dəyişiklik edilməyib. Yaranmış vəziyyət qiymətləndirmə fəaliyyətində müxtəlif problemlərə səbəb olmaqla yanaşı, əmlakın düzgün qiymətləndirilməməsi, əmlak vergisinin də düzgün hesablanıb tutulmasına mane olur və büdcə gəlirlərinə təsir edir”.

X. Kazımlı qeyd edib ki, vəziyyəti dəyişmək üçün AQC tərəfindən bu qanunun yeni versiyası hazırlanıb və Milli Məclisin komitələrində bir neçə dəfə müzakirə olunub. “Ümidvarıq, bu sənəd parlamentin növbəti sessiyalarında müzakirəyə çıxarılıb qəbul olunacaq. Qanun layihəsindəki əsas yeniliklər qiymətləndiricilərin məcburi sertifikatlaşdırılması, qiymətləndiricilərin fəaliyyətinin sığortalanması və qiymətləndiricilər şurasının yaradılmasıdır. Layihədə qiymətləndiricilərin imtahan verərək sertifikat alması və müxtəlif sahələr üzrə ixtisaslaşdırılması nəzərdə tutulur. Məsələn, təbii sərvətlər, daşınan və daşınmaz əmlak, zinət əşyaları və s. üzrə qiymətləndiricilər ayrıca olmalıdır. Layihədə qiymətləndiricilərin fəaliyyətinin sığortalanması və bunun üçün AQC üzvlərinin iştirakı ilə xüsusi fondun yaradılması da nəzərdə tutulub. Bu mexanizm qiymətləndirilmənin düzgün aparılmadığı təqdirdə ortaya çıxan problemlərin aradan qaldırılmasına kömək edəcək”.

Konfransın sonunda Milli Məclisə və Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı