Modern.az

Bakı Ali Neft Məktəbində yenilik – 3-cü ixtisas açılır - FOTOLAR

Bakı Ali Neft Məktəbində yenilik – 3-cü ixtisas açılır - FOTOLAR

Aktual

12 Mart 2013, 12:13

Bu gün Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini, dilçilik  və təhsil sahəsində  əməkdaşlıq missiyasının rəhbəri Şarlot Payen Bakı Ali Neft Məktəbində olublar.

Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, ölkə başçısının 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda  Bakı Ali Neft Məktəbi yaradılıb. Ali Məktəbin  yaradılmasında  əsas məqsəd  dinamik sürətlə inkişaf edən  ölkənin sənaye müəssisələrində, habelə  artıq  transmilli şirkətə çevrilmiş ARDNŞ-nin, istər Azərbaycanda  istərsə də ölkənin hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq  layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə yiyələnmiş,yüksəkixtisaslı mütəxəssislərə  olan ehtiyacı ödəməkdir. Bakı Ali Neft Məkətbində  tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verən rektor  qeyd edib  ki,  fəaliyyətə başlamasının ilk ili olduğuna  baxmayaraq ali məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində lider olub. Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt  Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini və məzunlara 2 diplom veriləcəyini qonağın diqqətinə çatdırıb. O  “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə qəbula başlayan BANM-da bu il 3-cü- “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının açılacağını bildirib. Azərbaycan və Fransa  dövlətləri  arasında  bir çox  sahələrlə yanaşı, elm və təhsil  sahəsində də  inkişaf  edən  münasibətlərdən  danışan 
E. Qasımov  H.Əliyev Fondunun  təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə Bakıda  yaxın zamanlarda  fəaliyyət göstərəcək  “Fransız məktəbi”nin bunun bariz nümunəsi olduğunu qeyd edib. Fransa  təhsil  və tədris sisteminə  böyük maraq göstərdiyini  bildirən rektor  vurğulayıb ki,bu məqsədlə  Fransanın “Total E&P Azərbaycan” şirkəti və Fransanın məşhur  elm və təhsil  müəsissələri ilə  Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması  və inkişaf etdirilməsi  sahəsində  razılıq əldə olunub.

Səfir Paskal Mönye bildirib ki, Azərbaycan və  Fransa  arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir  Azərbaycanda ingilis dilli, beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədəmüvafiq hal olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbi  ilə“Total E&P Azərbaycan” şirkəti  arasında  yaranan əməkdaşlıqdan məmnun olduğunu  qeyd edərək, BANM-lə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə, Fransanın tanınmış İFP School (Fransa Neft Məktəbi) və  müxtəlif texniki ali məktəbləri ilə  əlaqələr qurulması üçün  gərəkən dəstəyi verməyə hazır olduğunu  bildirib.







Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü