Modern.az

Müxalifət “təcili yardım”dan niyə imtina edir?- MÖVQE

Müxalifət “təcili yardım”dan niyə imtina edir?- MÖVQE

Aktual

13 Mart 2013, 11:48

AXCP sədri Əli Kərimlinin İctimai Palatanın iclasında beynəlxalq təşkilatlardan kömək gözləməyin əhəmiyyətsiz olması barədə çıxışı birmənalı qarşılanmayıb.

Bir sıra ekspertlərin fikrincə, bu bəyanat siyasi partiyaların iş prinsipində unutduqları “xalqla işləmək” prinsipinin vacibliyinin təzahürüdür.

“Beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə həqiqəti əks etdirməyən qərarlar verirlər. Avropa Şurasında Ştrasserin məruzəsinin keçməməsi də bunu sübut edir. Hətta beynəlxalq təşkilatlar geri çəkilmə mövqeyini tuturlar”. Bu sözləri Modern.az-a açıqlamasında Müsavat başqanı İsa Qəmbərin müavini Gülağa Aslanlı beynəlxalq təşkilatların fəaliyyətini şərh edərkən deyib. 

Partiya rəsmisinin fikirncə, bu, dünyadan, beynəlxalq aləmdən Azərbaycana demokratiyaya dəstək verəcəyini əks etdirən fikirlərin bir qədər yayğınlaşmasını göstərir. “Əli Kərimlinin də çıxışı məhz bununla bağlı məsələdir. Amma bu o demək deyil ki, beynəlxalq təşkilatların Azərbaycandakı fəaliyyətinə son qoyulmalıdır. Eyni zamanda onlarla münasibətlərin kəsilməsi anlamına gəlməməlidir. Sadəcə olaraq “uman yerdən küsərlər” misalını burda xatırlatmaq yerinə düşür”-deyə vurğulayıb.

AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, Əli Kərimlinin çıxışı beynəlxalq təşkilatların tənqid olunmasına yönəli bir bəyanat deyil. “Burda söhbət ondan gedir ki, heç bir beynəlxalq təşkilat Azərbaycan xalqının yerinə mübarizə apararaq hansısa partiyanı hakimiyyətə gətirə bilməz. Azərbaycan xalqı ölkədə dəyişiklik görmək istəyirsə, bunu özü yerinə yetirməlidir. Bəzən Azərbaycanda belə bir fikir formalaşır ki, qərb dünyası başqa ölkələrdə olduğu kimi müxtəlif metodlarla hakimiyyət dəyişikliyi etməlidir. Buna isə lüzum yoxdur”.

R. Nurullayevin sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycan xalqının yerinə mübarizə aparmayacaq. “Digərlərinə bu haqda ümid bağlamaq düzgün deyil. Amma Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər də var. AXCP-nin mövqeyi odur ki, beynəlxalq təşkilatlar səlahiyyətləri çərçivəsində bu öhdəliklərdən irəli gələrək Azərbaycan hakimiyyətinə təzyiqlər etsin”-deyə vurğulayıb.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı