Modern.az

Sumqayıt çirkli şəhərdirmi?

Sumqayıt çirkli şəhərdirmi?

Aktual

12 Noyabr 2013, 15:35

və yaxud YENƏ DƏ ŞEYTAN BARMAĞI...


Bu məsələnin belə tezliklə yenidən gündəmə gələcəyini gözləmirdik. Əslində, gündəmdən tamamilə çıxarılması daha real görünürdü. Çünki bir müddət bundan öncə Sumqayıtın dünyanın 10 ən çirkli şəhərlərindən biri olması ilə bağlı müxtəlif internet saytlarında dezinformasiyalar getmiş və bu məsələlərə aydınlıq gətirmək, yanlışlığı aradan qaldırmaq üçün “Azərikimya” İstehsalat Birliyi tərəfindən müəyyən addımlar atılmış, məsul qurumlar tərəfindən təkzib verilməsinə nail olunmuşdu. Bu təkzib də həm rus, həm də Azərbaycan dilində bir çox internet saytlarında yerləşdirilmişdi. Bununla da hər şeyin öz yerini aldığını zənn edirdik. Çünki bu yazıda (təkzibdə) bütün məsələlər təfərrüatı ilə öz aydınlığına qovuşmuşdu. Bununla belə, oxuya bilməyənlər üçün də aydın olsun deyə, internet saytlarında yerləşdirilmiş “Blacksmith İnstitutu Sumqayıtla bağlı məsələyə aydınlıq gətirdi”  başlıqlı təkzibi oxuculara təqdim etməklə başlamaq istəyirəm yazıma:

“Son vaxtlar bəzi kütləvi informasiya vasitələri, informasiya agentlikləri və xəbər portalları heç bir əsas olmadan, real faktlara söykənmədən ABŞ-ın Blacksmith İnstitutunun 2007-ci ildəki hesabatında dərc etdirdiyi qeyri-obyektiv məlumata istinad edərək, Sumqayıtın dünyanın ən çirkli şəhərlərindən biri olması barədə dezinformasiya yaymaqda davam edirlər.

İnformasiya agentliklərinin daha çox istinad etdikləri mənbə “Çirklənmə və Sağlamlıq” Qlobal Alyansının üzvü, ölkələrdə ekoloji çirklənmə problemləri, xüsusi təhlükə törədən çirklənmə mənbələrinin monitorinqinin keçirilməsi, inventarlaşdırılması və təmizlənməsi ilə məşğul olan Blacksmith İnstitutu olduğu üçün bu qurumun Bakı ofisinin nümayəndəsi Rövşən Abbasovun Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı dezinformasiyaların yayılmasına, Sumqayıt haqqında bəlkə də məqsədli şəkildə yanlış təsəvvür yaradılmasına mütəxəssis müna­sibəti öyrənilərkən  məlum olmuşdur ki, bu İnstitutun 2007-ci ilə qədər nəşr olun­muş hesabatlarında şablon təkrarçılığa yol verilmiş, yeni monitorinq keçirilmədən təxminən 15-20 il əvvəlki səthi araşdırmalara istinad olunmuş, bir çox yerli və beynəlxalq informasiya agentlikləri və saytlar da şəhərin ekoloji durumu ilə bağlı yanlış məlumatları yaymaqla, dünya ictimaiyyətinin təsəvvüründə Sumqayıt haqqında həqiqətləri əks etdirməyən rəy formalaşdırmışlar.

Sumqayıtın ekoloji vəziyyətinin son 10 il ərzində xeyli yaxşılaşdığını xüsusilə vurğu­layan Rövşən Abbasov, sözügedən məsələ ilə bağlı bir müddət öncə Blacksmith İnsti­tutunun Amerikadakı Mərkəzi ofisinin rəhbərliyinə yazılı məlumat göndərildiyini bildirmiş və Nyu-York ofisindən alınmış cavabı “Azərikimya” İB-yə təqdim etmişdir.

İnstitutun Regional Proqramlar üzrə direktoru Andrew McCartorın imzası ilə göndərilmiş cavab məktubunda bildirilir ki, “Blacksmith İnstitutu Sumqayıtda olan ətraf mühit riskləri ilə bağlı hesabatını son dəfə 2007-ci ildə dərc etdirmişdir. 2007-ci ildə dərc olunan hesabat artıq köhnəlmişdir. Ona görə də Azərbaycandakı mətbu orqanların və internet saytlarının Sumqayıtın dünyanın çirkli şəhərləri sırasında öndə olması ilə bağlı yaydıqları informasiya ilə əlaqədar Blacksmith İnstitutu heç bir məsuliyyət daşımır. Həmin mətbu orqanlar bu materialı dərc edərkən həmin məlumatların ən azından 2007-ci ilə aid olduğunu qeyd etməli idilər”. 

Rövşən Abbasov Blacksmith İnstitutu tərəfindən yaxın zamanlarda Sumqayıtda monitorinq keçiriləcəyini və növbəti hesabatlarında yalnız son monitorinqin nəticələrinə əsaslanacaqlarını bildirmişdir.

Qeyd edək ki, Blacksmith İnstitutunun da daxil olduğu “Çirklənmə və Sağlamlıq” Qlobal Alyansı (“Global Alliance on Health and Pollution”) ilə “Azərikimya” İB arasında “İnsan orqanizmi üçün potensial təsirə malik toksiki çirklənmiş ərazilərin müəyyən­ləşdirilməsi və qiymətləndirilməsi Proqramı” pilot layihəsi üzrə əməkdaşlığa başlanıl­mışdır. Layihənin predmetinə uyğun olan ərazilərin müəyyənləşdirilməsi üçün “Azərikimya” İB-nin və ARDNŞ-in  Ekologiya idarəsinin mütəxəssislərindən ibarət işçi qrup yaradılmış, Birliyin “Üzvi sintez” zavodunun suötürmə məntəqəsinin  ərazisinin təmiz­lənməsi və abadlaşdırılmasının həyata keçirilməsi qərara alınmışdır. Artıq ərazidə monitorinq işləri aparılaraq, ərazinin qiymət­ləndirilməsi işləri həyata keçirilmişdir.”

(Məqamı gəlmişkən qeyd edim ki, Blacksmithin də üzvü olduğu GAHB (Global Alliance on Health and Pollution) təşkilatının maliyyə dəstəyi və yerli icma və bələ­diyyələrin iştirakı ilə Sumqayıtda Pilot layihənin gerçəkləşdirilməsi üçün artıq maliyyə vəsaiti ayrılmış və bu yaxınlarda bu layihəyə start veriləcəkdir).

Bu təkzib xarakterli informasiyadan sonra, yenidən bu məsələyə qayıtmaq bir az gülünc görünmürmü?!

Mən bir məsələni qəti əminliklə deyə bilərəm ki, son illər istər Azərbaycanda, istər Rusiya məkanında, istərsə də xarici ölkə mətbuatında Sumqayıtın ekologiyası ilə bağlı yazıların heç birində son 20 ilin həqiqətləri öz əksini tapmayıb. Sadəcə olaraq, sovetlər dönəminin iylənmiş, paslanmış informasiyaları olduğu kimi ötür-ötür oyunu ilə bir nöqtədən digər nöqtəyə ötürülərək nəşr olunmuş, bununla da Sumqayıtla bağlı əsl həqiqətlər pərdə arxasında qalmışdır.

Gəlin bir az geriyə ekskurs edək və fikirlərimizin təsdiqini tapmağa çalışaq.

Hələ illər öncəsi Avstraliya saytlarından biri Sumqayıtı 7 ölkənin 10 ən çirkli şəhəri siyahısına daxil etmiş və istinad mənbəyi kimi də Blacksmith İnstitutunu göstərmişdi. Bu məsələni araşdıranda maraqlı bir mənzərənin şahidi olduq.

Аrаşdırmаlаrımız zаmаnı məlum оldu ki, Аvstrаliyа sаytının istinаd еtdiyi Blаcksmith Institutu hеsаbаtdаkı şəkilləri və bəzi rəqəmləri “Аzеrbаijаn İntеrnаtiоnаl” jurnаlının 1994-cü ildə Sumqаyıtın еkоlоji vəziyyətinə dаir çаp еtdirdiyi məqаlədən götürüb. Mаrаqlısı оdur ki, həmin məqаlədən götürülən fаktlаrın özü də təhrif оlunub. Həttа jurnаlın rеdаktоru хаnım Bеti Blеyеr Еkоlоgiyа və Təbii Sərvətlər Nаzirliyinə göndərdiyi məktubdа оnlаrın 1994-cü ildə çаp еtdirdiyi məqаlədəki fаktlаrın Sоvеt Ittifаqı dövrünə аid оlduğunu аydıncа qеyd еdib: “1994-cü ildə Sumqаyıt bаrədə hеsаbаtı hаzırlаyаn zаmаn zаvоdlаrın əksəriyyəti işləmirdi və həmin dövrdə çirklənmə hаllаrı gözə çаrpmırdı. Biz Sоvеt vахtındа оlаn vəziyyət bаrədə yаzmışıq”.

Hеsаbаtı hаzırlаmаzdаn öncə İnstitut “Аzеrbаijаn Intеrnаtiоnаl” jurnаlının rəhbərliyindən jurnаldа çаp оlunаn şəkillərdən istifаdə оlunmаsı üçün icazə vermələrini хаhiş еdib. Bunun cаvаbındа Blеyеr institutun lаyihə kооrdinаtоru Ааdikа Sinqə göndərdiyi cavab məktubundа belə qеyd еdib: “Jurnаldа çаp оlunаn şəkillər 1994-cü ildə, yəni 13 il bundan əvvəl çəkilən və bugünkü vəziyyəti əks еtdirməyən şəkillərdir. 2007-ci il üzrə hеsаbаtdа köhnə şəkilləri əks еtdirmək məqsədəmüvаfiq оlmаdığındаn Sizə icаzə vеrə bilmərik”.

Bunа bахmаyаrаq, institut həmin şəkillərdən istifаdə еdərək hеsаbаtdа dərc еtdirib. İnstitutun 1994-cü ildə çаp оlunаn şəkilləri və Sоvеt dövründəki fаktlаrı hеsаbаtа sаlmаqlа hаnsı məqsədlər güddüyü haqlı sual döğurur və bu artıq bir az sonranın söhbətidir ki, biz sizə təqdim edəcəyik. Blеyеr bu fаktı dа institutа qаrşı ittihаmındа göstərib: “Mənim оnlаrın hеsаbаtınа şübhə ilə yаnаşmаğımın səbəbi оdur ki, оnlаr 1994-cü ildə “Аzеrbаijаn İntеrnаtiоnаl” jurnаlındа dərc еdilmiş məqаləni icаzəsiz istifаdə еdiblər və onlаr öz vеb-sаytlаrındа Sumqаyıtın prоblеmləri siyаhısındа uşаqlаrа аid оlаn hissəni bizim jurnаldаn köçürərək 2007-ci ilin məlumаtı kimi təqdim еdiblər”.

Görürsünüzmü, bir az dərinə getdikcə bir çox məsələlər öz aydınlığına qovuşur.

Yazılanlardan bir daha məlum və aydın olur ki, Blacksmith İnstitutu 2007-ci ildən bəri dünyanın çirkli şəhərləri ilə bağlı heç bir hesabat təqdim etməyib və ya edibsə də Sumqayıtın adı bu hesabatlarda öz əksini tapmayıb.

İndi qayıdaq Vesti.az saytının 5 noyabr 2013-cü il tarixində yerləşdirdiyi “Сумгайыт вновь попал в список самых загрязненных мест земли” başlıqlı yazıya.

Ola bilsin ki, dəyərli oxucular soruşarlar ki, niyə məhz «Vesti.az» saytının adı hallandı burda. Məsələ burasındadır ki, təkziblərdən sonra ilk dəfə yenidən bu məsələyə bu sayt öz səhifələrində yer verdi və sözün müstəqim mənasında digər saytlar da bundan yaxşıca «bəhrələndilər». Bununla da «Azərikimya» İstehsalat Birliyi başda olmaqla görülən bütün işlər, çəkilən bütün zəhmətlər öz əvvəlki halına, yəni sıfır nöqtəsinə qayıtmış oldu. Bu da hər şeyin yenidən başlanması deməkdir ki, bu yazıdan da gördü­yünüz kimi biz bu işlə məşğuluq. Bura əlavə vaxt itkisini, əsəb gərginliyini, Sumqayıt – Bakı - Nyu-York arası yazışmaları, məsələyə bildirilən münasibətlərin təhlilini və digər çalışmaları da əlavə etsək, bir yanlışlığın, yoxlanılmadan, araşdırılmadan verilən infor­masiyanın nələrə səbəb olduğunu aydınca görə bilərik.

Yeri gəlmişkən anlayış göstərdiklərinə, bu yanlış informasiyanın ardından – cəmi bir gün sonra «Azərikimya» İB-nin  “Институт Blacksmith ответил «Азерикимья» по поводу списка загрязненных городов, в который «попал» Сумгайыт” adlı təkzib məktubunu dərc etdirdiklərinə görə saytın rəhbərliyinə minnətdarlığımızı bildiririk. Hətta məktuba «Vesti.az» saytının baş redaktoru Mətin müəllimin cavabında bu mövzuda daha geniş, daha sanballı informasiya dərc etməyə hazır olduqları vurğulanıb.

Qayıdaq yenə də Blacksmith İnstitutuna.

İstər-istəməz adamda belə bir sual yaranır: əgər 2007-ci ildən bu yana Blacksmith İnstitutunun hesabatlarında Sumqayıtın adı çirkli şəhərlər sırasında qeyd olunmayıbsa, 2013-cü il hesabatında isə Sumqayıtda ətraf mühitin qorunması istiqamətində görülən işlərin təqdirəlayiq olması xüsusi vurğulanıbsa, necə olur ki, saytların təqdim etdikləri siya­hılarda Sumqayıtın adına yenidən rast gəlirik?

Məsələ araşdırılarkən «Azərikimya» İstehsalat Birliyinin müvafiq şöbəsi tərəfindən ARDNŞ-in Amerika nümayəndəliyinin ofisinin direktoru Rauf Məmmədova da müraciət ünvanlanmış və adı çəkilən institutla bağlı bir araşdırma aparılması xahiş olunmuşdu. Cavab məktubunda oxuyuruq: «Sizin göndərdiyiniz müraciətlə əlaqədar bildirmək istəyirəm ki, Blacksmith İnstitutunun baş ofisi Nyu-York şəhərində yerləşir və əsasən uşaqların həyatı üçün təhlükə (risk) yaradan ərazilərdə ətraf mühitin təmizlənməsi layihələrini həyata keçirən bir təşkilatdır. Təşkilat 50-yə yaxın ekoloji layihələri uğurla tamamlamış və hazırda 15 ölkədə 30 layihə həyata keçirməkdədir. Diqqətinizə çatdırmaq istəyirəm ki, apardığımız araşdırma zamanı məlum olmuşdur ki, institutun texniki məşvərət şurasının üzvlərindən biri də, ətraf mühit mütəxəssisi Robert Kurkjian adlı bir ermənidir».

Rauf Məmmədov məktubunda daha sonra yazır: “İnternet səhifələrinin istinad etdikləri hesabatlar qeyd olunan institutun 2007-ci ildə nəşr etdiyi hesabata əsas­lanır,  Blacksmith institutunun, ümumiyyətlə, qeyd olunan tarixdən etibarən Sumqayıt şəhərinin adı hallandığı yeni hesabatı dərc olunmamışdır. 2007-ci ildə nəşr olunan hesabatda isə 2003-2006-cı illərdəki, bəzən isə 1994-cü ildəki məlumatlara əsaslanılır. 

Doğulduğum və böyüdüyüm Sumqayıt şəhəri haqqında dezinformasiya xarakterli məlumatların yayılması çox məyusedici haldır. Lakin bu məlumatları yaymazdan əvvəl internet səhifələrinin jurnalistika qaydalarını gözardı edərək zəruri araşdırmaları həyata keçirməməsi daha da böyük təəssüf doğurur”.

Çox hörmətli Rauf müəllimə minnətdarlıq ifadə etməklə bildirmək istərdim ki, bu məktub bizə çox mətləbləri anlatdı. Ələlxüsus da Blacksmith İnstitutunda erməni mütəxəssisnin işləməsi faktını ortaya qoymaqla. Onu da öyrəndik ki, Robert Kurkjianın yerüstü və yeraltı su ehtiyatlarının qiymətləndirilməsi, torpağın və qrunt sularının müayinəsi, təhlükəli tullantıların idarə olunması və kompleks ekoloji tədqiqatların aparılması sahəsində 20 ildən artıq təcrübəsi var. Və bu yönümlü bütün beynəlxalq təşkilatlarla geniş əlaqələrə malik adamdır.

Elə bilirəm ki, dəyərli oxucular üçün də məsələnin hardan qaynaqlandığı yavaş-yavaş aydın olur. Erməni ola, əlinə Sumqayıt haqqında nəsə yazmaq fürsəti düşə. İndi özünüz təsəvvür edin. Anlaşılan odur ki, sözü gedən institut 2007-ci ildən bəri öz hesabatlarında Sumqayıtın adını çəkməsə də, erməni barmağı öz işini görmüş, digər qurumlara bilərəkdən və qərəzli şəkildə Sumqayıtın adı dünyanın 10 ən çirkli şəhərlərindən biri kimi ötürülmüşdür. Və artıq bir həqiqət də öz təsdiqini tapır ki, Sumqayıtın adının 2007 və ondan öncəki illərin hesabatlarına salınmasında da bu erməni mütəxəssisin “müstəsna xidmətləri” olmuşdur.

Mənə elə gəlir ki, sözün tükənən nöqtəsinə gəlib çatdıq. Bilmirəm nədənsə burada «bir dəli bir quyuya daş atdı…» məsəli yadıma düşdü.

Sonda mənim dəyərli həmkarlarıma, qələm dostlarıma bir tövsiyəm ola bilər: doğma Azərbaycanımız, bölgələrimiz, şəhərlərimiz haqqında xarici kütləvi informasiya vasitələri hər hansı bir qərəzli yazı verirsə, onu əlüstü öz saytlarımıza, qəzetlərimizin səhifələrinə çıxarmağa tələsməyək. O informasiyanı diqqətlə oxuyaq, bir az düşünək, bir az da özümüzü əziyyətə salıb araşdırma aparaq, ondan sonra saytlarımızda yerləşdirilib-yerləşdirilməməsi haqqında qərar qəbul edək. Çünki torpağı üzərində gəzdiyimiz, havasını udduğumuz, suyunu içdiyimiz, çörəyini yediyimiz bu məmləkət bizim doğma vətənimiz  Azərbaycandır.

Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı