Modern.az

Eldar İbrahimov: “Bu yaşımda Vətən uğrunda şəhid olmağa hazıram" - MÜSAHİBƏ

Eldar İbrahimov: “Bu yaşımda Vətən uğrunda şəhid olmağa hazıram" - MÜSAHİBƏ

Müsahibə

25 Fevral 2014, 09:45

“Ermənistanın Naxçıvana hücumu AXC ilə razılaşdırılmışdı”  

YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimovun Xocalı soyqırımı ilə bağlı Modern.az saytına verdiyi müsahibəni təqdim edirik.

-Eldar müəllim, Xocalı soyqırımından 22 il keçir. Bu müddət ərzində Xocalı qətliamı barədə dünyada hansı rəy formalaşdıra bildikmi?

  - Azərbaycan parlamenti, hökuməti və xalqı erməni vəhşiliyinin dünyaya çatdırılması üçün az iş görmədi. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” devizi  altında başlanan kampaniya çox böyük uğurla həyata keçirilir. Xocalı hadisəsini dünya ölkələrinin bir çoxunun parlamenti soyqırım kimi tanıyıb. ABŞ-ın bir çox ştatları da erməni vəhşiliyini soyqırım olaraq dəyərləndirib və qətnamə qəbul edib. Amma çox yaxşı olardı ki, ümumilikdə ABŞ Konqresi Xocalı soyqırımını tanısın. Bunun üçün Azərbaycan tərəfi ciddi işlər görür. Beynəlxalq təşkilatlar da bu istiqamətdə böyük işlər aparır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının qərarları cənab Prezidentin rəhbərliyi ilə aparılan işlərin nəticəsidir. Amma ən böyük uğurumuz təbii ki, torpaqlarımızı Ermənistanın işğalından azad etməkdir. Prezidentimiz dəfələrlə vurğulayıb ki, Azərbaycan bir qarış torpağını güzəştə getməyəcək.

- Ancaq etiraf edək ki, hələ də çatışmayan məqamlar var.

  - Xocalı faciəsinin tam olaraq dünya ictimaiyyəti tərəfindən tanınmamasında erməni lobbisinin təsiri böyükdür. Erməni lobbiləri hər vəchlə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mane olur. Təəssüflər olsun ki, erməni lobbiləri Azərbaycan lobbilərindən güclüdür. Ermənistan prezidenti Avropa Şurasında çıxış edərkən fəxrlə, Xocalıda törədilən qırğının səbəbkarlarından biri olduğunu deyir. Hanı beynəlxalq hüquq və ədalət? Bəzən ədalətsiz dünyada biz ədalət axtarırıq. Allah Sərkisyana və Ermənistan rəhbərliyinə ağıl versin. Onlar başa düşsün ki, gec-tez torpaqlarımız geri qaytarılacaq. Ali Baş Komandan, dövlət rəhbərimizin sayəsində biz heç zaman torpaqlarımızı düşmən əsarəti altında qoymacağıq.

- Bu vaxta qədər Azərbaycanın bir nömrəli müttəfiqi Türkiyə dövlətinin parlamenti də rəsmi olaraq Xocalı soyqırımını tanımayıb. Bu, Azərbaycanda müəyyən mənada dost dövlətlə münasibətlərdə küskünlük yaratmır ki? 

- Şəxsən mən buna görə Türkiyəni qınamıram. Türkiyədə də erməni lobbiləri və türk soyadlı ermənilər var. Xocalı soyqırımını tanıyan ölkələr özləri də ciddi şəkildə erməni lobbilərinin təzyiqinə məruz qalıblar.

- Bəs, Eldar İbrahimovun Xocalı haqqında təəssüratları necədir?  

- Təbii ki, Xocalı faciəsi hər bir insanın, azərbaycanlının qəlbində ağrılı bir gündür. Orda həlak olanlar mənim qardaş-bacılarımdır. Mən də işğal olunmuş ərazilərin sakinlərinin dərdi ilə şərikəm. Xocalı faciəsi dünyada erməni vandalları tərəfindən törədilmiş ən böyük cinayətdir və Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Damarında azərbaycanlı qanı axan insan heç vaxt bunu unuda bilməz. Mən də bir insan olaraq bunu unuda bilmərəm. Azərbaycanın işğal altındakı torpaqları inildəyərək bizi gözləyir. Ulu öndər Heydər Əliyevin əsasını  qoyduğu və bu gün möhtərəm prezident cənab İlham Əliyevin apardığı xarici siyasət sayəsində biz torpaqlarımızı geri qaytaracağıq. Azərbaycan sülh yolu ilə torpaqlarını azad etmək istəyir. Azərbaycanın torpaqlarını azad etmək üçün digər yolları da var. Azərbaycan güclü bir dövlətdir. Ölkəmizin gücü çatar ki, torpaqlarımızı düşmən tapdağından qurtarsın. 1905-ci, 1918-ci illərdə və sonrakı illərdə azərbaycanlılara qarşı erməni terrorları yadımızdan çıxmayıb. Biz sülhsevər xalq olaraq bir daha insanlarımızın əziyyət çəkməsini istəmirik. Amma təbii ki, işğalçı Ermənistan da bunu fikirləşməlidir. Ermənistan siyasətçiləri, Zori Balayanlar sayəsində barışıq əldə olunmur. Bu barışıq yalnız o zaman ola bilər ki, bizim işğal altındakı ərazilərimizi Ermənistan silahlı qüvvələri boşaltsın. Xocalı soyqırımı isə xatirimizdən heç zaman çıxmayacaq. Mən bu yaşımda işğal altındakı torpaqların harayına çatmaq və Xocalı faciəsində həlak olan soydaşlarımızın qisasını almaq üçün döyüşə hazıram. Mənim üçün döyüşüb, şəhid olmaq böyük bir şərəf olar. Çalışmalıyıq ki, haqq ədaləti gənc nəslə də çatdıraq və problemlərin həllini onların öhdəsinə buraxmayaq.

-Gənclərdən söz düşmüşkən, siz onlar arasındakı milli ruhu necə qiymətləndirirsiz?

  - Elə gənclər var ki, Qarabağdan bölgəsindəndir, ordan məcburi köçkündür, amma Dağlıq Qarabağ problemini , Xocalı faciəsini bilmir. Gərək onlar arasında təbliğat aparaq. Xocalı faciəsinin təkcə fevralın 26-da yox, bütün il ərzində təbliğatı aparılmalıdır.

- Bu yaxınlarda eks prezident Ayaz Mütəllibov Xocalı soyqırımının baş verməsinə görə dolayısı ilə o vaxtkı AXC qüvvələrini ittiham etdi və bu ittihamlara qarşı tərəfdən cavab gəldi. Sizcə, qarşılıqlı ittihamlar nə qazandırır bizə? Artıq bu cür açıqlamalara son verməyin vaxtı yetişməyibmi?

  - Mən 1990-cı ildən Azərbaycan Ali Sovetinin deputatı olmuşam. Deyə bilərəm ki, bütün günahlar AXC-də olub. Ayaz Mütəllibovu hakimiyyətdən devirmək üçün AXC Şuşanı, Laçını, ermənilərə verdi. AXC-Müsavat birliyi hakimiyyətə gəlmək üçün cinayətlər törətdilər. Onlar nəinki Dağlıq Qarabağ torpaqlarını, hətta Naxçıvan ərazilərini də satmışdılar. AXC ermənilərlə danışmışdı və ermənilərin Naxçıvana hücum etməsi barədə razılıq əldə olunmuşdu. Bunlar heç vaxt Azərbaycan xalqı tərəfindən bağışlanmamalıdır. Rəhim Qazıyev demişdi ki, Şuşa əldən getsə, başına güllə vuracaq. Bəs niyə etmədi? Ayaz Mütəllibov da iradəcə zəif və təbiətən qorxaq insan olub. Bunu da deyirəm. Azərbaycanın rəhbəri kimi Ayaz Mütəllibov AXC-nin təxribatlarını görməli  və bunu qiymətləndirilməli idi. Bunun qarşısını almaq üçün Ayaz Mütəllibov cəsarətli olmalı idi.

  Aqşin Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı