Modern.az

Televizora çox baxmaq ömrü qısaldır

Televizora çox baxmaq ömrü qısaldır

Aktual

29 İyun 2014, 12:39


İnanmaq çətindir ki, kiminsə evində televizor olmasın. Böyükdən kiçiyə hamını özünə cəlb edən televizor hazırda demək olar ki, bütün ofislərdə, idarələrdə, ictimai iaşə müəssisələrində də özünə “yer” tapıb. İndi heç kim həyatını televizorsuz təsəvvür edə bilmir. İnsanlar ən yorğun vaxtlarında belə rahatlıqlarını ekran qarşısında tapırlar. Həqiqətənmi televizor insanlara bu qədər rahatlıq verir? Əslində yox. Bu “rahatlığın” arxasında insan sağlamlığına kifayət qədər ciddi zərbələr vuran bir çox amillər var.

Modern.az xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, gün ərzində üç saatdan artıq televizorun qarçısında əyləşmək ömrü qısaldır. Bu hansı səbəblərdən baş verir?

İlk növbədə saatlarla ekran qarşısında oturmaq indi əksər insanların ən böyük bəlası sayılan oturaq həyat tərzi üçün “əla” şərait yaradır. Belə həyat tərzinin törətdiyi fəsadlar isə hamımıza yaxşı məlumdur.

2 saatdan artıq ekran qarşısında əyləşmək beyinin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı onun strukturunu da dəyişir.

Saatlarla televizora baxmaq vaxtından əvvəl görmə qabiliyyətini zəiflədir və bir çox göz xəstəliklərinin meydana gəlməsinə şərait yaradır.

Televizora hədsiz aludəçilik bədənin piylənməsinə gətirib çıxarır. Adətən insanlar bu rəngli “qutu”nu seyr edərkən qeyri-ixtiyari ağızlarını boş qoymurlar.

Televizor sağlam və normal yuxuya mane olan ən güclü vasitələrdən biridir. Xüsusilə gecədən xeyli keçmişə qədər televizor qarşısında əyləşən insanlar sinir və yuxu problemləri ilə daha tez-tez rastlaşırlar.

İnsan özü də bilmədən daha səmərəli keçirə biləcəyi vaxtı televizorin qarşısında sərf edir. Televizorun “cazibə” qüvvəsi insanı mütaliədən, idmandan, gəzintidən və ən nəhayət doğmaları ilə ünsiyyətdən məhrum edir.

Bu rəngli və sehrli “qutu”nun zərərlərindən biri də insanın psixikasına mənfi və aldadıcı təsir göstərməsidir.

Uzun müddət televizor qarşısında əyləşmək uşaqlar üçün daha zərərlidir.

Uşaqlarda özünəqapılmaq, autizm xəstəliyi, nitq qüsurunun yaranmasının əsas səbəblərindən biri məhz televizor aludəçiliyidir.

Həmşinin uşaqlarda tez-tez rast gəlinən dayaq hərəkət sistemindəki problemlər valideyn nəzarətsizliyi ucbatından televizor qarşısında saatlarla düzgün olmayan formada oturmağın nəticəsidir.

Mütəxəssislərin rəyinə görə bir yaşına qədər uşaqlar ümumiyyətlə ekran qarşısında olmamalıdırlar. 1-3 yaşda olanlar isə gün ərzində 15 dəqiqə televizora baxa bilər. O da yalnız yaşına uyğun cizgi filmlərinə baxmaq şərtilə. Burda bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, cizgi filmi səsli və danışıqlı olsun. Bu uşağın nitqi üçün olduqca vacibdir.

5-7 yaşlarında uşaqların gün ərzində 30-40 dəqiqə, 8-12 yaşlarında 1 saat, 12-14 yaşlarında saat yarım, 14-16 yaşlarında 2 saat televizora baxmaqları məqbul sayıla bilər.

Valideynlər uşqlarının televizora baxa-baxa yemək yemələrinə yol verməməlidirlər. Belə ki, televizora baxan zaman qidalananda mədə şirəsi lazımi qədər ifraz olunmur ki, bu da bir çox xəstəliklərin, mədə xorasının, qastritin yaranmasına səbəb olur.

Psixoloqların qənaətinə görə uşaqların televizor qarşısında çox oturması, xüsusilə də yaşına uyğun olmayan verilişlərə, filmlərə baxması onların psixikasını, sinir sistemini ciddi şəkildə zədələyir. Buna görə də böyüklər uşaqların ekran seçimlərini daima diqqətdə saxlamalıdırlar.

İstər böyüklər, istərsə də azyaşlılar televizora baxarkən ən adi qaydalara riayət etsələr sevimli “qutu”larının ziyanından yaxa qurtara bilərlər.

Birincisi çalışmaq lazımdır ki, gün ərzində ekran qarşısında 2 saatdan artıq vaxt sərf etməyəsiniz.

Ekrana yaxın əyləşməyin. Ən azı ekranla sizin aranızda 2-3 metr məsafə olmalıdır.

Tam qaranlıq otaqda televizora baxmaq düzgün deyil. Buna görə də televizoru işə salanda otağın işığını da yandırmağı unutmayın.

Uzanılı vəziyyətdə televizora baxmaq sizə xoş olsa da sağlamlığınız üçün heç də xoş deyil.

Gözünüzü ekrana zilləyib əlinizi boşqaba uzatmayın. Yemək yeyə-yeyə televizora baxmaq vərdişini yaddan çıxarın. Həmin qida sizə yalnız ziyan gətirəcək.

Və ən nəhayət, elə verilişlərə və filmlərə baxın ki, əhvalınıza və ovqatınıza xoş təsir bağışlasın.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü