Modern.az

Adlarımıza edilən etirazlar

Adlarımıza edilən etirazlar

26 Sentyabr 2014, 09:33

Elşad MİRİ
[email protected]

Dilqəm Əhmədin «Ərəbcə qoyulan ad»ına...

Soyadı ərəb dilindən götürülmüş köşə yazarı Dilqəm Əhmədin «Ərəbcə qoyulan ad» sərlövhəli yazısını oxudum. Yazıda yanlış istiqamətləndirmələr olduğu üçün bilmədiyini bilmədən yazı yazana bildirmək üçün bu yazını yazdım...

Deməli belə... Yazarın «Ərəbcə qoyulan ad» sərlövhəli yazısına səbəb Ədliyyə Nazirliyinin açıqladığı adlarla əlaqəlidir. Burada da yazarın diqqətini cəlb edən valideynlərin övladlarına qoyduqları adların dinlə bağlılığıdır. Nazirlikdən verilən məlumata görə “Bu ilin 9 ayı ərzində doğulmuş oğlan uşaqlarından 2702 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Əli (1735), Hüseyn (1705), Ömər (1098), Məhəmməd (962), İbrahim (644), Kənan (616),  Nihad (609) adları da var”.

Yazar bu fakta belə şərh verir: «Hələ də insanımız yeni doğulan uşaqlarına dindən gələn adlar qoyur. Təbii ki, heç kimin başqasının uşağına qoyduğu ada qarışmaq kimi bir hüququ ola bilməz. Amma illərdir, ölkədə İslamla, dolayısı ilə ərəb və yəhudilərlə bağlı adların qoyulması ciddi sosioloji problemdir».

Deyir və deməsilə də özünü təkzib edir. Qoyulan adlara qarışmağa heç kimin qarışmaq hüququ olmadığını bildirdiyi halda, bu hüququ tapdalayaraq hüquqsuzluq etdiyi kimi, adlara və valideynlərə qarşı da haqsızlıq edir. Əsas da ona Əhməd soyadını verən və ya bu təxəllüsü seçənə qarşı…

Ümumiyyətlə, sual oluna bilər ki, bu adlarla əlaqəli problem nədir? Niyə yazarı bu adların çox istifadə olunması narahat edir? Buna da şərh versə, biz də məlumatlanmış olardıq. Əks təqdirdə, ümumi sözlərlə yazı yazmaq, SSRİ dövründəki anonim yazan demaqoqların yazılarına bənzəyər...

Ümumiyyətlə, qlobal dünyada kiminsə uşağına hansısa adın qoyulması ilə bağlı etiraz etmək sözün əsl mənasında gülünc gəldiyi kimi, bu haqda belə yazı yazanı da gülünc vəziyyətə salır. Çünki hansısa adın mənşəyinin haradan, hansı dindən, dildən, irqdən gəlməsinə problem kimi yanaşmaq bu cür yanaşanın natamamlığından qaynaqlanan səbəblərdən biri kimi qəbul edilə bilər.

Təsəvvür edin, Mayklın valideyni Gabriel etiraz edir ki, bəs mənim oğlumun adı ərəb mənşəli imiş və heç demə Mikail adlı mələklə əlaqlə imiş. Buna görə də məhkəməyə müraciət edib adını dəyişdirmək istəyən valideyn məhkəmədə öyrənəcək ki, heç demə Qabriel də Cəbarilin dəyişikliyə məruz qalmış versiyası imiş. Amma yaddan çıxarmamalıyıq ki, misal gətirdiyim hər iki ad mələk adıdır və bu adlara Tövrat, İncil və Quranda da rast gəlmək mümkündür. Mələklərin adları isə yəhudilərə, xristianlara, türklərə və ya ərəblərə görə dəyişmir. Sadəcə müəyyən dil qaydalarına görə bəzi dəyişikliklərə uğraya bilir.

Müəllif əhalinin müəyyən məzhəblərin sayına bölməkdən də çəkinmədən belə ifadə işlədir: «əhalisinin əksəriyyəti şiə məzhəbindən olan insanlar övladlarına Yusif adını Əli adından daha çox qoymağa başlayıblar...»

Bu müəllifin faktıdır? Bu cümlədən də bir neçə amili qeyd edək:

1. Yazar belə bir statistikanı görəsən haradan və necə əldə edib ki, hansı məzhəbin nümayəndələrinin nə qədərdir?

2. Bütün məzhəblərə görə Yusif peyğəmbərdir. Və Quranda adı çəkilən bir şəxsdir. Əli isə Peyğəmbərin ailəsindən olan və adı Quranda çəkilməyən böyük şəxsiyyətdir.

3. Quranda Yusif peyğəmbərin adı da Yusuf olaraq qeyd edilib.

4. Yusif peyğəmbərin adı digər dinlərin mətnlərində isə İosifdir...

Yazar davam edir: «Eyni zamanda İslamın peyğəmbəri Məhəmmədin və xəlifəsi Ömərin adları da Yusiflə müqayisədə xeyli geridədir...»

Burada da yazara bir-iki nüansı xatırladım ki, ölkəmizdə heç vaxt Muhəmməd adı doğulmuş oğlan uşaqları arasında birinci olmayıb. Ömər adı isə heç vaxt ilk sırada olmayıb. Sizin qeyd etdiyiniz kimi Ömər adını müəyyən məzhəbin mənsubları bilgisizlikdən qaynaqlanan səbəblərə görə övladlarına qoymurlar. Bilgisizlik deməyimin səbəbi isə Ömər adını imamlarımız övladlarına qoyduqları halda, onların ardınca gedənlər təəssüflər olsun ki, onların bu yolunu davam etdirmir, əksinə Ömər adına lənət edirlər. Dediyimə misal olaraq İmam Əlinin, İmam Həsənin, İmam Hüseynin, İmam Zeynalabidinin, İmam Musa Kazımın Ömər adlı övladları olduqlarını qeyd edim. Hətta İmam Hüseynin Ömər adlı oğlu Kərbəlada qətlə yetirilib.

«Əlbəttə, biz İslama, onun müqəddəslərinin adlarına qarşı deyilik” deyən yazara xatırladım ki, İslamda heç bir insan müqəddəs deyil və peyğəmbərlər də insan olduqları üçün bu cümləmə daxildirlər. Müqəddəs olan ancaq Allahdır. Bilginiz olsun deyə bunu da yazdım ki, başqa yazılarınızda istifadə edəsiniz... 

Məsələnin digər tərəfi, sonuncu peyğəmbərimiz Muhəmmədin səhabələri arasında da övladlarına Muhəmməd adı qoymaq ənənəsi geniş vüsət almamışdı. Həmçinin Muhəmməd peyğəmbər də heç vaxt özünü başqa peyğəmbərlərdən üstün görməyib. Biz müsəlmanlar da peyğəmbərlər arasında bu cür fərq qoya bilmərik. Muhəmməd peyğəmbər də peyğəmbərlikdən sonra doğulan övladına İbrahim adını qoymuşdu.

Soyadı Əhməd olan yazar nazirliyin faktına şərh verməkdə davam edir: «Amma bu fakt onu göstərir ki, insanlarımız ad seçimində tanınmış yazıçıların, elm nümayəndələrinin, sənətçilərin adlarına ehtiyac duymurlar. Azərbaycanın tanınmış insanlarının adları onlar üçün elə də önəm daşımır».

Burada müəllifdən soruşmaq istəyirəm həmin tanınmış adamların valideynləri övladlarına kimlərin adlarını qoyublar? Misal kimi qeyd etdiyiniz məşhur bəstəkar Üzeyir bəyin peyğəmbər adı olduğunu özünüz də etiraf edirsiniz. Elə isə burada qəbahət nədir? Həm də İsrail oğullarına göndərilmiş bir peyğəmbərimizin adıdır.

Eləcə də, mifologiya və dastanlarımızda olan türk mənşəli adlara da rast gəlinmir. Bu isə onu göstərir ki, xalqımız ya klassiklərini tanımır, ya da ki övladlarını onlar kimi görmək istəmədiyini” iddia edən Dilqəm bəyə qız uşaqları olarsa Banuçiçək, Göyçək Fatma, Selcan Xatun, oğlan uşaqlarına Məlikməmməd, yaxud Cırtdan və ya Koroğlu adlarını qoyacaq, yoxsa modern adlar? Unutmadan qeyd edim ki, Məlikməmməd, Fatma da dinlə əlaqəli adlardır.

«Dini adların bu qədər üstünlük təşkil etməsi bilavasitə təbliğatın nəticəsidir” deyən yazar unudur ki, ən çox təbliğ edilən və gündəmdə fərqli adlar olmasına baxmayaraq onlar siyahısının əvvəlində özlərinə yer tapa bilmirlər.

Öz soyadındakı adı geridə qalmışlıqla əlaqələndirən yazı yazan, yazısını bu sözlərlə yekunlaşdırır: «Mən əminəm ki, statistika aparılsa, bu cür adları qoyan təbəqə əsasən maariflənmə sarıdan digərlərindən geridə qalanlar olacaq. Çünki onlar xalqın ziyalılarının, ata-babalarının və modern adlara deyil, məhz dindən gələn yarımifoloji qəhrəmanların adlarına üstünlük verirlərsə, bunun başqa izahı yoxdur».

Təsəvvür edin;

1. Həm əmin olduğunu bildirir, həm də statistika aparılsa deyir... Statistika aparılmayıbsa necə əmin ola bilərsən?

2. Hazırda bu yazı ilə sizi maarifləndirməyə çalışan şəxs də övladlarına Tövratda, İncildə və Quranda çəkilən adlar qoyub.

3. Xalqın ziyalılarından misal gətirdiyiniz Üzeyir bəyin adının da Qurandan olduğunu özünüz də etiraf edərək yazıdakı tezisinizi çürüdürsünüz.

4. Modern adlar dediyiniz halda həmin adlardan misal gətirməyərək yazdıqlarınızın sadəcə dinlə əlaqələndirməyiniz yanlış düşüncədə olmanızdan xəbər verir. Əgər modern ad olaraq Obamanı misal gətirsəniz, onun adının da Hüseyn olduğunu xatırlatmaq istəyərdim...

5. «Yarımifoloji qəhrəmanlar» deyib tənqid etyiniz adlara bir az əvvəl özünüz etiraz edirdiniz ki, niyə «mifologiya və dastanlarımızda olan türk mənşəli adlara da rast gəlinmir...?»

İslamda adlar mövzusunda yazmağa ehtiyac görmədən yazımı bu suallarla yekunlaşdırım:

Muhəmməd peyğəmbərin adı hansı dinə görə qoyulub?

Muhəmməd peyğəmbər qızlarının və ya oğlanlarının adlarını hansı dindən götürüb?

İndi dini adlar deyib etiraz edən yazara bir neçə ad yazım, imkanı olanda bunları da nəzərində saxlasın. İcazə versə, valideynlər övladlarına bu adları verə bilərlərmi: Əli Bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli və sair... Unutmadan qeyd edim ki, Məmməd Əmin Rəsulzadənin adındakı hər üç isim də ərəb mənşəlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü