Modern.az

Jurnalistin kişi sözü: verdiyi sözə əməl edərək qəzeti yeyib - MARAQLI

Jurnalistin kişi sözü: verdiyi sözə əməl edərək qəzeti yeyib - MARAQLI

Aktual

1 Oktyabr 2014, 21:20

1972-ci ildə həmin dövr üçün dünyanın ən güclü xokkey komandaları sayılan SSRİ ilə Kanada yığmalarının 8 oyundan ibarət görüşünün təşkil olunması 20-ci əsrdə idman həyatında iyirmi ən yadda qalan hadisələrdən biri sayılıb. Əldə olunan razılığa görə, oyunların dördü Kanadada, dördü isə SSRİ-də keçirilib. 70-80-ci illərdə istər Kanadada, istərsə də SSRİ-də insanların xokkeyə marağını, azarkeşliyini nəzərə alsaq bu görüşlərin gərginliyini təsəvvür etmək o qədər də çətin deyil.

Tarixi vərəqləyən Modern.az saytı xəbər verir ki, “Superseriya-72” adı ilə dünyanın əsas idman olayları sırasına düşən bu oyunlar zamanı baş verən bir hadisə mətbuat tarixində də iz qoyub. Təbii ki, həmin ərəfədə mövcud kütləvi informasiya vasitələrində jurnalistlər tərəfindən görüşlər haqqında müxtəlif fikirlər, proqnozlarla bağlı yazılar dərc olunub. Bu səpkili yazıların arasında daha çox diqqəti cəlb edən isə Kanadanın Toronto şəhərində nəşr olunan “The Globe and Mail” qəzetinin idman yazarı Dik Beddouzun məqaləsi olub.

Məqalənin sonunda kanadalı jurnalist yazıb:

“Bu sətirləri yadınızda saxlayın. Biz görüşlərin səkkizində də qələbə qazanacağıq. Əgər sovet xokkeyçiləri bu səkkiz görüşdən təkcə birində qələbə qazansalar, mən bu yazdığım məqaləni onların ən çox sevdiyi borşla yeyəcəyəm”.

Dik Beddouz SSRİ-nin ilk qələbəsindən sonra yazdıqlarına, verdiyi sözə kişi kimi əməl edib. O, Torontoda SSRİ konsulluğunun yerləşdiyi binanın pillələrində əyləşib həmin məqaləsi çap olunmuş qəzeti borşun içərisinə doğrayaraq yeyib.

Yığmaların görüşləri isə 4 dəfə Kanadanın, 3 dəfə SSRİ-nin qələbəsi və bir oyun heç-heçə ilə nəticələnib.



İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü