Modern.az

Türkiyə və Almaniyanın Minsk qrupunda həmsədrliyə cəlb edilməsi nə verəcək? - Ankaradan iki ŞƏRH

Türkiyə və Almaniyanın Minsk qrupunda həmsədrliyə cəlb edilməsi nə verəcək? - Ankaradan iki ŞƏRH

Aktual

2 Fevral 2015, 23:30


Prezident İlham Əliyevin Almaniya səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin Minsk həll prosesinə daha iki dövlətin - Türkiyə və Almaniyanın da cəlb edilməsi və hazırda üç ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək, “Beşlik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması məsələsi gündəmə gəldi.

Hətta millət vəkili Azay Quliyev ATƏT PA-nın bu yaxınlarda Vyanada keçiriləcək qış sessiyasında həm Almaniya, həm də Türkiyənin münaqişənin həlli prosesinə cəlb edilməsi ilə bağlı məsələ qaldıracaqğını söyləyib.

Modern.az saytı Türkiyə Qəzetçilər Cəmiyyətinin sədri Atilla Sertel və Kafkassam Araşdırma Mərkəzinin başqanı, politoloq Hasan Oqtayın bu məsələyə münasibətini təqdim edir.

Türkiyə Qəzetçilər Cəmiyyətinin sədri Atilla Sertel bildirib ki, Minsk qrupuna Türkiyənin liderlik etməsinin Azərbaycanın lehinə olub-olmayacağı mövzusunda iqtidarın davranışlarına baxaraq şübhə duyur: “Çünki Türkiyədəki iqtidar ətrafındakı qonşuları ilə xarici siyasətini yalnız məzhəb dünyagörüşü ilə qurur. Nədən ki, xarici siyasəti müstəqil deyil. Biz ABŞ-ın icazə verdiyi ölçüdə danışan bir iqtidara malikik. Əlbəttə, Türkiyə xalqının ürəyi Azərbaycanla döyünür, ancaq bunu iqtidar üçün söyləyə bilmirəm”.
A.Sertel bu məsələ də Almaniyanın da həmsədrliyinə inanmır: “Heç Almaniya da edə bilməz. Çünki onların da Avropa miqyasında yanaşmaları, insan hüquq və azadlıqları mövzusunda çətinlikləri var. Amma ABŞ edər. Almaniya da ABŞ-ın dünyagörüşü daxilində mövzulara yaxınlaşar. Azərbaycan ilə Ermənistan arasında problemlərin həllində hər iki xalqın yanaşması çox əhəmiyyətlidir. Mən belə görürəm”.

Kafkassam Araşdırma Mərkəzinin başqanı, politoloq Hasan Oqtay deyir ki, Qarabağ problemi Ermənistanla Azərbaycan arasında regional problem olmaqdan artıq çoxdan çıxıb:

“Dağlıq Qarabağın beynəlxalq bir problem olaraq tarixdə yer almasından 22 il keçməsinə baxmayaraq, aktuallığını qorumaqdadır. Qarabağda sülhün təsisi üçün yaradılan Minsk qrupunda Fransa, Amerika və Rusiya iştirak edir. Bu problemin həllində təsirli və aktiv olacaq ölkə beynəlxalq sahədə əhəmiyyətli mövqeyə sahib olmalıdır. İndi Amerika Rusiyaya qarşı üstünlüyü əldən verməmək, Rusiya Amerikanı bölgəyə buraxmamaq, Fransa isə Avropa Birliyini Rusiya və Amerikaya qarşı çıxara bilmək üçün planlar qurur. Vəziyyət belə olunca, Qarabağ probleminin həll olunmaması gündəmdə qalır. Münaqişə tərəfləri isə haqlı olaraq problemin həllində yeni tərəflərə ehtiyac duyurlar. Əvvəla Ermənistan onun maraqlarını qoruyan Rusiyanı prosesdə görməkdə israrlıdır. Lakin Gümrüdə baş verənlər Ermənistanı Rusiya xaricində də yeni tərəf axtarışlarına başlamağa sövq edə bilər. Azərbaycan isə Almaniyanın təklifinə isti baxa bilər. Çünki Almaniya Fransadan daha aktiv bir siyasət yürüdəcək. Lakin Almaniyanın da Qarabağda ədalətli bir həllin tərəfdarı olacağı real deyil. Ona görə də Azərbaycan bu məsələdə tərəf kimi Türkiyənin yer almasını istəyir. Bu baş versə, regional sülhün bərpası üçün olduqca əhəmiyyətli bir addım atılar. Son zamanlarda Rusiya-Türkiyə əlaqələrindəki yaxınlaşma və Türkiyənin Minsk qrupunda yer alması Qarabağ problemində sülhün təsisi üçün əhəmiyyətli bir addım ola bilər”.


Seymur Süleymanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir