Modern.az

Öldürülən Nemtsovdan Kremlə zərbə - onun “Putin. Müharibə” adlı hesabatı dərc olundu

Öldürülən Nemtsovdan Kremlə zərbə - onun “Putin. Müharibə” adlı hesabatı dərc olundu

Dünya

12 May 2015, 11:50

Sui-qəsd nəticəsində öldürülən rusiyalı müxalif siyasətçi Boris Nemtsovun 2015-ci ilin əvvəllərindən yazmağa başladığı və Ukrayna münaqişəsinə aid faktların toplandığı “Putin. Müharibə” adlı hesabatı dərc olunub. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Nemtsovun siyasi müttəfiqi İlya Yaşinin təqdim etdiyi hesabatda Rusiyanın Ukraynada uğradığı iqtisadi və hərbi itkilər barədə məlumatlar yer alıb.

“Putin. Müharibə” adlı hesabatda 2014-cü ilin avqustundan dekabrına qədər 150, 2015-ci il başladıqdan sonra isə daha 70 rus hərbçisinin Ukraynanın şərqində həlak olduğu bildirilir. Rusiya tərəfi münaqişə bölgəsinə 53 milyard rubldan (1,1 milyard dollar) artıq vəsait ayırıb.

64 səhifəlik hesabatda Rusiyanın digər maliyyə itkiləri də qeyd olunur. Belə ki, Luqansk və Donetsk bölgəsindən olan qaçqınların saxlanması üçün 80 milyard rubl maliyyə ayrılıb.

Bundan başqa, Krımın ilhaqı nəticəsində Rusiya vətəndaşları öz əmək haqlarından 2 trilyon rubl  (40 milyard dollar), şəxsi vəsaitlərindən isə 750 milyard rubl (15 milyard dollar) itiriblər.

Hesabatda göstərilir ki, Rusiya ordusu ötən ilin avqustunda İlovaysk uğrunda və bu ilin yanvar-fevral aylarında Debaltsevo ətrafında gedən döyüşlərdə böyük itkilər verib. Bu itkiləri gizlətmək üçün Rusiya Müdafiə Nazirliyi hərbi qulluqçuları Ukraynaya göndərməzdən öncə rəsmən ordu sıralarından tərxis edirdi. Bununla da onların müharibə bölgəsində könüllü əsasda xidmət etdiyi görüntüsü yaradılırdı. Həlak olan hərbçilərin qohumlarını isə cinayət məsuliyyətinə cəlb etməklə susmağa məcbur edirdilər.

“Əgər onlar Nemtsovu Kreml divarları önündə güllələyiblərsə, bizimlə İvanova şəhərində nə istəsələr edə bilərlər”, - Ukraynada həlak olan 2 desantçının qohumlarının hüquqlarını müdafiə edən vəkillər hesabatda deyiblər.

Boris Nemtsovun “Putin. Müharibə” hesabatı 11 fəsildən ibarətdir və açıq mənbələrlə yanaşı, Nemtsovun konfidensial olaraq əldə etdiyi informasiyaları da özündə ehtiva edir.

“Mən bilirəm nə etmək lazımdır. “Putin. Müharibə” adlı hesabat yazmaq, onu böyük tirajla çap etmək və küçələrdə insanlara paylamaq lazımdır. Putinin necə müharibə apardığını hamıya danışaq. Yalnız belə biz təbliğata qalib gələ bilərik”, - Nemtsov yekunlaşdıra bilmədiyi hesabatda yazıb.

Boris Nemtsov bu il fevralın 27-də gecə saatlarında sevgilisi Anna Duritskaya ilə gəzintidən evə qayıdarkən Kreml yaxınlığında güllələnib. Onun qətlə yetirilməsi faktı ilə bağlı 5 nəfər – Zaur Dadayev (icraçı), Anzor Qubaşev, Həmzət Baxayev, Tamerlan Əsgərxanov və Şadid Qubaşev həbs olunub.



Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü