Modern.az

“Nə qədər gücüm varsa mən bu kənar təsirin qarşısında duracağam”

“Nə qədər gücüm varsa mən bu kənar təsirin qarşısında duracağam”

Təhsil

13 İyul 2015, 17:22

Xəbər verdiyimiz kimi, iyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib. İlham Əliyev iftar tədbirində çıxış edib

Modern.az xəbər verir ki, Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən ölkə başçısı hər bir ailəyə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıb.

Azərbaycanda din-dövlət münasibətlərinin sağlam təməl üzərində formalaşdığını deyən İlham Əliyev bunu hər bir ölkə üçün önəmli məsələ adlandırıb.
“Bizim amalımız Azərbaycanı inkişaf etdirmək, Azərbaycan xalqının maraqlarını müdafiə etmək və Azərbaycanı daha da güclü dövlətə çevirməkdir. Biz bu məqsədə doğru inamla, uğurla irəliləyirik”.

Ölkənin iqtisadi inkişafından danışan Prezident Azərbaycanın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olduğunu vurğulayıb.

Ölkə başçısı bildidib ki, Azərbaycanda bütün tarixi məscidləri dövlət hesabına əsaslı şəkildə bərpa edilib. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri, 743-cü ildə tikilmiş, müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidi, “İmamzadə” Dini Kompleksində indi əsaslı təmir-bərpa işləri aparılır. O, Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə adlanıdırb.

“Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub. Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm”.

Prezident daha sonra bildirib:  

“Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür. Bu, dözülməzdir və mən də şeyx həzrətlərinin sözləri ilə razıyam ki, bugünkü dünyada proseslər daha çox mənfi istiqamətdə gedir. Biz bir il bundan əvvəl bu salonda toplaşmışdıq. Görün, bu bir il ərzində dünyada nə qədər böyük təhlükələr yarandı, hansı ki, bir il bundan əvvəl onlar haqqında heç söhbət aparılmırdı.

Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx həsrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur, normal həyat tərzi, budur, normal siyasət.

Bir daha demək istəyirəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki, milli zəmində nifaq toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani şəkildə göstərir.

Biz Azərbaycanda əlbəttə ki, bu işləri ən yüksək səviyyədə tənzimləmişik. Bizim gələcək inkişafımız uğurla davam etdiriləcək. Ancaq biz istəyirik ki, hər yerdə belə olsun. Əgər hər yerdə belə olarsa, o zaman dini zəmində qarşıdurmalar da olmayacaq, qan tökülməyəcək və insanlar yaradıcılıqla məşğul olacaq, öz həyatlarını quracaq, ailələrinə diqqət yetirəcəklər. Ona görə Azərbaycanda multikulturalizmlə, dinlərarası dialoqla bağlı keçirilən tədbirlərin çox böyük mənası var.

Azərbaycan nümunəvi bir ölkədir. Onu Azərbaycana gələn hər bir qərəzsiz qonaq görür və etiraf edir. İstənilən sahədə - şəhərimizin gözəlliyi, təhlükəsizlik, iqtisadi inkişaf, sosial ədalət, din-dövlət münasibətləri, dinlərarası dialoq, imkanlarımız və Avropa Oyunlarının keçirilməsi bizim potensialımızı bütün dünyaya göstərdi. Biz bu potensialı bilirdik. Biz bilirdik ki, nəyə qadirik. Ancaq bəziləri bunu bilmək, görmək istəmirlər, ağa qara deyirlər, bizə şər, böhtan atırlar. Bizim heç kimlə işimiz yoxdur, öz həyatımızı qurmuşuq, heç kimə də heç bir məsələni diktə etmirik. Ancaq heç vaxt imkan vermərik ki, hansısa bir kənar qüvvə bizə diktə etsin. Biz müstəqil ölkəyik, ləyaqətli ölkəyik. Azərbaycan xalqının taleyi onun öz əlindədir. Ona görə Azərbaycana gələn qərəzsiz, xoşniyyətli insanlar bu reallıqları görürlər. Biz ölkə daxilində bütün əsas məsələləri həll etmişik. Əlbəttə ki, sosial problemlər var, torpaqlarımız işğal altındadır, qaçqınların bir hissəsi hələ ki çox ağır vəziyyətdə yaşayır, ancaq onların problemləri həll olunur. Bu, qarşımızda duran problemlərdir, biz onları həll edəcəyik, o cümlədən Dağlıq Qarabağ məsələsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bunun başqa yolu yoxdur. Azərbaycan heç bir başqa variantla heç vaxt razılaşmayacaq.

Ancaq biz digər sahələrdə, - sosial ədalət, iqtisadi inkişaf, dinlərarası dialoq, - artıq bütün lazımi tədbirləri görmüşük ki, bax, bu möhkəm təməl qurulub. Biz istəyirik ki, dünyada da belə olsun. Biz istəyirik ki, ölkələr arasındakı əlaqələr əməkdaşlıq üzərində qurulsun. Rəqabət üzərində qurulmasın, xoş niyyət üzərində qurulsun. Biz öz işlərimizi bu istiqamətdə davam etdirəcəyik.

Bir məsələni də vurğulamaq istəyirəm, milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı bilirik. Nə qədər gücüm varsa mən bu kənar təsirin qarşısında duracağam və heç kimə imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana diktə etsin.

Azərbaycan gəncləri vətənpərvərdir, biliklidir, savadlıdır. Birinci Avropa Oyunları bunu bir daha göstərdi. Bu Oyunlarda iyirmi minə yaxın könüllü iştirak etmişdir. Onlar təmənnasız iştirak etmişlər, gecə-gündüz, səhərdən axşama qədər çalışmışlar. Azərbaycan gəncliyi budur. Bilikli, xarici dili bilən, savadlı, peşəkar, mədəni, gözəl gənclərdir. Onların hər birinə artıq mənim adımdan və Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından təşəkkürnamə sertifikatı verilməyə başlanmışdır. Onlar buna layiqdirlər. Bizim gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər, eyni zamanda, savadlı, bilikli olmalıdırlar.

Bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri baş alıb gedir. Hər yerdə - Yaxın Şərqdə, Avropanın özündə, müxtəlif yerlərdə. Bunun təzahürləri fərqli ola bilər. Ancaq mahiyyət etibarilə bu, necə deyərlər, bir anlayışdır. Buna qarşı ən gözəl sığorta, ən gözəl sədd təhsildir. Bilikli, savadlı insan çox nadir hallarda yolunu aza bilər. Savadsız insanların beynini zəhərləmək asandır. Ona görə bizim gənclər savadlı, biliklidirlər. Biz bunu təqdirlə qeyd edirik və bizim siyasətimiz bundan sonra bu istiqamətdə davam etdiriləcək. Burada həm dövlət qurumları, həm dini qurumlar yenə də bir yerdə olmalıdır. Azərbaycanda həm ali, həm orta məktəblərdə, eyni zamanda, dini təhsil yüksək səviyyədə olmalıdır. Azərbaycan dövləti bu istiqamətdə bütün lazımi tədbirləri görür və görəcəkdir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü