Modern.az

Rusiya SSRİ-nin aqibəti ilə üzləşəcək: 21 respublikaya ayrılacaq

Rusiya SSRİ-nin aqibəti ilə üzləşəcək: 21 respublikaya ayrılacaq

Dünya

23 Sentyabr 2015, 14:56

Krımın ilhaqı və Ukraynanın şərqində süni şəkildə qızışdırdığı müharibə ilə Rusiya beynəlxalq siyasətdə “İraq-Şam İslam Dövləti” terror qruplaşması ilə yanaşı adı çəkilən 2-ci şər qüvvəyə çevrildi. İkinci Dünya Müharibəsinin başa çatmasından 70 il sonra Avropada ilk dəfə bir ölkə digər suveren dövlətin ərazisini ələ keçirirdi. Təbii ki, Vladimir Putinin bu addımı Qərblə nüfuz dairələri uğrunda davam edən ənənəvi çoxillik rəqabətdə bir taktiki gediş idi. Lakin sona qədər düşünülməyən bu gediş rusları nəinki Qərblə, həm də identik kimliyə malik olduqları ukraynalılarla da əks barrikadalarda üz-üzə qoydu.

Uzun illər boyunca Avropa və ABŞ-ın Yaxın Şərq və postsovet məkanındakı qələbə marşlarını izləyən Putinin buna görə acıq çıxmaq cəhdi, Kosovo presedentini əlində bayraq tutaraq Abxaziya, Cənubi Osetiya və indi də Donbasda müstəqil kiçik dövlətlər yaratmaq istəyi baş tutmadı. Rusiya və Okeaniyada yerləşən cırtdan dövlətlərin xaricində bu qurumlar heç bir dövlət və beynəlxalq birlik tərəfindən tanınmadı. Halbuki, Kremlin hər vəchlə müstəqilliyinin əleyhinə çıxdığı Kosovo 120 ölkə tərəfindən tanınıb. Bu fakt dünyanın mərkəzinin, mühüm qərarların verildiyi qlobal platformaların Moskva, yaxud Pekində deyil, Vaşinqton və Brüsseldə yerləşdiyini əyani göstərdi.

Dünya bazarlarında neftin ucuzlaşması və iqtisadi problemlər bir daha xammal asılılığında olan Rusiyanın Qərb önündə zəifliyini sübut etdi. Bu hadisə keçmişdə baş verən və kommunizmlə sosializm sistemlərinin yarım əsrlik müharibəsini xatırlatdı.

1946-cı il martın 5-də ABŞ-ın kiçik Fulton şəhərində Uinston Çörçilin antikommunist çıxışı 45 ildən artıq davam edəcək “Soyuq müharibə”nin carçısı idi. Bu müharibə fərqli ideoloji və siyasi platformaya malik 2 sistemin sərt qarşıdurması kimi yadda qaldı və Sovet İttifaqının başçılıq etdiyi beynəlxalq sosialist sisteminin domino effekti ilə ard-arda dağılması ilə nəticələndi. Yalnız Çinin başçılığı altında 5 sosialist dövlət darmadağın olmuş sosialist düşərgənin qalıqları altından sağ çıxa bildi. SSRİ-nin imperialist və istismarçı damğası vurduğu Qərb kapitalist sisteminin dəyişən şərtlər daxilində yeganə uyğun ictimai-siyasi sistem olduğunu göstərdi.

SSR-nin çöküşü neft qiymətlərinin ucuzlaşması ilə sıx bağlı idi. Bu gün Qərbin sanksiyalar tətbiq etdiyi Rusiya da oxşar aqibəti yaşa bilər. Çünki Ukraynadakı gərginlik və Qərblə fikir ayrılıqları ilə paralel olaraq neftin qiyməti sürətlə aşağı yuvarlandı.

2014-cü ilin iyulundan dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa başladı. İyulun əvvəllərində bareli 115 dollara olan neft sentyabrda 100, oktyabrda isə 90 dollarlıq psixoloji səddi keçdi. Ardınca, neft 60, sonra 50 dollara qədər ucuzlaşdı. Bu sürətli ucuzlaşma Avropanın Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda baş verirdi. Buna görə də ağıllara ilk gələn fikir bu oldu ki, ucuzlaşma büdcəsi əsasən neft-qaz gəlirləri hesabına formalaşan Rusiyanın iqtisadi kapitulyasiyasına hesablanıb. Rusiya ilə yanaşı, neft hasilatçısı olan bütün ölkələr maliyyə problemləri ilə qarşılaşıblar.

2014-cü il ərzində rubl avro və dollar qarşısında dəyərini 2 dəfə itirərək Rusiyanın enerji daşıyıcılarının qiymətindən nə dərəcədə asılı olduğunu ortaya qoydu. Rəsmi Moskvanın 2014-cü il yanvarın 1-də 509,5 milyard dollar təşkil edən valyuta ehtiyatları 2015-ci il yanvarın 1-i üçün 385,4 milyard dollara enib. Ekspertlər isə optimizm vəd etmir. Əksər analitik mərkəzlər neft qiymətlərinin 2015-ci ildə 20 dollara qədər ucuzlaşa biləcəyini güman edir. 

Rusiyanın 2015 və 2016-cı illə bağlı hesabatlarında ciddi geriləmələrin müşahidə olunması, 2016-cı ildə Ümumi Daxili Məhsul istehsalının 3,5 faiz azalmasının gözlənilməsi və ölkədə təqaüd yaşının artırılmasının müzakirəsi Putinin və komandasının ölkəsini ciddi cəncələ saldığına sübutdur.

Əgər şimal qonşumuz iqtisadi inkişaf modelini neft faktorunda asılı olmayan formada inkişaf etdirə və modernləşə bilərsə, Qərbin zərbələrinə tab gətirə bilər. Lakin yeni iqtisadi şəraitə uyğunlaşma baş tutmasa və asılılıqdan qurtulmasa, Rusiyanı öz sələfi SSRİ-nin aqibəti gözləyə bilər. Belə olarsa, SSRİ dağılan zaman yaranan 15 respublikaya, Rusiyadan ayrılan 21 respublika da qoşula bilər.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü