İqtisadi siyasətdə yüksək artım tempi heç də hər zaman inkişaf göstəricisi sayılmır. Eyni zamanda, aşağı artım tempi də hər zaman zəif inkişaf demək deyildir.
Modern.az xəbər verir ki, bunu Milli məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında deputat Tahir Mirkişili “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” layihənin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, Dövlət Büdcəsinin icrası ilə bağlı hesabata Hesablama Palatasının təqdim etdiyi rəyin təhlili bir sıra maraqlı məqamları üzə çıxarır. Diqqəti cəlb edən məqamlardan biri iqtisadi artım templəri ilə bağlıdır. Təqdim edlmiş sənədlərdə keçən il ÜDM-in artım tempinin 1.4%, qeyri-neft-qaz ÜDM-in artım tempinin isə 2.7% təşkil etməsi göstərilmişdir. Anoloji göstəricilər 2024-cü ildə 4.1% və 6.2% təşkil etmişdir.
“ÜDM-in aşağı artım tempi ilə də daha keyfiyyətli inkişafa nail olmaq mümkündür, burda əsas əsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir.
Məsələn, əgər iqtisadiyyat ildə 1% artır, amma məhsuldarlıq yüksəlir, texnologiya tətbiq olunur, ixrac şaxələnir, gəlirlər artırsa – bu sağlam inkişaf sayılır və kredit köpüyü və ya re-eksport hesabanı əldə edilən illik 6-7% iqtisadi artımdan daha yaxşı sayılır. Burda hesab edirəm ki, diqqət çəkən əsas məsələ ölkəmizdəki iqtisadi artım templərinin dalğalı olmasıdır. Xüsusilə də, qeyri-neft-qaz sektorunda formalaşan ÜDM-in artım tempinin dalğalı olması bu məsələnin daha dərindən təhlilinə və onların səbəblərinin neytrallaşmasına daha çox diqqət yetirilməsinə ehtiyac yaradır. Çünki dalğalanmalar investisiyalara, məşğulluğa, dövlət büdcəsinə xüsusi təsir edir”.
T. Mirkişili onu da qeyd edib ki, palatanın təhlilinə görə, iqtisadi artımın əsas yükünü nəqliyyat və ticarət sektoru daşıyıb.
“Bu göstəricilər onu göstərir ki, iqtisadiyyatımızda artımın daha geniş əsaslar üzərində formalaşmasına nail olmağa ehtiyac var. Biz daha çox xidmət sektorunun hesabına böyüyürük, lakin məhsuldarlıq və yeni dəyər yaradan sahələrdə inkişaf tempinin sabit artımına nail olmağa ehtiyac vardır”.
Deputat bildirib ki, nəticəyönümlü büdcələşdirmə ilə bağlıdır.
“Biz xərc maddələrinin icrası barədə hesabat alırıq, xeyli məlumatlar da təqdim edilir. Bunu faydalı sayıram. Fikrimcə, eyni zamanda xərclənən vəsaitlərin hansı nəticələri yaratdığı barədə daha geniş məlumatlara sahib olmaq da effektiv ola bilər. Ümumiyyətlə, Hesab edirəm ki, Büdcə idarəçiliyinin növbəti mərhələsi vəsaitlərin mənimsənilməsindən nəticələrin ölçülməsinə keçid olacaqdır”.