Qulamhüseyn Əlibəyli: "Partiyaların siyasi sistemə təsirləri çox zəifdir"
"Növbəti çağırış parlament seçkiləri ilə bağlı qəti fikrim yoxdur"
Uzun illər aktiv siyasi fəaliyyət göstərmiş, iki çağırış Milli Məclisin deputatı olmuş və Aydınlar Partiyasına rəhbərlik etmiş Qulamhüseyn Əlibəyli çoxdandır media səhifələrində görünmür.
Modern.az saytı Qulamhüseyn Əlibəylini arayıb-axtararaq görünməməsinin səbəbilə maraqlanıb.
Sabiq deputat söhbət əsnasında siyasi fəaliyyətdən uzaqlaşmasının səbəblərindən, parlamentin hazırkı işindən, partiya sisteminin vəziyyətindən, İran-ABŞ qarşıdurmasının mümkün nəticələrindən, eləcə də Ermənistanda gözlənilən siyasi proseslər və Nikol Paşinyan hakimiyyətinin perspektivlərindən danışıb.
Qulamhüseyn Əlibəyli ilə müsahibəni təqdim edirik:
- Qulamhüseyn bəy, 2023-cü ildə sədri olduğunuz Aydınlar Partiyası fəaliyyətini dayandırdı. Bəs özünüz necə, fərd olaraq da siyasi fəaliyyətinizi tamamilə dayandırmısınızmı?
- Siyasi fəaliyyətimi əsasən baş verən hadisələrə fərdi münasibət bildirmək formasında davam etdirirəm. Nə tam siyasətdən getdiyimi, nə də tam siyasətdə qaldığımı demək mümkündür. Sadəcə olaraq, daha çox çalışıram ki, elmi fəaliyyətimlə məşğul olum. Amma jurnalistlər tərəfindən mənə müraciətlər olur və mən həmin sualları cavablandırıram. Özüm sosial şəbəkələrdə bu və ya digər məsələlərə çox az hallarda münasibət bildirirəm.
- Əvvəllər Bakı Dövlət Universitetində dərs deyirdiniz. Hələ də orada çalışırsınız?
- Mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında baş müəllim kimi fəaliyyətimi davam etdirirəm. Əsasən "İnzibati hüquq" və "İnzibati prosessual hüquq" fənlərini tədris edirəm. Magistratura səviyyəsində isə müqayisəli inzibati hüquq, ictimai təhlükəsizliyin təmin olunmasının inzibati-hüquqi aspektləri və digər istiqamətlər üzrə dərs deyirəm.
- Partiyanızı 2023-cü ildə ləğv etdiniz. Aydınlar Partiyasını yenidən bərpa etməyi düşünürsünüzmü?
- Yox. O vaxt partiyaların yenidən qeydiyyatı məsələsi meydana çıxmışdı. Ümumiyyətlə, bizim partiyanın qarşısına qoyduğu məqsəd müstəqil, demokratik Azərbaycanın qurulması və ərazi bütövlüyünün təmin olunması idi. Bu, prinsip etibarilə təmin olundu, söhbət Azərbaycanda fəaliyyət göstərən partiyaların əksəriyyətinin məramına uyğun gələn məsələdən gedir. Ona görə də siyasi fəaliyyətimizi dayandırmaq qərarına gəldik və üzvlərimizə dedik ki, kim siyasi fəaliyyətini başqa partiyaların tərkibində davam etdirmək istəyirsə, bu, onların öz seçimidir.
Mənə də o vaxt müraciət edib soruşdular ki, hansısa partiyanın tərkibində olacağam, yoxsa yeni partiya yaradacağam? Cavab verdim ki, hələlik heç bir partiyanın tərkibində olmaq istəmirəm və yeni partiya yaratmaq niyyətim yoxdur. Azərbaycanda indiyədək 26 siyasi partiya rəsmən qeydiyyatdan keçib. Düşünürəm ki, bütün partiyalar üçün müəyyən şərait yaradılmasına baxmayaraq, siyasi sistemdə onların təsir imkanları çox zəifdir. Ona görə də gələcəkdə hansısa partiyanın üzvü olmaq və ya yeni partiya yaratmaq barədə düşünmürəm. Müstəqil şəkildə ayrı-ayrı məsələlərə münasibət bildirməklə fəaliyyətimi davam etdirəcəyəm.

- Dediniz ki, sizə təklif olub. Bu təklif kim tərəfindən edilmişdi?
- Yox, hər hansı partiya mənə bu barədə müraciət etmədi. Sadəcə soruşurdular ki, hansısa partiyanın üzvü olacaqsan? Dedim ki, heç birinin. Konkret olaraq mənə heç bir partiya tərəfindən təklif gəlməyib. Çünki mən əvvəlcədən açıq şəkildə bildirmişdim ki, başqa partiyanın üzvü olmaq istəmirəm. Uzun müddət Xalq Cəbhəsi Partiyasının üzvü olmuşam, daha sonra isə təxminən 15 il Aydınlar Partiyasının sədri olmuşam. Amma bundan sonra başqa partiyanın üzvü olmaq istəmirəm. Düşünürəm ki, bunu nəzərə aldılar və konkret təklif olmadı.
- Qulamhüseyn bəy, sizin siyasi görüşünüzə bu gün ən yaxın olan partiya hansıdır?
- Ümumi nöqteyi-nəzərdən yanaşsaq, şərti olaraq deyə bilərəm ki, Xalq Cəbhəsinin şinelindən çıxan partiyalarla dünyagörüşlərimiz bir-birinə yaxındır. Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası ilə baxışlarımız arasında yaxınlıq var.
Dünyagörüşlərimizin yaxın olduğu partiyalar sırasında Vətəndaş Həmrəyliyi Partiyası və Qüdrət Həsənquliyevin sədri olduğu, indiki adı ilə Ədalət, Hüquq və Demokratiya Partiyası da yer alır.
Ümumi dünyagörüşü, qarşıya qoyulan məqsədlər və ideoloji yanaşmalar tam üst-üstə düşməsə də, ciddi fərqlər də yoxdur. Partiyaların əksəriyyəti sağ mərkəzçi partiyalardır.
Amma dünyagörüşünün yaxın olması faktiki fəaliyyətin də üst-üstə düşməsi demək deyil. Ayrı-ayrı fəaliyyət formaları, hərəkətlər və bəyanatlar var ki, mən onları qəbul etmir və ya razılaşmıram. Müəyyən yaş dövrünü keçdiyim üçün özümü başqa partiya ilə bağlamaq istəmədim. Çünki partiya insanı müəyyən qədər məhdudlaşdırır. Mən sərbəst adamam və hadisələrə müstəqil şəkildə münasibət bildirməyə üstünlük verirəm. Heç kim də mənə nə isə diktə edə bilməz. Düzdür, sosial şəbəkələrdə bəzən bir-iki nəfər atmacalar atır, amma bu normaldır. Hər kəsin öz baxışı var.
- Siz həm də Milli Məclisin bir neçə çağırış deputatı olmusunuz. Hazırda parlamentin fəaliyyətini izləyirsinizmi? Parlamentdə xoşunuza gələn və ya görmək istədiyiniz hansı məqamlar var?
- Bu, mürəkkəb məsələdir. Mən parlamentin fəaliyyətini müntəzəm şəkildə izləmirəm. Sadəcə, qəbul olunan qanunlara baxıram və parlamentdə edilən çıxışları diqqətdə saxlayıram.
Özüm iki çağırış deputat olmuşam. Həmin dövrlə müqayisə etdikdə hesab edirəm ki, hazırda parlamentdə müzakirələr bir qədər sönük keçir. Yəni siyasi fikir toqquşmaları yoxdur.
Əslində parlament siyasi fikir toqquşmalarının olduğu yerdir. İndi çıxışların əksəriyyəti daha çox eyni mövqedən edilir. Müxalif partiyalar da hakim partiyanın siyasi xəttindən çox kənara çıxmamağa çalışırlar.
Əvvəlki dövrlərdə parlamentdə daha kəskin müzakirələr gedirdi, fərqli fikirlər səslənirdi. Mənim nöqteyi-nəzərimdən indi vəziyyət fərqlidir – kəskin müzakirələr azalıb, fərqli yanaşmalar isə az görünür. Ola bilsin, belə müzakirələr olur, amma ictimaiyyətə çıxmır.
Mən parlamentin fəaliyyətini əsasən mətbuatdan izləyirəm və mediada bu tip müzakirələrə çox rast gəlinmir.
Bəzən parlamentin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı təkliflər də irəli sürülür. Məsələn, bu yaxınlarda deputatlardan biri “arvad” sözü ilə bağlı təklif səsləndirmişdi. Məncə, bu, parlamentin əsas fəaliyyət istiqamətlərindən biri deyil.
Ola bilər ki, bəzi deputatların təcrübəsi azdır və ya hakimiyyətin mövqeyini müdafiə etmək üçün bu tip çıxışlar edirlər.
Ümumilikdə müzakirələr sönük keçir, adi qanun layihələri ətrafında ciddi debatlar görünmür. Ən azından ictimaiyyətə belə təqdim olunmur. Demək olar ki, heç bir qanun layihəsi ciddi müqavimətlə qarşılaşmır. Cərimələr artırılır, rüsumlar yüksəldilir, yeni cərimə növləri müəyyən edilir.
Bu, parlamentin funksiyalarından biridir. Amma hesab edirəm ki, parlamentin nəzarət funksiyası zəifdir. İcra hakimiyyəti üzərində nəzarət mexanizmləri kifayət qədər işləmir. Parlamentarizmin əsas ənənələri Azərbaycanda hələ tam formalaşmayıb.

- Yenidən parlamentə qayıtmaq, deputat olmaq barədə planlarınız varmı?
- Bu barədə müəyyən qədər düşünmüşəm. Açığını desəm, 2020-ci il seçkilərində iştirak etməməyim səhhətimlə bağlı idi. Növbəti çağırış seçkilərində isə yaşım artıq 70-i keçəcək.
Düzünü desəm, hələlik növbəti seçkilərdə iştirak edib-etməməyimlə bağlı qəti qərarım yoxdur. Bu barədə fikrim tam formalaşmayıb.
- Hazırda deputat pensiyası alırsınız?
- Bəli, yaşa görə deputat pensiyası alıram.
- Qulamhüseyn bəy, bir siyasətçi kimi qonşu ölkələrdə baş verən proseslərlə bağlı fikirlərinizi öyrənmək istərdik. Məsələn, İran-ABŞ qarşıdurmasının sonunu necə görürsünüz?
- Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları və İsrail qarşılarına qoyduqları məqsədlərə nail ola bilmədilər. Yəni İran gözlənildiyi kimi dəyişmədi, dərhal dağılacaq dövlətə çevrilmədi. Əksinə, hakimiyyətdən narazı qüvvələr də müəyyən müddət ərzində hakimiyyətə qarşı açıq çıxış etmədilər, gözləmə mövqeyi tutdular və bir növ hakimiyyəti müdafiə etdilər.
Bu, əslində ehtimal olunan variantlardan biri idi. Xarici təhlükə yarananda daxildəki ziddiyyətlər müəyyən qədər arxa plana keçir. Əhali çalışır ki, xarici təhlükəyə qarşı birləşsin. Bunun da səbəbləri var. Uzun illər ərzində İranda İsrailə və ABŞ-yə qarşı əks təbliğat aparılıb, bu ölkələrin düşmən obrazı formalaşdırılıb.
Nəticədə İsraildə də İranın düşmən obrazı yaranıb. ABŞ-də isə artıq 1980-ci illərdən etibarən belə yanaşma formalaşıb. Qarşılıqlı düşmənçilik şəraitində dövlətin çökdürülməsi ehtimalı çox aşağı olur və bu da baş vermədi.
Hətta hesab edirəm ki, milli məsələləri ön plana çıxarmağa çalışdılar. Kürdlərə müəyyən vədlər verərək onları İranın üzərinə yönləndirmək istədilər, amma buna da nail ola bilmədilər.
Müharibələrdə tez-tez belə hallar olur: biri çıxıb deyir ki, “mən qalib gəlmişəm”, qarşı tərəf də eyni iddianı səsləndirir. Amma əslində heç bir tərəf qalib gəlməyib.
Əksinə, hesab edirəm ki, Çin bu prosesdən daha çox üstünlük əldə edib və mövqelərini gücləndirib. Rusiya da müəyyən qədər üstünlük qazanmağa başlayıb və imkanlarını genişləndirib.
Bu münasibətlər fonunda artıq ABŞ-də başa düşürlər ki, vəziyyəti daha da gərginləşdirmək onların maraqlarına uyğun deyil. Çünki qarşıdan Konqres seçkiləri gəlir. Digər tərəfdən, Çinlə münasibətlər normallaşmayıb, Rusiya ilə münasibətlər də əvvəlki vəziyyətinə qayıtmayıb.
Avropa Birliyi ilə münasibətlərdə də müəyyən gərginliklər qalır. ABŞ ilə Avropa Birliyi arasında fikir ayrılıqları mövcuddur. Bu baxımdan Vaşinqton çalışır ki, müəyyən güzəştlər əldə edib münaqişədən çıxsın. Ona görə də hazırda danışıqlar aparılır.
Əvvəl deyirdilər ki, “siz gedin dövlət idarələrini dağıdın, biz kömək göndərəcəyik, kömək yoldadır”. İndi isə deyirlər ki, müəyyən razılaşmaya gəlmək lazımdır.
Son tarixlər qoyulur, sonra həmin müddətlər yenidən uzadılır, bir-birilərini tərifləyirlər və sair. Bütün bunlar göstərir ki, proses razılaşmaya doğru gedir.
Bu razılaşmanın mahiyyəti nə olacaq? Mənim fikrimcə, ABŞ müəyyən güzəştlər əldə etməyə çalışır.
Xüsusilə Hürmüz boğazından keçən gəmilərdən alınan ödənişlərlə bağlı məsələ diqqət çəkir. ABŞ buna sözlə etiraz etsə də, faktiki olaraq həmin ödənişlərin tətbiqinə razıdır və bu gəlirlərin bölüşdürülməsində maraqlı görünür.
Hesab edirəm ki, ABŞ daha çox bu istiqamətə fokuslanıb. İsrail isə müharibənin davam etməsində maraqlıdır. Amma anlayır ki, ABŞ-nin iştirakı olmadan İranla uzunmüddətli müharibə aparmaq gücündə deyil.
- Bu bazar günü Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərlə bağlı nə düşünürsünüz?
- Hesab edirəm ki, Ermənistan hakimiyyəti artıq başa düşür və qəbul edir ki, ölkənin dövlət kimi inkişafı, eləcə də əhalinin rifahının yaxşılaşması qonşu ölkələrlə normal münasibətlərdən keçir.
Ermənistanın dünyaya çıxışı haradandır? Bu çıxış ya Gürcüstan vasitəsilə, ya da Gürcüstan-Rusiya xətti ilə mümkündür. Rusiyanın Gürcüstanla münasibətlərinin mürəkkəbliyini nəzərə alsaq, bu variant çox çətin görünür.
Ermənistan ya Türkiyə vasitəsilə, ya da Azərbaycan üzərindən digər ölkələrə çıxış əldə etməlidir. Hakimiyyət bunu qəbul edir.
Cəmiyyətdə ciddi revanşist meyillər var. Amma insanlar bir tərəfdən başa düşürlər ki, artıq sülhün və razılaşmanın alternativi yoxdur.
Digər tərəfdən, revanşist qüvvələrə rəhbərlik etmək istəyən şəxslər – Köçəryan və digərləri artıq nüfuzdan düşmüş, ictimai etimadı itirmiş siyasətçilərdir. İnsanlar onların arxasınca getmək istəmirlər.
Təbii ki, demirəm ki, onların tərəfdarları yoxdur. Var. Amma hesab edirəm ki, hakimiyyət dəyişikliyi ehtimalı yüksək deyil.