2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində bitkiçilik sahəsində məhsuldarlığın artırılması, intensiv istehsalın genişləndirilməsi və müasir aqrar infrastrukturun formalaşdırılması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən regional müşavirədə bildirib.
Nazirin sözlərinə görə, Dövlət Proqramında strateji məhsullar üzrə məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması hədəflənib. Belə ki, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması nəzərdə tutulur.
Məcnun Məmmədov qeyd edib ki, proqram çərçivəsində buğda istehsalının təxminən 20 faiz artırılması, pambıq emalı məhsullarının istehsalının isə 4 dəfə genişləndirilməsi planlaşdırılır.
Nazir vurğulayıb ki, yüksək məhsuldarlığa malik intensiv və superintensiv bağların sahəsinin əlavə 20 min hektar artırılması da əsas prioritetlər sırasındadır.
“İstixana təsərrüfatlarının inkişafı da diqqət mərkəzindədir. Qarşıya qoyulan hədəflərə əsasən, ölkədə istixana sahələrinin 2030-cu ilədək 2 min hektara çatdırılması və Şərqi Zəngəzur iqtisadi rayonunda pilot istixana aqroparkının yaradılması nəzərdə tutulur”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlər daxili bazarın təminatının gücləndirilməsinə, ixrac potensialının artırılmasına və aqrar sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsinə xidmət edəcək.