Modern.az

Xüsusi nümayəndəliklərin maliyyə müstəqilliyi artırılmalıdır - DEPUTAT

Xüsusi nümayəndəliklərin maliyyə müstəqilliyi artırılmalıdır - DEPUTAT

Parlament

Bu gün, 13:00

Xüsusi nümayəndəliklərin sərbəst gəlir mənbələri formalaşdırılmalıdır

Modern.az xəbər verir ki, bunu Milli məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında deputat Tahir Mirkişili “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” layihənin müzakirəsi zamanı bildirib.

Deputat bildirib ki, son günlər Şərqi Zəngəzur iqtisadi rayonunda keçirilən görüşlər zamanı işğaldan azad edilmiş ərazilərdə yaradılan xüsusi nümayəndəlik institutunun fəaliyyətinin müsbət nəticələri müşahidə olunub. Onun sözlərinə görə, sakinlər və sahibkarlar bu institutun fəaliyyətindən razıdırlar və bölgədə iqtisadi aktivlik getdikcə artır.

Tahir Mirkişili hesab edir ki, xüsusi nümayəndəlik institutunun daha çevik və effektiv fəaliyyət göstərməsi üçün onun sərbəst gəlir mənbələrinin formalaşdırılması istiqamətində qanunvericilik bazası təkmilləşdirilməlidir.

“Fikrimcə, biz xüsusi nümayəndəlik institutunun sərbəst gəlir mənbələrinin formalaşması üçün qanunvericilik aktlarında müəyyən hüquqi əsasların yaradılmasına çalışmalıyıq. Bu, yerli institutların daha çevik və effektiv fəaliyyətinə şərait yarada, eyni zamanda dövlət büdcəsinin xərclərini azalda bilər. Beynəlxalq təcrübədə də belə nümunələr mövcuddur. Məsələn, bir sıra ölkələrdə hotellərdə tətbiq olunan şəhər vergisi (“city tax”), təbii resursların istismarı və digər ödənişlərin müəyyən hissəsi yerli büdcələrə yönləndirilir”, – deputat qeyd edib.

Deputat həmçinin diqqətə çatdırıb ki, 2025-ci ildə orta illik inflyasiya 5,6 faizə yüksəlib. Onun sözlərinə görə, inflyasiyanın formalaşmasında həm xarici amillər, xüsusilə idxal inflyasiyası, həm də daxili amillər, o cümlədən dövlət tərəfindən tənzimlənən tariflərin artırılması mühüm rol oynayıb.

Bu səbəbdən fiskal və monetar siyasət arasında koordinasiyanın daha da gücləndirilməsinin vacib olduğunu bildirən Tahir Mirkişili qeyd edib ki, qiymət sabitliyi artıq təkcə Mərkəzi Bankın deyil, bütövlükdə iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ Azərbaycanda kritik əməliyyat -Yüksək vəzifəli şəxs SAXLANILDI