Modern.az

Açılış niyə yayımlanmadı? - İTV-dən Dünya Çempionatı ilə bağlı AÇIQLAMA

Açılış niyə yayımlanmadı? - İTV-dən Dünya Çempionatı ilə bağlı AÇIQLAMA

İdman

Bu gün, 13:04

Futbol üzrə Dünya Çempionatının açılış mərasiminin Azərbaycan İctimai Televiziyasının YouTube platformasında yayımlanmaması azarkeşlərdə məyusluq yaradıb. Məyusluq yaradan nüanslardan biri də Dünya Çempionatının bütün oyunlarının YouTube üzərindən yayımlanmayacağı ilə bağlıdır.  

Modern.az-a açıqlamasında İctimai Televiziyanın mətbuat katibi Ələsgər Vəliyev bildirib ki, YouTube üzərindən yalnız 15 oyunun yayımlanması FIFA-nın lisenziya qaydaları ilə tənzimlənir və bu məhdudiyyət televiziya kanalının qərarı deyil.

“İctimai Televiziya olaraq YouTube üzərindən 15 oyunu yayımlamaq hüququmuz var. Bu, FIFA-nın lisenziya qaydalarından irəli gəlir. Məhdudiyyəti biz tətbiq etmirik. Beynəlxalq hüquq və lisenziya tələbləri belədir. Digər ölkələrdə necə tətbiq olunursa, Azərbaycanda da eyni qaydalar qüvvədədir”, - deyə o qeyd edib.

Ə.Vəliyev yayımlarla bağlı hər hansı maliyyə probleminin olmadığını da vurğulayıb.

Onun sözlərinə görə, turnirin bütün oyunları tamaşaçılara canlı təqdim olunacaq:

“Dünya Çempionatında ümumilikdə 104 oyun keçiriləcək. Onlardan 92-si İctimai Televiziya tərəfindən canlı yayımlanacaq. Qalan 12 qarşılaşma isə eyni vaxtda keçirildiyinə görə, İTV tərəfindən elə bir şərait yaradılıb ki, həmin oyunları CBC Sport kanalı nümayiş etdirsin. Beləliklə, bütün 104 oyun tamaşaçılara canlı şəkildə təqdim olunacaq”.

Mətbuat katibi əlavə edib ki, azarkeşlər qarşılaşmaları təkcə televiziya vasitəsilə deyil, rəqəmsal platformalardan da izləyə biləcəklər.

“Eyni zamanda İTV.az saytında bütün oyunlar canlı yayımlanacaq”, - deyə Ələsgər Vəliyev bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ Azərbaycanda kritik əməliyyat -Yüksək vəzifəli şəxs SAXLANILDI