Siyasətdə, xüsusuilə seçkilərdə jestlər daha təsirli alət hesab edilir. Çox vaxt seçici platformaları yadında saxlaya bilmir, ancaq simvollar unudulmur. Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkiöncəsi jestləri bu baxımdan daha çox diqqət cəlb etdi.
Modern.az məsələ ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının hazırladığı materialı təqdim edir:
2018-ci ildə küçədən hakimiyyətə gələn Paşinyanın siyasi kapitalı əsasən fərqli görünə bilməsi idi. Xatırlayırsınızsa, o dövrün Paşinyanı kostyumlu kabinet siyasətçisi obrazından çıxdı. Çiynində çanta ilə piyada gəzərək, küçələrdə insanlarla eyni ortamı bölüşərək yeni lider obrazı yaratdı. Bu götüntülərə əlavə element kimi kamuflyaj papağını əlavə edən Paşinyanın jestləri “xalqın içindən çıxmış adam” mesajını veriridi.
Onun məşhur “Mənim addımım” kampaniyası da əslində simvol üzərində qurulmuşdu. “Addım” sözü köhnə siyasi elitadan uzaqlaşma və yeni siyasi istiqamət metaforası idi. Fikir verdinizsə, hakimiyyətə gəldikdən sonra Paşinyanın simvolları dəyişməyə başladı. Qarabağ məsələsinin Ermənistan cəmiyyətində yaratdığı siyasi və psixoloji sarsıntılar onun küçə romantikasını arxa plana keçirdi.
Uzun illər Ermənistan siyasətində dominant olmuş işğalçılıq siyasətinin dalana dirəndiyini anlayan elita yeni siyasi dil formalaşdırmaq məcburiyyətində qaldı. Əlbətə ki, bu reallıq Paşinyanın ritorikasına təsirsiz ötüşmədi.
Bir vaxtlar “məxməri inqilab”ın simvolları ilə tanınan Paşinyan bu dəfə sülh, regional kommunikasiyalar və gələcək gündəliyi üzərində siyasi obraz qurmağa başladı.
Onun simvollarındakı dəyişiklik də məhz bu transformasiyanın nəticəsi kimi görünür. Küçə etirazının jestləri tədricən yerini sabitlik, sülh mesajlarına verdi. Beləcə Paşinyanın son illərdə istifadə etdiyi hər yeni simvol Ermənistanın keçmiş siyasətindən uzaqlaşmaq cəhdinin göstəricisi kimi oxunur.
Qəribədir, erməni cəmiyyəti bunlara alışmışkən 2026-cı il seçki kampaniyası göstərdi ki, Paşinyan özünəməxsus oyunabənzər simvollardan imtina etməyib, formatlayıb.
Bu dəfə Paşinyan kampaniyasının ən çox diqqətçəkən elementlərindən biri əlləri ilə yaratdığı ürək işarəsi oldu. İnsanlar bunu ilk vaxtlar o qədər də ciddi qarşılamadı. Hətta başlanğıcda sosial media jesti kimi görünən bu hərəkət zamanla Paşinyanın şəxsi siyasi imzasına çevrildi. Hətta iş o yerə çatdı ki, diplomatlar və xarici qonaqlar da bu vizual dili təkrarlamağa başladılar.
İstənilən halda bu ürək jesti artıq müəyyən mənada hakim siyasi komandanın simvolik repertuarına daxil olub. Hətta Ermənistan mediasında, siyasi müşahidəçilər arasında bu “ürək” jestinin hakim komandanın qeyri-rəsmi siyasi nişanlarından birinə çevrildiyi barədə müzakirələr yarandı.
Yaranmış bu situasiya təsadüfi də görünmür. 2026-cı il seçki kampaniyasının mərkəzində əvvəlki illərdə olduğu kimi küçə etirazı dayanmırdı, “sülh” anlayışı önə çəkilirdi.
Beləliklə, Paşinyanın siyasi simvollarına xronoloji baxanda papaq və çanta ilə qurulan etirazçı obrazı, sonra “addım” metaforası, daha sonra sərt dövlətçilik ritorikası və nəhayət, ürək işarəsi ilə qablaşdırılan “sülh siyasəti” görünür.
Bu gün seçki nəticələri yavaş-yavaş səslənərkən Paşinyan yenə simvollarla danışmağa üstünlük verdi. O, əvvəlki kampaniyalarda tez-tez nümayiş etdirdiyi ürək işarəsindən fərqli ürək, baş və işarə barmağı ilə formalaşdırdığı yeni “şah damar” jestini göstərdi. Şah damar ürəyin başında olur. Bu işarə ilə Paşinyan başlatdığı prosesi sona çatdıracaq lider kimi təqdim etmək istədiyinin görüntüsüdür. Üz ifadəsindəki rahatlıq isə tərəfdarlara ardıcıl təşəkkürləri, rəqiblərə isteza idi. Paşinyan özünü qalib hesab edir. Əgər bu günə qədər göstərdiyi ürək işarəsi onun siyasi kommunikasiya sisteminin mərkəzi idisə, bugünkü jest həmin ürəyə gedən əsas damarları xatırlatdı.
Paşinyan bu jest vasitəsilə siyasi kursunun dəyişməyəcəyini nümayiş etdirir. Özünü ölkəsinə sülh gətirəcək lider kimi təqdim etməyə davam edir. Bu simvolik mesajın cəmiyyət tərəfindən mandatlanacağı məsələsini çox keçmədən seçki nəticələrinin yekun mənzərəsi ortaya qoyacaq.