Azərbaycanın strateji valyuta ehtiyatları 2 milyard dollardan 90 milyard dollara çatıb.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində baş tutan plenar iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında əsaslı dönüş baş verib.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar nəticəsində iqtisadi tənəzzül qısa müddətdə aradan qaldırılıb, torpaq islahatları aparılıb və ölkədə yeni mülkiyyət münasibətləri formalaşıb.
Vüqar Bayramov qeyd edib ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyub.
“Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir. Eyni zamanda, enerji resursları ölkəmizin müstəqil xarici siyasət imkanlarını daha da gücləndirib”, – deyə deputat vurğulayıb.
O bildirib ki, iqtisadi göstəricilər də həyata keçirilən siyasətin nəticələrini aydın şəkildə nümayiş etdirir:
“1993-cü ildə ÜDM-in 7,1 faizini təşkil edən büdcə kəsiri 2002-ci ildə 0,4 faizə qədər azaldılıb. Sosial müdafiə və sosial təminat xərclərinin büdcədəki payı isə 8,5 faizdən 20,4 faizə yüksəlib”.
Deputat son illərdə əldə olunan nailiyyətlərə də diqqət çəkib.
Onun sözlərinə görə, son 23 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, dövlət büdcəsinin gəlirləri təxminən 30 dəfə artıb, strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 90 milyard dollara yüksəlib.
Vüqar Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən artıq 23 milyard manatdan çox vəsait ayrılıb, hazırda 85 minə yaxın vətəndaş həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır.
“Suverenliyimizin tam bərpasının banisi Ulu Öndər Heydər Əliyev, onu reallaşdıran isə Prezident İlham Əliyev və şanlı Azərbaycan Ordusu oldu”, – deyə deputat bildirib.