Modern.az

Əsgərlərinə “İrəli!” yox, “Arxamca!” deyən, Polad Həşimovun təriflədiyi ŞƏHİD

Əsgərlərinə “İrəli!” yox, “Arxamca!” deyən, Polad Həşimovun təriflədiyi ŞƏHİD

Qarabağ

Bu gün, 09:49

Bu gün Vətən müharibəsinin qəhrəman zabitlərindən biri, polkovnik-leytenant Babək Ramaldanovun şəhid olmasının altıncı ildönümüdür.

Modern.az xəbər verir ki, 2020-ci il oktyabrın 16-da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Babək Ramaldanov peşəkarlığı, yüksək hərbi biliyi, komandirlik bacarığı və şəxsi heyətinə münasibəti ilə yadda qalıb.

O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Murovdağ istiqamətində, daha sonra Füzuli və Cəbrayılın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib. Döyüş yoldaşlarının xatirələrində Babək Ramaldanov yalnız hərbi tapşırıqları yerinə yetirən komandir deyil, əsgərlərinin önündə gedən, onlara nümunə göstərən zabit kimi yaşayır.

Hərbçi ailəsində yetişən zabit

Babək Meyvəddin oğlu Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonundan olan Babək Ramaldanov uşaqlıq illərindən hərbi peşəyə maraq göstərib.

O, Bakı şəhərinin Xətai rayonundakı 59 nömrəli məktəbdə təhsil aldıqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Daha sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib və 2004-cü ildən Azərbaycan Ordusunda zabit kimi xidmətə başlayıb.

Hərbi xidmət illərində motoatıcı taqım komandirliyindən hərbi hissənin qərargah rəisi – briqada komandirinin müavini vəzifəsinədək yüksəlib.

Babək Ramaldanovun yetişməsində ailəsinin hərbi ənənələrinin də mühüm rolu olub. Onun dayısı, ehtiyatda olan polkovnik Şair Ramaldanov Birinci Qarabağ müharibəsinin iştirakçısı, Horadiz əməliyyatında fərqlənmiş zabitlərdəndir.

1555805

Müdafiə Nazirliyinin məlumatına görə, Ramaldanovlar ailəsi Azərbaycan Ordusuna ondan çox peşəkar zabit bəxş edib. Babəkin anası Xalidə Ramaldanova da uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çalışıb.

Polad Həşimovun yüksək qiymətləndirdiyi zabit

Babək Ramaldanov təkcə döyüş hazırlığı ilə deyil, hərbi elmlərə yiyələnməsi və yüksək intellektual səviyyəsi ilə də seçilib.

O, 2017–2019-cu illərdə Rusiyada Ümumqoşun Akademiyasında təhsil alıb. 2019-cu ildə akademiyanı fərqlənmə diplomu və qızıl medalla bitirib. Onun adı təhsil müəssisəsinin “Şərəf kitabı”na daxil edilib.

Həmin il Azərbaycana qayıdan Babək Ramaldanov Tovuz qarnizonunda briqadanın qərargah rəisi vəzifəsinə təyin olunub.

Onun peşəkarlığını yüksək qiymətləndirən hərbçilər arasında Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov da olub.

2019-cu ildə xidmət etdiyi briqadaya yoxlamaya gələn Polad Həşimov Babək Ramaldanovun hərbi vəziyyətlə bağlı məruzəsini dinləyib. Gənc zabitin hazırlığı, hərbi bilikləri və peşəkarlığı generalın diqqətini çəkib.

Polad Həşimov onun məruzəsini yüksək qiymətləndirərək deyib:

“Cənab Ramaldanov, mən çoxdandır ki, belə zabit məruzəsi eşitmirəm. Çox razı qaldım, həzz aldım. Sən işləyən adamsan. Sənin parlaq gələcəyin var”.

Bu sözlər Babək Ramaldanov üçün böyük mənəvi dəyər daşıyıb. Polad Həşimov kimi nüfuzlu komandirin onun fəaliyyətini yüksək qiymətləndirməsi gənc zabitin hərbi xidmət yolunda yaddaqalan hadisələrdən birinə çevrilib.

1555808Lakin hər iki hərbçiyə Vətən uğrunda şəhid olmaq qismət olub. Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz döyüşlərində, onun yüksək qiymətləndirdiyi Babək Ramaldanov isə üç ay sonra Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Murovdağdan Cəbrayıla uzanan son döyüş yolu

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Babək Ramaldanov hərbi hissənin qərargah rəisi kimi döyüş əməliyyatlarına qatılıb.

O, müharibənin ilk günlərində şəxsi heyətlə birlikdə Murovdağ istiqamətində aparılan döyüşlərdə iştirak edib. Təxminən 10 gün bu istiqamətdə döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra xidmət etdiyi hərbi hissə Füzuli və Cəbrayıl istiqamətinə göndərilib.

Babək Ramaldanov həmin ərazilərin azadlığı uğrunda əməliyyatlarda həm qərargah rəisi, həm də döyüşçülərin önündə gedən komandir kimi fəaliyyət göstərib.

Döyüş yoldaşlarının xatirələrində xüsusi vurğulanan bir məqam var: Babək Ramaldanov əsgərlərinə “İrəli!” deməkdənsə, “Arxamca!” deyərək özü öndə gedirdi.

1555811

Bu yanaşma onun komandirlik xarakterini ifadə edən ən yaddaqalan xüsusiyyətlərdən birinə çevrilib.

2020-ci il oktyabrın 16-da, müharibənin 20-ci günündə, Cəbrayıl rayonunun Hovuslu kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən Babək Ramaldanov şəhid olub.

38 yaşlı polkovnik-leytenant oktyabrın 18-də Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib.

15558091555807

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Qazaxıstana nota verdi -Azərbaycanlı müğənniyə görə gərginlik