Modern.az

Sürixdə Azərbaycan və Türkiyənin tarixi bayramları qeyd edildi

Sürixdə Azərbaycan və Türkiyənin tarixi bayramları qeyd edildi

Diaspor

8 Noyabr 2023, 14:27

İsveçrənin Sürix şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi, Azərbaycanın Zəfər və Bayraq günləri çərçivəsində türk ənənələrinə həsr olunmuş “Yeddi brilyant” adlı klassik musiqi gecəsi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə-Azərbaycan Dostluq, Mədəniyyət və Həmrəylik Dərnəyinin və Sürix Türk Musiqisi Dərnəyinin birgə təşkilatçılığı ilə məşhur “Swiss Arena”nın konsert zalında baş tutan musiqi gecəsində diplomatik korpusun nümayəndələri və sənətsevərlər iştirak ediblər. 

 

Konsert öncəsi çıxış edən Türkiyənin Sürixdəki Baş konsulu Emre Uygun türk dövlətləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə əvəzsiz töhfələrinə görə təşkilatçılara və dəstəkçilərə minnətdarlığını bildirib. O qeyd edib ki, “Yeddi brilyant”, sadəcə, bir konsert deyil, müxtəlif coğrafi bölgələrdən başlayan və ortaq köklərdə birləşən mədəni səyahətin vədidir.

 

Azərbaycan bəstəkarı Elmir Mirzoyevin bədii rəhbəri olduğu ansamblın üzvləri Meruert Tulenova (fleyta, Qazaxıstan), Erika Varqa (klarnet, Macarıstan), Pərvin Aşari (arfa, Azərbaycan), Eleonora Kotlibulatova (piano, Özbəkistan), Aiken Aitbay (skripka, Qazaxıstan), Yağmur Təkin (viola, Türkiyə) və Nuraim Kolbunovanın (violonçel, Qırğızıstan) ifasında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin eyniadlı baletindən qaynaqlanmış “Yeddi brilyant” adlı konsert proqramı təqdim olunub. 

 

Qeyd edək ki, bu ad Türk Dövlətləri Təşkilatının Əməkdaşlıq Şurasının üzv-ölkələrinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan) yeddi tanınmış ifaçısını bir araya gətirib. Musiqiçilər konsert proqramında öz xalqlarının mədəni müxtəlifliyini mükəmməl şəkildə təcəssüm etdiriblər. Yerli bəstəkarların hər notunda və musiqi əsərində dünyaya sülh və xalqlar dostluğu mesajı verilib.

 

Konsertdən sonra tamaşaçılar bu mədəni hadisəni incəsənətin xalqları və mədəniyyətləri birləşdirə bilməsinin parlaq nümunəsi kimi qiymətləndiriblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?