Modern.az
Qəzənfər Həmidoğlu Ərzaq savaşı: Səmaaltı buğda imperiyası... 

Qəzənfər Həmidoğlu

Ərzaq savaşı: Səmaaltı buğda imperiyası... 

Dünya

19 Yanvar 2022, 20:42

Qəzənfər Həmidoğlu

Ərzağın qlobal bahalaşması fonunda dünya əhalisinin 20%-dən azı dünya taxıl və qarğıdalı ehtiyatlarının 50%-dən çoxunu artıq öz əlində toplayıb. Belə davam edərsə, dünyanın bir çox ölkələrini aclıq riski real təhdid edə bilər.

Planetin əsas ərzaq idxalçısı Çindir. Çin Xalq Respublikasının bir sıra ərzaq növləri üzrə ehtiyatları dünya ehtiyatlarının 50-70%-ni təşkil edir. “Nikkei Asia” nəşri ABŞ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin ilk yarısında Çin dünya qarğıdalı ehtiyatlarının 69%-nə, düyü ehtiyatlarının 60%-nə və taxıl ehtiyatlarının 51%-nə sahib olacaq. ÇXR rəsmiləri gizlətmirlər ki, qida ehtiyatları yığmaqda “tarixi yüksək səvviyə”ni fəth etmək istəyirlər. Hazırda buğda ehtiyatları Çinin 1,5 illik tələbatını ödəyə biləcək səviyyədədir. ÇXR qida məhsullarının (içkilərsiz) idxalına ildə 100 milyard dollar civarında xərc çəkir. 2020-ci ildə Çinə ərzaq idxalı 22%, son 10 illiklərdəsə 360% artıb.

ÇXR hakimiyyətinin siyasətində ərzaq təhlükəsizliyi ön plandadır. Ölkədə ərzaq israfına qarşı qanun qəbul edilib, Kommunist Partiyası və Dövlət Şurası ötən ilin oktyabrında məmurlara qida tullantılarının miqdarının ixtisarına nail olunmasına dair təlimat veriblər.

Beləliklə, çinlilər bir tərəfdən israfdan qaçır, digər tərəfdən dünyada yeməli nə varsa, bir ucdan Səmaaltı imperiyaya daşıyırlar. Ekspertlər əmindirlər ki, Pekinin belə iqtisadi siyasəti logistika xərclərinin artması, məhsuldarlığın azalması, gübrənin bahalaşması, qlobal tələbatın yüksəlməsi və s.-lə birlikdə ərzağın dünya qiymətlərini sıçradan faktorlardan biridir.

Çinin ərzaq ehtiyatlarını artırması bir sıra səbəblərdən qaynaqlana bilər. Ekrspertlərə görə, ölkə güman ki, özünü ticari savaşlardan, pandemiyanın davam etməsindən, quraqlıqdan və ya mümkün enerji böhranından sığortalayır. Hakimiyyət belə ərzaq yığımına vətəndaş narazılığına, sosial etirazlara rəvac verə biləcək ərzağın qiymətlərinin kəskin bahalaşmasına qarşı çarə kimi də baxa bilər.

Çin hökumətinin “ərzaq cəbhəsi”ndə belə fəallığını ABŞ-la mümkün konfrontasiya şəraitində izolyasiya riskinə qarşı Pekinin indidən tədbir qılması kimi də dəyərləndirmək olar. Yaxın gələcəyin artıq indidən qoxusu gələn əsas qarşıdurmasının Vaşinqtonla Pekin arasında olacağı, iki superdövlətin Asiya və Hind-Sakit okeanları regionlarında nüfuz savaşında toqquşacağı barədə XXI əsr girəndən danışılır. Yaxın Şərq və Əfqanıstandakı fiaskolarına rəğmən ABŞ hələ də müdhiş hərbi gücə malikdir və Çinin indiki iqtisadi-hərbi qüdrəti Sem dayının potensialı ilə müqayisə oluna bilməz. CXR rəhbərləri də anlayırlar ki, ABŞ Səmaaltı imperiyanı dəniz yollarını kəsməklə materikə qapada bilər.

Bu anlamda Çinin dünyanın ərzağını özündə toplamasını hərbə hazırlıq kimi də yozmaq olar: müharibə ehtimalının az və ya çox olmasından asılı olmayaraq, Çinin kommunist hakimiyyəti işini ehtiyatlı tutur.

Çinin dünya qidalarını belə qamarlamaqda davam etməsi planeti bir tərəfdən bahalaşma dalğasının davamı ilə təhdid edirsə, digər tərəfdən mümkün və qəfil “ərzaq ixtilafları” riski yaradır. Belə “ərzaq savaşı” tendensiyası, qlobal geosiyasi gərginliyin dərinləşməsi ərzaq təhlükəsizliyinə ekzistensial məsələ kimi hərbi-strateji önəm verir.

Üstəlik, unutmayaq, Azərbaycanın idxal taxılında elə bir ölkə böyük paya sahibdir ki, onun rəhbəri qədim padşahlar kimi savaşı prestij göstəricisi sayır və tarixə “möhtəşəm Vladimir” kimi düşmək istəyir. Kremlin 5 əsr bundan əvvəlki sahibi İvan Qroznı da əmin idi ki, dava etməsən, kimsə sənə hörmət etməz...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi