Modern.az

Paşinyan hansı yolu tutub? - Hazırkı situasiya Ermənistanın arzularına cavab vermir

Paşinyan hansı yolu tutub? - Hazırkı situasiya Ermənistanın arzularına cavab vermir

Dünya

29 Mart 2024, 09:35

Ermənistan tərəfi Baş nazir Nikol Paşinyanın timsalında sülhü istədiyini dilə gətirir. Buna baxmayaraq, İrəvan Hindistan və Fransa kimi ölkələrdən ciddi miqdarda silah alır.

 

Həmçinin, aprelin 5-də ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Nikol Paşinyanın iştirakı ilə Brüsseldə Ermənistanın təhlükəsizliyi, bu dövlətin “inkişafı” ilə bağlı üçtərəfli görüş keçiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. 

 

Maraqlıdır ki, Ermənistan nə etmək istəyir? Hazırkı situasiya onun arzularına cavab verirmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Ermənistan cəmiyyətində hələ də revanş fikrində olanlar çoxdur:

 

“Ermənistanla münasibətlərimizin normallaşması çox təəssüf ki, bu ölkənin siyasəti nəticəsində hələ müəyyən müddət ziddiyyətli şəkildə gedəcək. İlk növbədə Ermənistan cəmiyyətinin təfəkkürü dəyişməlidir. 100 illərlə onlar başqa xalqların torpaqlarına, mədəni irsinə iddia edirlər. Azərbaycan torpaqlarında dövlət yaradıblar. Sonradan hissə-hissə Azərbaycanın bu hissəsini öz torpaqlarına birləşdiriblər. Böyük dövlətlərin dəstəyi ilə bu və ya digər məkrli siyasətlərini həyata keçiriblər. Onların iddiaları ilə beynəlxalq hüquq düz gəlmir. İndiyə qədər Ermənistan cəmiyyəti Azərbaycan Ordusunun rəşadəti ilə terroristləri qovmasını həzm edə bilmir.  Hələ də onlar revanş istəyirlər. Azərbaycan torpaqlarının yenidən işğal etmək istəyirlər”.

Deputat söyləyib ki,  Fransa və Hindistanın Ermənistana silah satması onların anti-Azərbaycan siyasəti ilə bağlıdır:

 

“Hindistan BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə çıxış etdi və səs verdi. Fransanın özünü birinci Ermənistan kimi aparması heç kimə sirr deyil. Lakin bu, nə qədər davam edəcək. Bir ölkənin silahlandırılmasını əbədi olaraq başqa dövlət öhdəsinə götürə bilməz. Ermənistanın isə maliyyə ehtiyyatları isə silahlanmaya imkan vermir”.

 

Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistan yeni reallığa uyğun davranmağa məcbur olacaq:

 

“Artıq əhalidə müharibə əhval-ruhiyyəsi sönməkdədir. Heç kəs Ermənistanın millətçi dairələrinin uğur qazanması naminə övladını qurban vermək istəmir. Yeni reallıq Ermənistanı ona uyğun hərəkət etməyə məcbur edəcək. Ermənistan Azərbaycanla ancaq beynəlxalq hüquqa uyğun, ərazi bütövlüyünü tanınmaq və Zəngəzur dəhlizinin açılmasına imkan verməklə normal əlaqələr qurulmasının  mümkün olduğunu başa düşür. Ermənistan nə qədər tez sülh müqaviləsi imzalasa, o qədər də tez problemləri azalar. Azərbaycana qarşı atdığı qeyri-konstruktiv addımların onun özünə ziyan vuruduğunun bu ölkə fərqindədir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalı, Zəngəzur dəhlizinin normal fəaliyyəti üçün şərait yaratmalıdır. Həmçinin hələ də işğal altında olan 8 kəndimi geri qaytarılmalıdır. Özünü beynəlxalq hüququn tələbləri hüququnda yaşatmaq normasını qəbul etməlidir”.

 

Politoloq Elxan Şahinoğlu isə Ermənistana verilən silahların keyfiyyətsiz olduğunu söyləyib:

 

“Ermənistan İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətlə üzləşdi. 5-6 min hərbçi itirməklə yanaşı, hərbi texnikasının böyük hissəsini itirdi.Cənab Prezident İlham Əliyevin dediyi kimi, ən azı 4-5 milyardlıq silah-sursatı Azərbaycan qənimət kimi ələ keçirib. Bu kiçik və kasıb Ermənistan üçün böyük bir itkidir. Həmin itkinin yerini doldurmağa çalışırlar. Buna görə də müxtəlif dövlətlərdən silah dilənirlər. Rusiyadan isə silah ala bilmirlər və almaq da istəmirlər. Fransa ilə Hindistan qalır. Fransa Ukraynanın almadığı keyfiyyətsiz zirehli texnikanı Ermənistana göndərdi. Son məlumatlara görə Hindistanın göndərdiyi raket kompleksləri də keyfiyyətsizdir. Bunu hətta Ermənistanın keçmiş müdafiə naziri açıqlamasında bildirib. Bir sözlə, Ermənistanın aldığı silahlar da keyfiyyətli deyil. Bunun hesabı da,yəqin ki, gələcəkdə Nikol Paşinyandan soruşulacaq”.

Politoloq qeyd edib ki,  Ermənistanın silah almağa yox, danışıqlara üstünlük verməlidir:

 

“Ermənistanın,əslində Türkiyə və Azərbaycanla barışa ehtiyacı var. Danışqlarla, Ermənistanın silahlanması bir-birinə ziddir. Çünki Ermənistan artıq xəbərdar edilib. Dəfələrlə, cənab Prezident İlham Əliyev Ermənistanın hücum xarakterli raketlər əldə edəcəyi halda, Azərbaycanın buna seyirçi qalmayacağını deyib. Çünki bizim acı təcrübəmiz var. Həmin raketlər müharibə zamanı münaqişə zonasından kənarda olan Azərbaycan şəhərlərini hədəfə alırdı. Ona görə Paşinyan gərək ehtiyyatlı mövqe tuta. Ermənistan Azərbaycanla razılaşma əldə edərsə, onda heç bu silahlara ehtiyacı da olmayacaq. Ona görə də qarşı tərəf daha çox danışıqlara üstünlük verməlidir. Danışıqların dinamikası da artıb. Bu tərəflər üçün müsbətdir. Silahlara xərclənən vəsaitin artırılması Ermənistanın özünün problemlərini dərinləşdirir. Sosial problemlərin həllinə maliyyə yönəldə bilməyəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir