Modern.az

Rusiyada terror aktını kim və niyə törədib? - Ukrayna, seçki və andiçmə...

Rusiyada terror aktını kim və niyə törədib? - Ukrayna, seçki və andiçmə...

Dünya

23 Mart 2024, 12:25

Martın 22-də axşam saatlarında Moskva yaxınlığında yerləşən “Crocus City Hall”da konsert başlamazdan əvvəl bir qrup naməlum şəxs atəş açıb. Konsert zalının binasında yanğın başlayıb və partlayışlar baş verib. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

 

Son məlumatlara görə, terror aktı nəticəsində 80 insan həlak olub, 100-dən çox insan isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

 

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb.                                               

 

Moskvadakı bu hadisə bir neçə həftə əvvəl ABŞ-ın Rusiyada terror aktı ola biləcəyi barədə xəbərdarlıqları diqqət mərkəzinə gətirib. Belə ki, ABŞ-ın Rusiyadakı səfirliyi martın əvvəlində "ekstremistlərin" Moskvada qaçılmaz hücum planları olduğuna dair xəbərdarlıq edib. Səfirlik insanları konsertlərdən və izdihamdan qaçmağa çağırıb, ətraf ərazilərdən xəbərdar olmağa səsləyib.

 

İngiltərə, Kanada, Cənubi Koreya və Latviya kimi ölkələr də ABŞ-ın xəbərdarlığını təkrarlayıblar və öz vətəndaşlarına Rusiyaya getməmələrini söyləyiblər.       

       

Digər tərəfdən terror aktının Rusiyada ötən həftə baş tutan seçkilərdən sonra, Putinin andiçməsindən əvvəl törədilməsi də diqqət mərkəzindədir.

  

Moskvada törədilən terror aktı nəyə hesablanıb?

 

Məsələ iə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, “Crocus City Hall”da baş verən terror aktı çox ağır hadisədir.

 

"Ölən və yaralıların sayı baxımından hadisənin miqyası böyükdür. Əfqanıstandakı İŞİD Xorasan qruplaşması məsuliyyəti öz üzərinə götürüb. 4 nəfərin axtarışı ilə bağlı, artıq məlumatlar yayılmaqdadır. Bununla yanaşı "New York Times" və digər bir neçə dünyaçaplı KİV-lər bir müddət əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə əsaslanaraq, belə hadisələrin Rusiyada törədilə biləcəyi ilə bağlı məlumatlar dərc edib. Lakin Rusiya buna bir şantaj kimi qiymət vermişdi. Çox ağır məsələdir. 80-ə yaxın terror qurbanı barədə məlumat var. Ən ciddi məsələ yanğındır. Yəqin ki, yanğın tam lokallaşdıqdan sonra daha çox məlumatlar əldə olunacaq. Bir neçə versiya üzərində işləyirlər. Terror aktı, yanğın törədilməsi, bunların qəsdən və əlbir olmaqla edilməsi kimi məsələlər cinayət işi ilə bağlı aparılan istintaqda aydınlaşacaq. Bir məsələni qeyd etmək lazımdır ki,  dəsti-xətt baxımından belə hadisələrdə adətən girovlar da götürülür. Burada isə kiminsə, girov götürülməsindən söhbət getmir. Əsas məsələ insanları heç bir siyasi, məsləki əqidəsinə baxmadan güllələmək, öldürmək və həmin ərazini dağıtmaq olub. Yəni bu dağıdıcı xarakter daşıyan terror aktıdır. Burada siyasi motivlər, bir-birinə qarşı qərəz ola bilər. Bunların hamısını xüsusi xidmət orqanları və digər strukturlar aydınlaşdıracaq”.

A.Nağıyev vurğulayıb ki, terroru törədənlər ən ağır cinayətkarlardır:

 

“Siyahıya baxanda həm gənc, həm də yaşlı nəslin nümayəndələri, körpələr var. Bu, acınacaqlı haldır. Təbii məsələdir ki, terrorçunun  milliyyəti olmaz. Bir sıra versiyalar onu göstərir ki,hadisəni törədənlər ən ağır cinayətkarlardır. Birgə səy və koordinasiyalı şəklində məsələlər aydınlaşdırılmalıdır. Təbii ki, ölənlərlə bağlı Azərbaycan Respublikasının rəhbərliyi, Xarici İşlər Nazirliyi tərəfindən artıq başsağlığı verilib. Hadisə nəticəsində yaxınlarını itirənlər təbii ki, psixoloji gərginliklər yaşayırlar. Artıq Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsilə hadisə yerinə vətəndaşlarımızın olub-olmadığı məsələsi aydınlaşdırılır. Bunlar da çox mühüm məsələdir. Bəzi detallara gəldikdə, deyə bilərik ki, terroru həyata keçirən təşkilat nümayəndəsinin silahını atıb getməsi, hadisənin killer vasitəsilə həyata keçirilməsinə eyhamdır. Bu istiqamətdə yoxlamaların keçirilməsi də labüddür. Düşünürəm belə də olacaq. Belə halların təkrarlanmaması üçün hüquq-mühafizə orqanlarının, ümumiyyətlə, belə böyük yerlərin mühafizəsində iştirak edən qurumların öz işini ən yüksək səviyyədə həyata keçirməsi vacibdir. Əməliyyat şəraitinə tam şəkildə riayəyt olunduqda, eyni zamanda bu əməliyyat şəratinin bütün detalları yerinə yetirildikdə belə halların qarşısını almaq mümkün olur. Düşünürəm ki, bütün detallar və versiyalar ən yüksək səviyyədə, peşəkarlıqla araşdırılacaq və öz məntiqi nəticəsinə çatacaq”.

 

Deputat vurğulayıb ki, azərbaycanlılar erməni terrorundan əziyyət çəkən bir xalq kimi, sözügedən terror aktını pisləyir və tezliklə cinayətkarların öz layiqli cəzasını almasını arzulayır.

 

Milli Məclisin digər bir deputatı Naqif Həmzəyev terrorun Rusiya ilə Ukrayna arasında sülh istəməyən qüvvələr tərəfindən həyata keçirildiyini söyləyib:

 

“Təəssüflər olsun ki, növbəti dəfə insanlıq əleyhinə törədilmiş terrorun şahidi olduq. Xüsusilə də,  Vladimir Putinin yenidən Prezident seçilməsindən sonra belə bir terrorun törədilməsi hadisənin Rusiya dövləti və dövlətçiliyinə qarşı hədəfləndiyini söyləməyə imkan verir. Digər yandan terror aktı Fransanın açıq-aşkar Ukraynaya hərbçi yollamağa və Rusiyaya qarşı savaşmağa hazır olduğunu bildirməsindən sonraya təsadüf edir. Beləliklə, terror aktının törədilməsi bu və ya digər formada Qərblə Rusiya arasında münasibtələri daha da qızışdırmağa, Rusiyanı daha aqressiv müharibə aparmağa sövq və məcbur etmək üçün atılmış addım ola bilər. Rusiya Prezidenti Vladimir Putinin sülhə hazır olduğu ilə bağlı açıqlama vermişdi. Belə bir vaxtda bu cür terror aktının törədilməsi sülhün baş tutmasını istəməyənlərin atdığı addım kimi də dəyərləndirilə bilər. İŞİD-in terroru öz üzərinə götürməsi də müəyyən məqamlardan xəbər verir. Düzdür, bu, ilkin  xəbərdarlıqdır. Başqa terror qruplarının da hadisədə əli ola bilər. Amma İŞİD-in kimlər tərəfindən yaradılıb, idarə olunduğunu biləndə, demək olar ki, Rusiya-Ukrayna müharibəsində yumşalmanı və sülhü istəməyən qüvvələr sözügedən terror aktını sifariş ediblər. Bundan  əlavə, terrorun Fələstində baş verənlər fonunda müsəlmanların qisasını almaq məqsədilə törədildiyini də deyə bilərik”.

N.Həmzəyev terroru qınadığını vurğulayıb

 

“İstənilən halda, bu, insanlıq əleyhinə törədilmiş terror aktıdır. Mən bu terroru qınayıram.  Azərbaycan xalqı və dövləti olaraq uzun illər terrordan əziyyət çəkmişik. Bu baxımdan biz terrora, müharibəyə yox deyirik. Sülhün, insanların bir-birilə mehriban və firavan yaşamasının tərəfdarıyıq. Bu gün biz Azərbaycan dövlətinin vətəndaşları olduğumuz üçün fəxr edirik. Şükürlər olsun ki, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Azərbaycan dövləti hər bir vətəndaşının təhlükəsizliyinin qarantıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bütün hüquq-mühafizə və xüsusi dövlət orqanlarına, eləcə də hərbçilərimizə, sərhədçilərimizə  çox sağ ol deyirik. Hər bir Azərbaycan vətəndaşını birliyə, həmrəyliyə çağırıram. Dövlətçiliyimizin qorunması ilə bağlı məsələlərdə həmrəy olaq! 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirlərində olduğu kimi, yenə də bir yumruq olacağıq. Bununla da, bizi istəməyən qüvvələrə qarşı birgə dayanacaq, bu cür terror aktlarının qarşısını dövlətimizlə birgə alacağıq. Bir daha terroru qınayır, dünyasını dəyişənlərə Allahdan rəhmət, onların yaxınlarına isə səbr diləyirik. Ümid edirik ki, bu cinayəti törətmiş şəxslər  və qruplar öz layiqli cəzalarını alacaqlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir