Modern.az

AKP-nin böyük İstanbul mitinqi - Ərdoğan çıxış etdi

AKP-nin böyük İstanbul mitinqi - Ərdoğan çıxış etdi

Dünya

24 Mart 2024, 20:58

Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ölkənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının böyük İstanbul mitinqi təşkil edilib.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mitinq Atatürk hava limanının ərazisində baş tutub.

 

“Yenidən İstanbul” şüarı ilə seçkilərə gedən partiyanın İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Türkiyənin sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumdur.

 

Çıxışında ötən il prezident seçkilərində İstanbuldan səslərin 48 faizini topladığını qeyd edən Rəcəb Tayyib Ərdoğan bunun üçün seçicilərə təşəkkürünü bildirərək Murat Kurumla İstanbulda yeni bir dövrün başlayacağını deyib.

 

Türkiyə Prezidenti son 21 ildə İstanbula 1 trilyon 650 milyard lirə dövlət sərmayəsinin qoyulduğunu deyərək, bu dövr ərzində görülən işlərdən danışıb.

 

Bildirilib ki, İstanbulda 21 il əvvəl 350 kilometr olan bölünmüş yolun uzunluğu 794 kilometrə qədər artırılıb. Məqsəd İstanbul üçün hazırlanan 1100 kilometrlik relsli sistem layihələrinin tamamını həyata keçirməkdir. Şəhərlərin yenidən qurulması layihəsi çərçivəsində 228 min mənzil inşa edilərək sahiblərinə təhvil verilib. Daha 23 min 866 mənzilin tikintisi davam edir. Səhiyyə sahəsi üzrə İstanbulda 18 min 417 yataq tutumu olan xəstəxanalar da daxil olmaqla 178 səhiyyə müəssisəsi açılıb.

 

Mitinqə təxminən 650 min nəfər iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir