Modern.az

Repressiya acısını yaşayan şair

Repressiya acısını yaşayan şair

Ədəbi̇yyat

30 Noyabr 2017, 14:47

El şairi kimi tanınan Yunis Dağlının ədəbiyyat tariximizdə öz yeri, öz dəsti-xətti vardır. Poeziyamıza yeni nəfəs gətirən Yunis Dağlı keşməkeşli, iztirablı, həm də coşğun həyat yolu keçmişdir. O, 1922-ci ildə Bakının Dağlı məhəlləsində dünyaya göz açıb. Atası Əbdülcavad Molla İsmayıl oğlu təhsilli olmasına baxmayaraq, külfətini dolandırmaq üçün bənna işləyirdi. Lakin övladlarının təhsil almasına diqqət yetirirdi.     

Yunis Dağlı ilk təhsilini Bakida, Çənbərəkənddəki II şura məktəbində almışdır.Məktəbdə qabiliyyəti, biliyi və hazırcavablığı ilə seçilən şagirdlərdən idi. Bu məktəbdə ona dərs deyən sevimli müəllimləri- şair Cəfər Rəmzi İsmayılzadə və İbrahim Hilali Yunisin haqqında daim yüksək fikir söyləyərdilər.

Hələ uşaqlıqdan poeziyaya, ədəbiyyata böyük maraq göstərən Yunisin məktəb qəzetlərində şerləri çıxırdı. O, bu vaxtlar əsasən, lirik və Sabiranə şerlər, mənzum hekayələr yazardı. Şerlərinin ilk dinləyicisi və tənqidçisi təbii ki, əmisi oğlu- XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli şair və pedaqoq Mikayıl Müşfiq idi. Yunis boş vaxtlarını Müşfiqgildə keçirər, oraya gələn şair və yazıçıların maraqlı söhbətlərinə, diskussiyalarına qulaq asardı. Belə görüşlər onu sənətə daha da yaxınlaşdırır və şerə olan həvəsini daha da artırırdı.      
Klassik ədəbiyyata dərindən bələd olan Yunis böyük ədiblərin əsərlərindən bəhrələnirdi. Bu da onun şeirlərinə öz müsbət təsirini göstərirdi. Bütün varlığı ilə özünü sənətə, şeirə, yaradıcılığa kökləmişdi. Lakin şeir, sənət aləminin kandarında onun qarşısına səd çəkdilər...

1937-ci il qanlı repressiya seli İsmayılzadələr ailəsindən də yan keçmədi. Müşfiq həbs edilərkən, Yunis böyük qardaşıVahabla birlikdə onun evindən həmin dövrdə qadağan edilmiş türk şairlərinin – Tofiq Fikrətin, Namik Kamalın, Ə.Həmidin və başqalarının kitablarını çıxarıb qohumlarının mənzilində gizlətmişdi. Məhz bu səbəbdən, Yunis Dağlı 37-ci il repressiyasına 15 yaşında ikən məruz qalıb həbs olundu və uzaq Sibirə sürgün edildi. İşgəncələrə məruz qaldı. Elə əmisi oğlu, “Xalq düşməni” elan edilmiş Mikayıl Müşfiqin ölüm xəbərini orada öyrənir. Bəli, yaşının bu erkən çağında yüksək təbə malik bu ilham sahibi sözün əsl mənasında burulğana düşür, doğmalarından aralı qərib ellərdə, məşəqqətlərdə həyat mübarizəsi aparır. Amma, qanında, canında çağlayan, kükrəyən, söykökündən gələn genetik təb, ilham pərisi onun həyat yoluna işıq saçır. Onu daha da mətinləşdirir, mübariz olmağa ruhlandırır. Gələcəyə ümid işığı yandırır, ömrünü sönüb-səngiməyə qoymur.   

O, 1948-ci ildə həbsdən azad olur. Lakin ona Bakıda yaşamağa icazə verilmədiyindən o, Siyəzən yaxınlığındakı Qızılburun kəndində özünə sığınacaq tapır. “Siyəzənneft” NQÇİ-də çalışır. Eyni zamanda yaradıcılığla da məşğul olur. O, 1953-ci ildə Bakıya qayıdır, ailə qurur.                   Yunis Dağlı poeziyanın müxtəlif janırlarında qələm çalmış, ədəbiyyat xəzinəmizi 500-ə yaxın qəzəl, 2 bəhri-təvil, lirik şerlər, poemalar, nəsihətlər, rübailər, bayatılar, uşaqlar üçün alleqorik mənzum nağıllarla zənginləşdirmişdir. Əsərlərindən bəzi nümunələr dövri mətbuatda, həmçinin, “Kirpi” jurnalında bir neçə dəfə çap olunmuşdur.

Şair təbiət vurğunu idi. O, təbiətə sonsuz məhəbbətini Xızıdakı Qaynarça bulağına həsr etdiyi eyni adlı şerində coşğun hiss və həyəcanla göştərmişdir:

                                              

Əslim hava, atam bulud, anam dağ,                                                                                            
Başım üstə günəş, ay, ulduz çıraq,                                                                                               
Gözəlliyi məndən alır hər budaq,                                                                                                 
Qidasıyam cümlə bəşəriyyətin,                                                                                                 
Ziynətiyəm mən də bu təbiətin.


Yunis Dağlının əsərlərində nəsihətlər, böyüklərə, xüsusilə də atalara hörmət xüsusi yer tutur:

                                              
Ana ümmansa, oğul, qarlı böyük dağ atadır,                                                                             
Bizi hər təhlükədən hifz edən ancaq atadır.                                                                                                                                                                                                                                                                                                                         

Yunis Dağlı sənətdə Mikayıl Müşfiqi özünün müəllimi hesab edirdi. Müşfiq yaradıcılığına dərindən bələd idi, onu dünyalar qədər sevirdi. Müşfiqin gənc yaşında ikən günahsız qətlə yetirilməsi Yunisi daim ağrıdırdı.Bunun nəticəsi idi ki, o Müşfiqə bir-birinin ardınca yanıqlı, həsrət dolu şerlər yazırdı:


Nə tez tərk etdin, ey ustad büsatü-zövqi-dünyanı                                  
Pərişan eylədin cümlə rəfüqü-əhli-ürfanı.

Ölüm labüd, bilir aləm, fəqət şair olan kəslər                                         
Yaşar daim könüllərdə, deyil bi sirr pünhanı.

Silinməz lövhi-sinəmdən bu dağı-firqətin Müşfiq                                   
Demə Yunis, fəqan etmə, unut getsin bu xülyanı                                                                               

və ya                 
     

Ey xalqımızın sevgili gənc şairi Müşfiq                                                    
Bülbül nə edər söylə çəmənzarı görən tək.

Sağ olsa idin mən bilirəm ki, nə deyərdin                                                
Göz yaşı ilə Yunisi-qəmxarı görən tək.


Klassik ədəbiyyatımızı və əruzu mükəmməl bilən Yunis Dağlının yaradıcılığında qəzəl janrı xüsusi yer tutur. Belə ki, o, bütün hiss və duyğularını, qəlb çırpıntılarını, sevgi və məhəbbət motivlərini, ictimai-siyasi baxışlarını bu janr vasitəsilə daha da gözəl ifadə etməyə nail olmuşdur. Onun qəzəllərində həssas duyum, uğurlu qafiyələr, təşbehlər üstünlük təşkil edir. Digər qəzəlxanlardan fərqli olaraq, Yunisin qəzəllərində ilk beytdən sonuncuya qədər bir mövzudan söhbət gedir.                                                                                                                             
Məhəbbət, eşq, şəfqət, ülfət, dostluq, sədaqət, mərdlik, torpağa, vətənə bağlılıq və sevgi, ailə bütövlüyü Yunis Dağlı qəzəllərinin mayasını təşkil edir:

                                              

Sevgilim, dünyada sən tək cana canan harda var,                                                                     
Can verən, can-can deyən, bir can alan can harda var?

                                              
Nur ilə sevda evin ey şux çırağban eylədin                                                                                  
Surəti-pakın kimi bir mahi-taban harda var?

                                              
Gül camalın çoxların heyran edib, eşqindəsə                                                                              
Binəva Yunis kimi bir qəlbi viran harda var?

           
Yunis Dağlı şifahi xalq ədəbiyyatına, folklora dərindən bağlı idi. Onun bayatıları, rübailəri bu baxımdan çox səciyyəvidir:

                                                          

Mən aşiq gül budağı                                                                                                                     
Gülün nə göy, nə acı                                                                                                                     
Küsdürmüşdüm yarımı                                                                                                                
Burdan gəlir sorağı.

                                                          
Mən aşiq dil açanda                                                                                                                                  
Körpələr dil açanda.                                                                                                                     
Bülbüllər vəcdə gələr                                                                                                                    
Qönçələr gül açanda.

                                                          
Mən aşiq yar dilinə                                                                                                                       
Obasına elinə                                                                                                                                 
Səadətimdir düşüb                                                                                                                        
Qəlbim onun əlinə


Mənalı poeziyası ilə xalqın dərin məhəbbətini qazanan şair Yunis Dağlı doğma torpağa, xalqına, elinə  könlünün qırılmaz telləri ilə bağlı olan sənətkardır və xalq onu hər zaman yaşadacaqdır. Ömrünü, sağlamlığını, var qüvvəsini xalqının mənəviyyatına sərf edən şairin ədəbi irsinin  tədqiqatçı alimlər tərəfindən  araşdırılması, yaradıcılığı bütün məziyyətləri ilə oxuculara çatdırılması zənnimcə, daha məqsədəuyğundur. El şairinin adı əbədiləşdirilmişdir. Onun adına Bakı şəhərinin Yasamal rayonunda küçə verilmişdir. Çox xoş ki, ailəm həmin küçədəki ünvanda yaşayır. Vaxtilə çalışdığı “Siyəzənneft” NQÇİ-də bildiyim qədər 1992-ci ildə xatirə lövhəsi vurulmuşdu. Əsərləri tam olmasa da 2 dəfə dərc olunub. Məncə əsərlərinin tam şəkildə nəfis kitab şəklində buraxılmasına ehtiyac vardır. Yunis Dağlı təkcə şair deyil, həm də 1990-cı ilin 20 yanvarında xalqımızın azadlığı, suverenliyi yolunda canından keçən şair Cavad Qəmli kimi oğul böyütmüş və Vətənə qurban vermiş şəhid atasıdır. Ölməz Müşfiqin sözlərini bu gün Yunis Dağlıya da aid etmək olar:

                                                          

Xəlqilə titrəyən, xəlqilə gülən                                                                                                       
Vətənçin yaşayan, Vətənçin ölən                                                                                                 
Səmimi bir insan nə bəxtiyardır.

 

Qafar Əsgərzadə
əməkdar jurnalist, pedaqogika
üzrə fəlsəfə doktoru

 

Şairin aşağıdakı şeirini oxuculara təqdim edirəm:           

                                                                  
Xəzərəm.

                                              
Mən coşğun dalğalı bir dənizəm ki,                                                                                             
Heç nə varlığımı qorxuda bilməz                                                                                                 
Elə cazibəli gülbənizəm ki,                                                                                                                  
Hər gələn hüsnümü unuda bilməz.

                                              
Bir böyük ümmanam Xəzərəm-Xəzər.                                                                                        
Qoynumda boy atmış bu gözəl Bakı                                                                                            
Neçə dastanım var dillərdə əzbər                                                                                                          
Bitməz xəzinədir qucağım sanki.

                                              
Mənimlə fəxr edir bu qarlı dağlar                                                                                               
Daşqın ürəyiyəm çılğın sellərin.                                                                                                   
Dəli Kür, Volqa da köksümdə çağlar                                                                                      
Şirin nəğməsi tək bizim ellərin.

                                              
Qırpmaram gözümü əssə min külək                                                                                            
Axı cövhəriyəm bu təbiətin.                                                                                                         
Hər görən zövq alır, duyur ki, gerçək                                                                                     
Gözəl örnəyiyəm əbədiyyətin.

                                              
Boylanıb üfüqdən günəş hər səhər                                                                                              
Köksümdə qurulan cəlalə  baxır.                                                                                                  
Oyanıb yuxudan sanki o dilbər                                                                                                    
Sinəmə saldığı cəmalə baxır.

                                              
Şair də zövq alır bu mənzərədən                                                                                                  
Təbi cuşa gəlir bir bülbül kimi.                                                                                                    
Ruhuna nur saçır bu əziz vətən                                                                                                   
Açılır ürəyi qızıl gül kimi.

                                              
Odur sahilimdə gəlib tüğyana                                                                                                      
İnsanlıq naminə dastan yaradır.                                                                                                  
Bəli, şair var ki, salıb səhmana                                                                                                 
Min söz cövhərindən dərman yaradır.

 

Yunis Dağlı (İsmayılzadə)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!