Aydın Dadaşov
Ən mavi dənizin kənarındakılar...
1936–cı ildə Y.V.Çəmənzəminlinin tərcüməsində «Çapayev» filminin rus dilindən Azərbaycan dilinə çevrilməsi ilə dublyajın əsası qoyuldu və milli dildə bədii əsərlərin ssenariləşdirilməsi üçün zəmin yarandı. «Mosfilm» və «Azərfilmin» birgə istehsalı olan, kinorejissorlar; Lev Kuleşovun tələbəsi, səsli film sahəsində təcrübəsi olan Boris Barnetlə (1902-1965) ÜDKİ-nin beşinci kurs tələbəsi, Sergey Eyzenşteynin yetirməsi, ilk azərbaycanlı peşəkar kinorejissor Səməd Mərdanovun birgə çəkdikləri «Ən mavi dənizin kənarında» (ssenari müəllifi K.B.Mints. 1936) filmi kino tariximizin ilk səsli ekran əsəri sayıldı. Filmdə hadisələrin cərəyan etdiyi Azərbaycan mühitinə, personajlarına etinasızlıq bir çox ziyalılarımızı məyus etsə də, dövrün keşməkeşlərinə göz yummaqla arzu edilən şən, qayğısız, xoşbəxt insan həyatının gözəlliyinin tərənnümü kimi bədii yalan müəlliflərin əsas məqsədinə çevrilir.
1 iyun 1936-cı il tarixli «Ədəbiyyat» qəzetindəki «Pis ssenaristin oy alıb gəldiyi yerdə» məqaləsində baxdığı filmin ilk epizodunun məzmununu: «Qara çadralı bir türk qadın, özündən başqa insan olmayan bir yerdə çadrasına bərk-bərk bürünüb oturmuş, ağzında uzun tənbəki çubuğu tüstüləyir, ruzigar qadının yamaqlı tumanını oynadır, qadının cılız baldırları görünür» cümləsi ilə sadalamaqla, bu filmdə Azərbaycanın məsxərəyə qoyulmasına qarşı çıxan ədəbiyyatşünas-filosof Məmmədkazım Ələkbərli «XVIII əsrdə yaşayan kürdlər kimi enli şalvarının tuman bağını ədəbsiz-ədəbsiz yelləndirən, artıq muzey eksponatına çevrilmiş başmaq geyinib, başına onu lotu bambılıya bənzədən papaq qoymaqla sarsaq türk obrazı yaradan» (Ələkbərli М.Ə.Pis senaristin oy alıb gəldiyi yerdə.Ədəbiyyat q. 01-06- 1936) Yusifi öz dilini gülünc şəklə salmaqda, siyasi diktəyə tabe olan müəllifləri isə milli siyasəti anlamamaqda, azlıqda qalan xalqları mədəniyyətsiz cahil, görməyə çalışmaqda təqsirləndirməsi, repressiyalara qədərki dövrdə hələ ki, ziyalıların ictimai fikrə təsir iqtidarında olduğunu təsdiqləyir. Nəzərə almaq lazımdır ki, film ekranlara çıxdıqdan az sonra məhz bu məqalənin təsiri və Səməd Mərdanovun təkidi ilə haqqında söhbət gedən ilk epizod filmdən çıxarıldı.
Beləliklə dənizdə tufana düşmüş, dənizçilərin güclü dalğalarla mübarizəsini əks etdirən kadrlarda qarşıdurmanın iki gün davam etməsi titrlərdə göstərildikdən sonra xilas edilən iki gəncin adaya çıxarılması ilkin hadisəni səciyyələndirir. Adadakı balıqçı torları, yelkənli gəmilər və balıq ovu mərasimi mühitin mənzərəsini yaratsa da, əsas diqqətin yalnız üç aparıcı personajlara yönəlməsi nəzərdən qaçmır.. Özü ilə birlikdə xilas etdiyi tara xüsusi qayğı göstərməsə də, əlindən yerə qoymayıb rusca çətinliklə danışan Yusiflə (Lev Sverdlin), Alyoşanın (Nikolay Kryuçkov) göndəriş vərəqələrinin yazıları suda pozulsa da, onların üç ay müddətinə adadakı balıqçılıq kolxozuna ezam olunmaları məlum olur. Hər iki dostun balıqçıların briqadiri Maşaya (Elena Kuzmina) vurulması rus xalq mahnıları fonunda komik məqamlarla təqdim olunur. Mexanik Alyoşanın sevgilisinə hədiyyə almaq naminə özünü xəstəliyə vurması ilə balıqçıların planı yerinə yetirməsində vacib olan matorlu qayıqdan imtina edilməsi istehsal posesində durğunluq yaradır.
Filmdəki üç əsas personajdan yeganə azərbaycanlı Yusifin «köpək oğlu» sözünü işlətməsi milli mənsubiyyəti lüzumsuz mətn hesabına göstərir. Sapı qırılaraq dənizə düşmüş muncuğun əvəzinə, özünü xəstəliyə vurub işdən yayınaraq şəhərdən yenisini alıb gətirməklə Maşanın rəğbətini qazanmaq istəyən Alyoşadan fərqli olaraq «dərdimi dağa desəm, dağ əriyər» məsəlinin, boğazını çəkib «mən ölüm» söyləyən Yusif milli göstəricisini mətndə bəyan etməkdə davam edir. Əsas dramaturji hadisədə kolxozda yeganə mexaniki olan Alyoşanın işdən yayınmasının ictimai bəla kimi yığıncaqda müzakirəsi dövrün ruhuna uyğun gəlir. «Filmdə Azərbaycan xalqının üçüncü nümayəndəsi yığıncaq zamanı ağzına su alıb oturmuş, adamdan çox kukla təsiri bağışlayan, meşşan tamaşaçıların zövqünə uyğun motal papaqlı və kim olması aydınlaşmayan bir adamdır» yazmaqla qənaətində haqlı olan Məmmədkazım Ələkbərli isə bir müddət sonra məhz belə bir iclasın fitvası ilə xalq düşməni sayılmaqla məhv edildi.
İclasda dostu Yusifin çıxışından sonra özünə bəraət qazanmaq istəyən Alyoşanın gözü qabağına Maşanın kəndirini qırdığı muncuğunun döşəməyə səpələnməsi vizuallığı artırmaqla yanaşı, cəmiyyətə yad ünsür saydığı mənfi personaja nifrətin təzahürünə çevrilir. İclasdan sonra gəmidə Yusiflə Maşanın yaxınlaşması fonunda güzəştə gedən Alyoşanın kənara çəkilməklə tum çırtlaması (hələ repressiya dövrü deyil) rəğbətin yalnız siyasi motiv üzərində qurulduğunu təsdiqləyir. Maşayla gələcək toyunu təsvir edən Yusifin əlini qulağının dibinə qoyaraq «Uca dağlar başında» adlı xalq mahnısının: «Uca dağlar başında bir sürü qoyun, uzaqdan baxmaqla mən necə doyum» mətnli oxuması personajın milli mənsubiyyətini parlaq şəkildə səciyyələndirir. Qasırğalı dənizdə dostlarının Maşa üçün savaşdığı məqamda gəmiyə suyun dolması məkan ziddiyyətini də qabardır. Dənizə düşən Maşanın həyatı uğrunda mübarizə bir nəticə vermədikdə yaranan matəm məqamında, artıq ezamiyyət müddəti bitən Alyoşa ilə Yusifin şəhərə qayıtmaqlarının gözlənilməsi ziddiyyəti genişləndirir.
Adadakı gözlənilən məhsul bayramı üçün bəzənmiş klubda keçirilən matəm mərasimində çıxış edən balıqçının kədəri fonunda, suda qərq olmuş Maşanın belindəki xilasetmə kəmərinin köməyi ilə üzüb sahilə çıxması gözlənilməzlik yaratmaqla fabulanı zənginləşdirir. Matəmdən sevincə keçidin suya baş vurub xırda balıqlar götürən qağayılarla, rəqs edənlərin paralel montajı canlanmanı attraksionların montajında yaradır. Xilaskar zənn edilərək əllər üstə atılıb-tutulan, başdan ayağa təzə geyimli Yusifin Maşanın Alyoşayla getdiyinə həyacanlansa da, adamlardan xilas ola bilməməsi komizmi artırır. Rədd edilən Alyoşadan sonra Yusifə okeanda gəmidə xidmət nişanlısının fotoşəklini göstərərək başqasının sevdiyini, sədaqətini qoruyacağını söyləyən Maşa komnizimi davam etdirir. Artıq qayıqla açıq dənizə çıxan Alyoşanın ardınca ayaqqabılarını asdığı tarını da götürüb qaçan Yusifin yelkəni qaldırması, dənizçi nəğməsini oxuması və dalğalı dənizdə çıxan günəşin fonunda qağayıların uçuşu filmi tamamlayır.
Kinoşünas Nelli Hacınskayanın «Ən mavi dənizin kənarında» haqqındakı: «Qəhrəmanlardan birisi azərbaycanlı olsa da, bununla da, bütün milli göstəricilər tükəndiyindən film Azərbaycan kino sənətinə aid olmadı» (Гаджинская Н.Ш. Киноискусства страны огней. М., 1971. с.26) fikri əslində sovet kinosu kontekstindən kənarda qalır. Çünki xüsusən otuzuncu illərdə bütün hallarda milliliyə qarşı çıxan sovet kinosunda məqsəd milliliyin əldə edilməsi ola bilməzdi. Kinoda milli təfəkkürün önə çəkilməsi əsas götürüldüyündən əsərdəki üç personajdan biri olan Yusif aktyorun, Meyerxoldun tələbəsi Lev Sverdlinin timsalında milli mənsubiyyətindən asılı olmayaraq azərbaycanlılığı qorudu. İlk peşəkar təhsilli kinorejissorumuz Səməd Mərdanovun filmdə sorejissorluğu, milli ruhlu mətnin, mahnıların ifasına təsirsiz ötüşməmişdi.
Səməd Mərdanovla Moskvada Tretyakov qalereyasında təsadüfən tanış olub münasibətləri sonradan dostluğa çevrilən kinorejissor Mikayıl Mikayılovun yazdığı: «Bu gənc rejissor hər sözünü, hər söhbətini sənətlə əlaqələndirirdi. Yüksək zövqə malik idi. Klassik və müasir Azərbaycan ədəbiyyatını müntəzəm surətdə oxuyar, bu və ya digər sənətkar haqqında mühakimələr yürüdərdi. Müşfiqlə dost idi. Bir neçə dəfə onların Nəsimi və Xəyyam haqqında söhbətinə qulaq asmışam»(Mikayılov M,Y, Axtarışlarla keçən ömür.Ədəbiyyat və incəsənət. q. 21-12- 1963) mülahizələri milliliyin geniş təzahürünü təsdiqləyir.
«Ən mavi dənizin kənarında» filmində Maşa rolunun ifaçısı Elena Kuzminanın: «Barnet xəstələndiyindən əsas səhnəni Səmədlə məşq edərkən işdən xüsusi zövq aldım» (Кузмина Е.А. Отом что помню. М., 1976. с 229) qənaəti də, bunu sübut edir. Filmin sorejissoru Səməd Mərdanovu bəzən Mərdani soyadı ilə təqdim edən tədqiqatçı M.A.Kuşnirovun yazdıqları isə daha təffərrüatlıdır. Onun: «Xüsusən Mərdanov yaradıcı mühitdə müsbət, xoş, ilhamverici əhval-ruhiyyə yaradırdı. Deyilənə görə Mərdanov qeyri-adi, işini bilən, həssas insan imiş. Nə qədər gülməli olsa da, qafqazlı olmasına baxmayaraq, qızğınlığı qasırğaya çevrilən Barneti özünün təmkini, səbri ilə o tarazlaşdırırmış» ( Кушниров М.А. Жизнь и творчество Бориса Барнета. М., 1971. с.137) cümlələri tutarlı səslənir.
Filmin yaranmasının əlli illiyi ərəfəsindəki tədbirdə, çəkiliş meydanında, Lənkəran ərazisindəki Sarı adasında olmuş kinoşünas Aydın Kazımzadənin: «Nikolay Afanasyeviç (Alyoşa rolunun ifaçısı N.Kryuçkov) bu mahnını filmin yubiley gecəsində elə oxudu ki, hamımız heyran qaldıq. Axı ömrü boyu Rusiyada yaşayıb yaratmış görkəmli rus aktyoru azərbaycanca mahnı oxuyurdu. Özü də 50 il bundan əvvəl öyrəndiyi xalq mahnısını» (Kazımzadə А.Ə. Bizim Azərbaycanfilm.B., 2004. с.45.) xatirəsi də, özünün deyil, tərəf müqabilinin yad dildəki mətnini xatırlamaqla pərəstiş yaratması, Səməd Mərdanovdan əlavə ikinci operator Mirzə Mustafayevin, rejissor assisenti Məmməd Əlilidən əlavə dramaturji funksiya daşımadıqlarından ekranda görünməsələr də, çəkiliş qrupunu əhatələndirən mühitin təsirindən xəbər verir.
Aydın Dadaşovun “Kinoşünaslıq” dərsliyindən B., 2009.