Modern.az

Əbədi sülh arzusu

Əbədi sülh arzusu

Aktual

2 İyun 2022, 19:11

Bu gün müasir dünyamızda ən çox ehtiyac duyduğumuz, tez-tez səslənən kəlmələrdən biri sülhdür. Bunu istər ailədaxili, istər cəmiyyətimizdəki insanlararası və kollektiv  anlamda, istərsə də, geniş qlobal anlamda hər birimiz yaşayırıq. Bununla yanaşı, ən çox arzu etdiyimiz dəyərlərdən biri də sülhün, məhz ədalətli sülhün mövcud olmasıdır. Çünki hər bir cəmiyyətin inkişafı, habelə insan hüquqlarının səmərəli təmin olunması,ilk növbədə, məhz sülh və əmin-amanlığın bərqərar olmasından asılıdır.

 

Müharibələr bir çox mədəniyyət nümunələrinin, tarixi, milli, maddi dəyərlərin məhvinə səbəb olur. Münaqişə və müharibələr insan həyatına, insanların ən ali hüququ olan yaşamaq hüququna birbaşa təhdiddir. Müharibələrdən zərər görən maddi nümunələri bərpa etmək müəyyən dərəcədə mümkün olsa da, insan həyatını yenidən geri qaytarmaq mümkün deyil, insan həyatı əvəzolunmazdır. Çox təəssüf ki, uzun illər boyu işğalçı Ermənistan tərəfindən Azərbaycan da bu sarıdan əziyyət çəkib.Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, bir milyondan artıq soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, təhsil, səhiyyə, mədəniyyət ocaqlarımız, tarixi-dini abidələrimiz tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, terrora məruz qalmışdı.İşğalçı erməni hərbi birləşmələri işğal altındakı torpaqlarımızda kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vururdu, o cümlədən dinc əhali girov götürülürdü, insanların mülkiyyət, təhlükəsiz yaşamaq və digər hüquqlarını pozurdu.2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 2 yaşı hələ tamam olmamış Zəhranın  faciəsi  azərbaycanlı uşaqların öldürülməsi, girov götürülməsi ilə bağlı ermənilərin törətdiyi daha bir cinayət idi.

 

1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır.  1988-1989-cu illərdə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən  azərbaycanlılar arasında xeyli uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir.

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusunun gücü ilə 30 ildən sonra torpaqlarımız işğaldan azad olundu. Bu gün işğaldan azad olunmuş torpalarımızda geniş bərpa və quruculuq işləri aparılır, erməni vandalizmi nəticəsində dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur və dirçəldilir.

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ülvi niyyəti kimi təsbit olunub.

 

Ümummilli liderimiz tərəfindən qoyulmuş sülhsevər siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Cənubi Qafqazda ən qüdrətli, sarsılmaz, güclü orduya malik olan Azərbaycan dövləti regionun lideridir.

 

Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağımızda davamlı sülhə nail olmaq üçün bu gün də səylə çalışır. Prezident İlham Əliyev dövlətimizin sülh tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.

 

Şəfa Kazımova

Odlar Yurdu Universitetinin müəllimi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı