Modern.az

Türkiyədən vacib mesaj: Qərbi Azərbaycan məsələsini nəzərə alırıq

Türkiyədən vacib mesaj: Qərbi Azərbaycan məsələsini nəzərə alırıq

Qərbi Azərbaycan

Bu gün, 12:06

Cənubi Qafqazda son aylarda diqqət çəkən diplomatik proseslərdən biri də Türkiyə Prezidentinin vitse-prezidenti Cevdet Yılmazın İrəvana səfəri olub. Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində baş tutan səfər Türkiyə–Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Səfər zamanı Cevdet Yılmaz Ermənistanın Baş naziri Nikol Paşinyan və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirib. Tərəflər regional sabitlik, kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlıq və normallaşma prosesi ətrafında fikir mübadiləsi apardılar.

İrəvan görüşlərinin ən diqqətçəkən nəticələrindən biri isə Ani körpüsü ilə bağlı olub. Türkiyə və Ermənistan nümayəndələri tarixi Ani körpüsünün birgə bərpasına dair memorandum imzalayıblar. 

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın İrəvan səfərini və orada əldə edilən razılıqları Modern.az-a şərh edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, son hadisələr Türkiyə–Ermənistan münasibətlərində uzun illərdir nəzarətli və ehtiyatlı şəkildə davam edən normallaşma prosesinin artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir:

"Xüsusilə Türkiyə Prezidentinin vitse-prezidenti Cevdet Yılmazın İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və digər erməni rəsmilərlə keçirdiyi görüşlər, eləcə də Ani körpüsü ilə bağlı atılan texniki və simvolik addımlar yalnız diplomatik nəzakət jesti kimi deyil, “kommunikasiya kanallarını daimi hala gətirmək” iradəsi kimi qiymətləndirilir.

Lakin burada mühüm bir məqam var: Ankaranın yanaşması “Azərbaycandan müstəqil normallaşma” modeli deyil. Əksinə, proses Bakı ilə koordinasiyalı şəkildə aparılır. Türkiyə üçün məsələ yalnız Türkiyə–Ermənistan sərhədinin açılması deyil, həm də Cənubi Qafqazda davamlı sabitlik mühitinin formalaşdırılmasıdır. Bu səbəbdən Ankara, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq fonunda Prezident İlham Əliyev hakimiyyətinin həssaslığını nəzərə almayan siyasət yürütməməyə xüsusi diqqət yetirir.

Son illərdə Türkiyə diplomatiyasının əsas tezislərindən biri də belədir: “Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən ayrı düşünülə bilməz. Ankara regionda normallaşmanın sürətləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və xalqlar arasında təmasların gücləndirilməsi istiqamətində siyasətini davam etdirmək niyyətində olduğunu vurğulayır".

Ş.Ayrım vurğulayıb ki, rəsmi Bakının maraqları bir neçə əsas istiqamətdə xüsusilə nəzərə alınır:

"Bu istiqamətlərə Zəngəzur dəhlizi və regional nəqliyyat xətlərinin açılması, sərhədlərin qarşılıqlı tanınması və ərazi bütövlüyü məsələsi, sülh müqaviləsinin imzalanması, Qərbi Azərbaycan məsələsi və deportasiya olunmuş şəxslərin hüquqları, regionda davamlı təhlükəsizlik arxitekturasının qurulması kimi məsələlər aiddir. “Bizim ailəmiz Türk dünyasıdır” yanaşması çərçivəsində Türk Dövlətləri Təşkilatı və ümumilikdə Türk dünyası ilə əlaqələrin daha möhkəm əsaslar üzərində inkişaf etdirilməsi də əsas nüansdır".

Türkiyəli deputat türkiyə ilə Ermənistanın Ani körpüsünü birgə tikməklə bağlı razılaşmasını isə belə şərh edib:

"Ani körpüsü məsələsi isə simvolik baxımdan xüsusi diqqət çəkir. Çünki bu körpü yalnız fiziki keçid nöqtəsi deyil, tarixi yaddaşın, qədim ticarət yollarının və psixoloji baryerlərin yenidən müzakirəyə çıxarılması anlamına gəlir. Qafqazda bəzən bir körpü diplomatik bəyanatdan daha böyük siyasi məna daşıya bilir. Məsələnin Rusiya və İran aspektinə gəlincə, burada daha geniş geosiyasi balans hesablarının olduğu aydındır".

Türkiyəli deputat proseslərdə Rusiya və İranın maraqlarına da toxunub.

"Cənubi Qafqaz uzun illər Rusiyanın təhlükəsizlik təsiri altında formalaşıb. Lakin Rusiya-Ukrayna müharibəsindan sonra Moskvanın regiondakı imkanlarının qismən zəifləməsi yeni siyasi boşluqlar yaradıb. Türkiyə, Avropa və müəyyən dərəcədə ABŞ bölgədə diplomatik təsir imkanlarını artırmağa çalışır. İran isə xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələri özünün şimal-cənub strateji xətti baxımından diqqətlə izləyir. Çünki regionda formalaşa biləcək yeni nəqliyyat marşrutları İranın tranzit əhəmiyyətinə birbaşa təsir göstərə bilər. Bu səbəbdən Tehran Türkiyə–Azərbaycan tandeminin bölgədə həddindən artıq güclənməsini diqqətlə müşahidə edir və zaman-zaman sərt mesajlar verir. Bununla belə, Ankaranın hazırkı siyasəti birbaşa Rusiya və İranı regiondan kənarlaşdırmaq məqsədi daşımır. İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə vurğulandığı kimi, Türkiyə bölgədəki problemlərin region ölkələri tərəfindən həll edilməsinin tərəfdarı olduğunu bildirir. Ankaranın əsas məqsədi daha çox regiondakı geosiyasi sistemi tək mərkəzli modeldən çıxarıb, çoxaktorlu əməkdaşlıq platformasına çevirməkdir.Türkiyə bu çərçivədə özünü NATO üzvü, Türk dünyasının əsas siyasi aktorlarından biri, enerji və logistika marşrutlarının əsas mərkəzi,regional dialoq imkanlarına malik güc, Türk dünyasının daha da güclənməsini istəyən dövlət kimi mövqeləndirir".

Şamil Ayrım qeyd etdi ki, bütün bu proseslərin mərkəzində yenə də Bakı–Ankara koordinasiyası dayanır.

"Çünki Türkiyə üçün Azərbaycanla strateji uyğunluq yalnız taktiki diplomatik qazanc məsələsi deyil. “Bir millət, iki dövlət” prinsipi artıq sadəcə emosional qardaşlıq ifadəsi yox, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə və regional diplomatiya müstəvisində konkret geosiyasi modelə çevrilib. Qısaca desək, Türkiyə Ermənistanla nəzarətli normallaşma siyasəti aparmaq istəyir, lakin bunu Azərbaycanın təhlükəsizlik və siyasi həssaslığını nəzərə almadan həyata keçirməyi doğru hesab etmir. Hazırda Qafqazda bütün tərəflər eyni anda həm qapılar açır, həm də siyasi şahmat oynayır. Açıq desək, regionun xarakteri də məhz bundan ibarətdir".

Qeyd edək ki, Türkiyə–Ermənistan sərhədi 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Kəlbəcərin işğalından sonra bağlanıb. Həmin dövrdən etibarən iki ölkə arasında diplomatik münasibətlər faktiki olaraq dondurulmuş vəziyyətdə qalıb. Ani körpüsü isə tarixən Anadolu ilə Cənubi Qafqaz arasında mühüm keçid və ticarət nöqtələrindən biri hesab olunub.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV