Azərbaycan kinosunun yaddaşında elə simalar var ki, onlar bir obrazla belə tamaşaçının qəlbinə yol tapa biliblər. Əkbər Fərzəliyev də belə simalardandır... Yəqin ki, bu ad-soyad çoxlarına tanış gəlməyə bilər. O halda “Qızmar günəş altında” filmindəki Aydın obrazını yada salaq... Əkbər Fərzəliyev məhz bu filmdə oynadığı gənc həkim rolu ilə bir nəslin yaddaşına həkk olunan sənətkarlardandır.
Modern.az saytının çoxdandır ara verdiyi “Yaddan çıxmış sənətkarlar” layihəsində budəfəki təqdimat heç bir fəxri adı olmayan tanınmış kino aktyoru, istedadlı teatr rejissoru və peşəkar hüquqşünas Əkbər Fərzəliyev haqqındadır.
Bu yaxınlarda - 15 may tarixində Əkbər Fərzəliyevin anım günü idi...
Onun qəribə taleyi olub: əvvəlcə daxil olduğu ali məktəbi yarıda buraxıb, sonra ikinci ali təhsil alıb, tələbə ikən teatrda işləyib, ardınca kinoya çəkilib, daha sonra sənəti ataraq doğma rayonuna köçüb və orada hüquqşünas kimi fəaliyyət göstərib...

Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində dünyaya gəlib. 1953-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. Lakin buradakı təhsilini atasının istəyilə III kursdan sonra dayandırıb.
Daha sonra valideynlərinin arzusuna uyğun olaraq indiki Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub və 1971-ci ildə oranı bitirib.
Əkbər Fərzəliyev sənətə təsadüfən gəlsə də, ekran onu dərhal qəbul etmişdi. O dövrün Azərbaycan kinosu yeni simalar axtarırdı. Gənc Əkbər Fərzəliyev isə zahiri görkəmi və daxili enerjisi ilə seçilirdi.
Azərbaycan Dövlət Pedaqoji İnstitunda oxuduğu illərdə kino mühitinə düşməsi onun həyatını dəyişmişdi. “Bəxtiyar” filminin kütləvi səhnələrə dəvət olunması gələcək aktyorun taleyində dönüş nöqtəsinə çevrilmişdi.
Əslində, onun sənət yolu teatrın kulisindən başlamışdı. O illərdə Azərbaycan Dövlət Dram Teatrının səhnəarxasında olmaq belə gənc aktyor üçün böyük məktəb sayılırdı. Dövrünün məşhur korifeylərini yaxından görmək, onların nəfəsini hiss etmək Əkbər Fərzəliyev üçün universitetdən də böyük dərs idi. O özü sonralar həmin günləri həyatının ən böyük xoşbəxtliklərindən biri adlandırmış və bu barədə özünün yazdığı "Mənim kino xatirələrim” adlı memuarında qeydlər etmişdi:

“Hər axşam tamaşadan qabaq teatra gedib rejissorun göstərişinə əsasən paltarımızı geyinib kütləvi səhnələrdə çıxış edirdik. İlk dəfə burada teatr sənətimizin dahiləri Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Əjdər Sultanov, Rza Əfqanlı, Məlik Dadaşov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Mərziyə Davudova, Məhluqə Sadıqova, Möhsün Sənani və başqalarını gördüm. Onlarla salamlaşmağı, çay stolu arxasında oturmağı özümə böyük fəxarət sayırdım”.
Amma teatrdan fəqli olaraq kino onu daha böyük auditoriyaya tanıtdı.
“Kinoya ilk gəlişim təsadüfi olub, 1955-ci ildə bir qrup tələbə yoldaşımla kinostudiyada çəkilən "Bəxtiyar” filmində kütləvi səhnələrə dəvət olunmuşduq. Sevincimdən sanki uçurdum. Kino ekranında özümü görmək mənə qəribə və ecazkar gəlirdi”, - deyə o, "Mənim kino xatirələrim” memuarında yazıb.
Ə.Fərzəliyev "Bəxtiyar” (1955), "O olmasın, bu olsun” (1956), "Qızmar günəş altında” (1957), “Ögey ana” (1958), “Əsl dost” (1959), "Koroğlu” (1960), "Mollanın sərgüzəşti” (1960), "Bizim küçə” (1961) və daha bir neçə filmdə müxtəlif rollar oynayıb.
1956-cı ildə çəkilən “O olmasın, bu olsun” filmində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin gənclik obrazını canlandırmaq təsadüfən ona həvalə olunmamışdı. Quruluşçu rejissor Hüseyn Seyidzadə Üzeyir bəyə çox oxşayan Əkbər Fərzəliyevi tərddüd etmədən “O olmasın, bu olsun” filminə çəkmişdi.
Hətta bununla kifayətlənməyib aktyoru Üzeyir bəyin xanımı Məleykə Terequlovanın yanına tanışlığa da aparmışdı.
“O zaman (1956-cı ildə) Məleykə xanım sağ idi və "Kommunist” küçəsindəki (indiki "İstiqlaliyyət”) "monolit” adlanan binada yaşayırdı. Hüseyn müəllim (Seyidzadə), mən və başqa bir nəfər maşına oturub yola düşdük.
...Hüseyn müəllim rusca məni ona təqdim etdi. Qarı üzümə diqqətlə, oxu linzası ilə baxıb: "Doğrudan da Üzeyirimi mənə pay gətirmisiniz”,-dedi. Onların evindəki şəkillərin əksəriyyətində mənim oxşar cizgilərim hiss olunurdu.
Biz çıxanda qarı mənə uğurlar dilədi”, - Əkbər Fərzəliyev "Mənim kino xatirələrim” adlı memuarında yazıb.

Ə.Fərzəliyev “Ögey ana” filmində epizodik rol da olsa, usta Əbdülü canlandırıb. “Bizim küçə” kinopovestində isə boks üzrə məşqçi rolunda çəkilib.
Onu məşhurlaşdıran əsas ekran işi isə “Qızmar günəş altında” filmi oldu. Bu filmdə yaratdığı Aydın obrazı Azərbaycan tamaşaçısı üçün yeni qəhrəman tipi idi - romantik, ziyalı, vicdanlı və insanlara bağlı bir gənc.
Filmdə şəhərdən kəndə işləməyə gələn gənc həkim Aydın Zeynalovun fədakar əməyindən, burada ilk məhəbbətini tapmasından bəhs olunur.
Aydınin simasında o dövrün insanı öz gələcəyini, ideallarını, təmiz niyyətlərini görürdü. Əkbər Fərzəliyev həmin rolu içdən yaşayaraq oynamışdı. Onun baxışlarında süni pafos yox idi. Aydın obrazını unudulmaz edən də məhz bu təbiilik idi. Tamaşaçı da ona aktyor kimi yox, doğma adam kimi inanırdı.

Əkbər Fərzəliyev Rusiya istehsalı olan "Al yelkənlər" (Mosfilm, 1961) filmində dalğıc rolunda da çəkilib. O, “Koroğlu”, “Ögey ana”, “Əsl dost”, “Bizim küçə” kimi ekran işlərində epizodik obrazlarda görünsə də, böyük rollar davam etmədi.
Yeri gəlmişkən, Əkbər Fərzəliyevi cavanlığında 1941-1945-ci illər müharibəsinin azərbaycanlı qəhrəmanı - əfsanəvi Mehdi Hüeynzadəyə çox oxşadırmışlar. Elə buna görə də onu "Uzaq sahillərdə” filminin baş qəhrəmanı Mixaylo roluna çəkilməyə dəvət edirlər. Sınaq çəkilişlərindən çıxmış aktyorlar arasında bu rola real namizədlərdən biri Ə.Fərzəliyev imiş. Lakin filmin rejissoru Tofiq Tağızadənin Moskvada aktyor Nodar Şaşıqoğlu ilə görüşü vəziyyəti dəyişir və Mixaylo roluna ikinci dəvət olunur...
Əkbər Fərzəliyev böyük kino karyerası qurmaq üçün lazım olan hər şeyə sahib idi - yaraşıq, səs, ekran plastikası, daxili enerji… Lakin tale onu başqa istiqamətə apardı.
1955-1961-ci illərdə "Azərbaycanfilm” kinostudiyasında aktyor, 1960−1961-ci illərdə rejissor assistenti işləyən Ə.Fərzəliyev 1963-cü ildə kinodan uzaqlaşıb.
Səbəb nə idi?
Bəlkə kino mühitinin sərt qanunları, bəlkə bölgəyə bağlılıq, bəlkə də şöhrət dalınca qaçmayan xarakteri…
Əkbər Fərzəliyev sənətdən küsmədi. Sadəcə, həyatını başqa cür yaşamağı seçdi.

O, dogma rayonuna - Qusara qayıtdı. 1963-cü ildə Qusar rayonunda Ləzgi Xalq Teatrını təşkil edib, həmin ildən teatrın rejissoru, 1965−1970 ci illərdə Qusar rayon Mədəniyyət evinin direktoru vəzifələrində işləyib. Ləzgi Xalq Teatrının təşkili, mədəniyyət evinə rəhbərlik, tamaşalara quruluş verməsi onun sənət eşqinin hələ də yaşadığını göstərirdi. Rejissor kimi “Dağlar şahiddir”, “30 qəpiklik cərimə”, “Yarımın atası”, “İmam Şamil” kimi tamaşalara quruluş verdi. Xüsusilə “İmam Şamil” tamaşası bölgədə böyük maraq doğurmuşdu.
Əkbər Fərzəliyev yalnız aktyor deyildi - elə onun həyatının ən maraqlı tərəflərindən biri də bu idi.
O hüquq təhsili almışdı, bir müddət hüquqşünas, hətta məhkəmə hakim kimi çalışdı. Sənətlə hüququ bir ömrə sığdırmaq hər adama nəsib olmur. Bir tərəfdə səhnə işığı, digər tərəfdə məhkəmə zalının soyuq ciddiyyəti… Bu iki fərqli dünyanın arasında o, öz insanlığını qoruyub saxlaya bildi.
Əkbər Fərzəliyevin sənət yolunu araşdırmış Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin sözlərinə görə, o, 67 illik ömrünün 40 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına həsr etmişdi.
“Əkbər Fərzəliyev mərd adam idi, onun fikirləri ilə əməlləri üst-üstə düşürdü. Böyüklərə, xüsusilə valideynlərə hörmət onun üçün ən ümdə məsələ idi. Onun üçün ata sözündən çıxmaq valideynlərə xəyanət etmək demək idi…
Əkbər Fərzəliyev məhz atasının arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunu yarımçıq qoyub Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu. Müsahibələrinin birində ona verilən "Nə üçün aktyorluğu atıb hüquqçu oldunuz” sualına belə cavab vermişdi: "Atamın bir kəlməsi mənim üçün təkzibedilməz qanun idi. Valideynlərimin vəsiyyəti ilə hüquqçu oldum. Onlar məni bu sahədə görmək istəmişdilər””.

Kinoşünas deyir ki, Ə.Fərzəliyev haqqında danışanlar ilk növbədə onun təvazökarlığını xatırlayırdılar. Şöhrəti görmüş adam üçün isə bu, nadir keyfiyyətdir. O, paytaxtda qalaraq məşhur həyat yaşaya bilərdi. Amma rayon mədəniyyətinə xidmət etməyi seçdi. Bəlkə də buna görə adı zaman-zaman unuduldu.
Halbuki Azərbaycan kinosunun tarixində “Qızmar günəş altında” filminin Aydını hələ də yaşayır. Film bu gün də sevilərək izlənilir.
Bütöv sənət adamı olan Əkbər Fərzəliyev həm də şeirlər yazırdı. “İntizar”, “Qusarım”, “Gəl barışaq”, “Zalım fələk” kimi poetik nümunələr onun daxilindəki həssas insanı göstərirdi. "İntizar" şeirinə bəstəkar Ruhəngiz Qasımova musiqi bəstələyib və həmin mahnı bu gün də müxtəlif müğənnilərin ifasında səslənir.
Ə.Fərzəliyev 1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqında hüquqşünas təyin olunub və 1993-cü ilin sonunadək bu vəzifədə çalışıb. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi də işləyib.
1999-cu il mayın 15-də ağır xəstəlik nəticəsində dünyasını dəyişən Əkbər Fərzəliyev bu gün kino tariximizin səssiz qəhrəmanlarından biri kimi xatırlanır. O, fəxri ad almadı. Barəsində böyük tədbirlər keçirilmədi. Adı tez-tez televiziya verilişlərində çəkilmədi. Amma ən böyük mükafatı xalq yaddaşı oldu.
Bu gün Azərbaycan tamaşaçısı “Qızmar günəş altında” filmini xatırlayanda ilk yada düşən simalardan biri yenə də Aydındır. Və o Aydının çöhrəsində Əkbər Fərzəliyevin saf, işıqlı baxışları yaşayır.
Kinoşünas Aydın Kazımzadənin sözlərinə görə, vəfatının 40-cı günündə Qusarda nəşr olunan “Samur” qəzetində Əkbər Fərzəliyevin 1998-ci ildə övladlarına yazdığı “Vəsiyyətnaməsi” çap olunmuşdu.
Bu ibrətamiz vəsiyyətnamədə Əkbər Fərzəliyev övladlarına yazırdı:

“Əziz balalarım! Məni bu yaşda bürümüş xəstəliklər sağlamlığımı günü-gündən zəiflədir, yaşamaq ümidimi azaldır... Bizim iradəmiz xəstəliklər qarşısında acizdir. Bütünbunları nəzərə alaraq qərara gəldim ki, mənim sizə olan sözüm, kəlamım qalsın ki, onu ardıcıllıqla həyata keçirəsiniz və aranızda təmiz, doğma ab-hava bərqərar olsun.
Hamınız qarşısında, Allahın yanında üzüağam, ömrüm boyu başım aşağı olmayıb. Qalan ömrümü də qeyrətlə,
namusla başa vurmağa çalışıram...
Birinci kəlamım: həmişə aranızda səmimiyyəti, qarşılıqlı hörməti və birliyi saxlayın. Böyük-kiçik tanıyın, ədalətli olun...
İkinci kəlamım: mülkiyyət payında və diqqətin ayrılmasında hamınız bərabər olmusunuz. Bütün varlığımı sizin
təhsil almağınıza, evlənməyinizə və ev-eşik qurmağınıza sərf etmişəm...
Üçüncü kəlamım: ailənizdə, evinizdə baş verəcək bütün tədbirləri müştərək həyata keçirin, tək əldən səs çıxmaz".
Bəzi aktyorlar çox filmə çəkilir, amma unudulur.
Bəziləri isə bir obrazla yaddaş olur.
Əkbər Fərzəliyev həmin yaddaş adamlarından idi...
Ə.Qafarlı