Modern.az

Bir şəklin tarixçəsi: Vəli Axundovun kəsdiyi lent Bakıya yeni dövr gətirdi

Bir şəklin tarixçəsi: Vəli Axundovun kəsdiyi lent Bakıya yeni dövr gətirdi

Reportaj

Bu gün, 10:09

1967-ci ilin soyuq noyabr günlərindən biri… Bakı küçələrinin altında illərlə qazılan tunellər artıq istifadəyə hazır idi. Şəhər nəfəsini saxlayıb yeni dövrün başlanmasını gözləyirdi. O gün yerin altında hərəkətə başlayan ilk qatar Bakının gələcəyini, ritmini və milyonlarla insanın gündəlik həyatını da özü ilə daşıyacaqdı...

Modern.az saytı “Bir şəkoin tarixçəsi” rubrikasında növbəti təqdimatını edir.

Zaman 1967-ci ilin 6 noyabrı… Məkan Bakı Şəhər Sovetinin binasının qarşısı...

Azərbaycanda tikilmiş metronun ilk stansiyasının açılışı...

Bakı həmin gün yeni nəqliyyat vasitəsi qazanırdı. Şəhər öz ritmini, gələcəyini və illərlə davam edəcək “yeraltı həyatını” qarşılayırdı.

Fotoda açılış lentini kəsən şəxs Azərbaycanın o dövrdəki rəhbəri Vəli Axundovdir.

Şəkli şərh edən Vəli Axundovun qızı Nigar Axundova deyir ki, Bakı metrosunun tikintisi atasının həyatında ən böyük layihələrdən biri idi:

“Atam bu layihəyə böyük zəhmət və enerji qoymuşdu. Buna görə də 1967-ci il noyabrın 6-da Bakı metrosunun ilk stansiyası olan “Bakı Soveti”nin açılışında olduqca xoşbəxt idi. Çünki Bakı metrosunun tikintisi onun həyatının ən böyük layihələrindən biri idi.
Metro tikintisi 1950-ci illərdə başlasa da, 1953-cü ildə mürəkkəb geoloji şərait səbəbindən dayandırılmışdı. Yalnız 1960-cı ildə SSRİ rəhbəri Nikita Xruşşovun Bakıya səfərindən sonra atam tikintinin bərpasına və bu mühüm layihənin maliyyələşdirilməsinə nail ola bildi”.

Kadrda insanların baxışları diqqət çəkir: maraq, qürur, bir az da gələcəyə inam… O gün sovet dövrü Bakısının siması dəyişdi və şəhərin gələcəyinə yeni yol açıldı...

Bu gün - 14 noyabr tarixi Vəli Axundovun anadan olmasının 110 illiyi tamam olur. Qızı deyir ki, 1960-cı illər Azərbaycan üçün “mülayimləşmə”, yenilənmə dövrü idi. Bu dövr təkcə ədəbiyyat və incəsənətdə deyil, idarəçilik üslubunda da özünü göstərirdi. Vəli Axundov insanlarla münasibətdə tamamilə yeni üslub gətirmiş, ən mühüm strateji məsələlərdə belə humanizmi, xalqın və ölkənin maraqlarını ön plana çəkmişdi.

Vəli Axundov Azərbaycan Tibb İnstitutunu bitirib. 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1953-1954-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 1954-1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri vəzifəsində çalışıb.
1958-ci il fevralında Azərbaycan KP MK katiblərindən biri seçilib, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 
1959-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilən V.Axundobv respublikanın 10-cu rəhbəri olub. O bu vəzifədə 10 il çalışıb.

Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi dövr - 1959-cu ilin iyulundan 1969-cu ilin iyulunadək - Sovetlər İttifaqının, о cümlədən Azərbaycanın həyatında çox gərgin və mürəkkəb bir dövr olub. O zaman Stalinin ölümündən sonra Xruşşovun hakimiyyəti dövründə Sovetlər İttifaqının həyatında çoxlu dəyişikliklər gedirdi. 
Vəli Axundovun birinci katibliyi Xruşşov hakimiyyətinin ikinci 5 illik mərhələsinə düşmüşdü. 

Arxiv sənədləri sübut edir ki, hələ o vaxtlar da ermənilər Qarabağ məsələsini qaldırıblar. Ermənilər Moskvadakı himayədarlarının köməyilə Azərbaycanın Ermənistanla sərhəd rayonlarındakı bəzi torpaqlarımızı öz torpaqları kimi əllərinə keçirməyə çalışıblar. 

14 iyul 1969-cu ildə Azərbaycan KP MK plenumu çağırılır. Plenum V.Axundovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad edərək, Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin etmək barədə qərar çıxarıb. 

1969-cu ildə birinci katib postundan uzaqlaşdırılan V.Axundov 3 il Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini tutub.

Vəli Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?