Modern.az

Hər bir şəhid hərbçimizin vərəsəsi 11 min manat sığortapulu alacaq

Hər bir şəhid hərbçimizin vərəsəsi 11 min manat sığortapulu alacaq

Aktual

4 Avqust 2014, 15:45


Son günlər döyüş tapşırığını yerinə yetirərkən Azərbaycanın 14 hərbi qulluqçusunun həlak olması, bir neçəsinin isə yaralanması hərbçilərin sığortalanması məsələsini gündəmə gətirib. Xatırladaq ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa görə, hər bir  hərbi qulluqçu dövlət tərəfindən 110 manat ödənilməklə 11 min manat məbləğində sığorta edilir.
Həmin Qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətidir və həmin Şirkət hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirir. Beləliklə, qanuna uyğun olaraq həlak olmuş hərbi qulluqçuların vərəsələrinə ümumilikdə 154 min manat ödənilməlidir. Yaralanan hərbi qulluqçular isə sığorta ödənişini əlillik təyin olunduqdan və xəsarət dərəcəsi müəyyənləşdikdən sonra ödəniş ala bilərlər.

“Ödənişdə heç bir problem yoxdur”

Modern.az saytı fins.az-a istinadən '“Azərsığorta” ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Aftandil Hacıyevin məsələyələ bağlı açıqlamasını təqdim edir:

“İlk növbədə şəhid hərbi qulluqçularımızın ailələrinə başsağlığı veririk və  xalqımıza səbr diləyirik . Onların hər birinin ruhu qarşısında baş əyirik. Bu gün rəsmi qəzetlərdən əldə etdiyimiz məlumata görə, 12 nəfər hərbi qulluqçu həlak olub və  ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər.  Əlbəttə, hadisə baş veribsə, həlak olanların sayının 1 nəfər və yaxud 12 nəfər olmsının fərqi yoxdur. Hər bir hərbi qulluqçunun vərəsəsi 11 min manatı alacaqdır. Bununla bağlı heç bir problem yoxdur”.

Aftandil Hacıyev qeyd edib ki, hazırda şəhid ailələrinin acıları yeni olduğundan onlara sığorta haqqında məlumat vermək yerinə düşməz. Bir müddət sonra Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Azərsığorta” şirkətinin nümayəndələri tərəfindən bu barədə şəhid olanların vərəsələrinə məlumat veriləcək:
“Ödənişin verilməsi rəsmiləşdirmə tələb edir. Müvafiq sənədlər təqdim edildikdən sonra ödəniş vərəsələrə təqdim ediləcək”.

Ötən il dövlət hərbiçilərin siğortasina 17 milyon manat ödəyib

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun ayları ərzində “Azərsığorta” tərəfindən  hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 7 milyon 452 min manat sığorta haqları toplanıb,  3 milyon 400 min manat sığorta ödənişi həyata keçirilib. Ötən il ərzində isə, 17 milyon 61 min manatlıq sığorta haqları toplanıb, 6 milyon 858 min manat sığorta ödənişləri həyata keçirilib.

5%-dən 100%-ə qədər sığorta ödənişi verilir

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa görə,  “Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq % nisbətlərində verilir:
a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100%;
b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100%;
c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 %;
ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:

- I qrup əlilliyə görə — 80 %;
- II qrup əlilliyə görə — 60 %;
- III qrup əlilliyə görə — 40 %;

d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 %;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 %.

Müdafiə Nazirliyi kömək etməlidir

Ölüm halında, sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri Azərbaycan Respublikası Dövlət sığorta Kommersiya Şirkətinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə ölüm şəhadətnaməsini, vərəsəlik hüququnu təsdiq edən sənədi  təqdim etməlidir. Əlillik halında isə əlilliyin tə`yin edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının arayışının sürəti, hərbi bilet, ağır, yaxud yüngül yaralanması halında isə hərbi-həkim komissiyasının arayışı təqdim olunmalıdır. Müdafiə Nazirliyi sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta edilənlərə, yaxud onların vərəsələrinə kömək etməlidirlər.

Qeyd edək ki, son bir neçə gündə Ermənistan Silahlı Qüvvələri ilə baş verən döyüşlərdə Azərbaycan Ordusunun 14 hərbi qulluqçusu şəhid olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı