1994-cü ilin mayın 12-də qüvvəyə minən Bişkek protokolu Azərbaycan ilə Ermənistan arasında hələ 1988-ci ildə başlayan müharibəni formal olaraq dayandırdı.
Ermənistan müvəqqəti qələbə qazanaraq Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayonu ələ keçirdi.Amma qatı millətçi liderinin təsiri altında qonşu dövlətin ərazi bütövlüyünü pozan erməni xalqı istədiyi sülhü əldə edə bilmədi və loru dillə desək, ağ günə çıxmadı.
Əksinə, Türkiyə və Azərbaycanla sərhədlər qapadıldı, iqtisadi durum kəskin pisləşdi, sosial rifah 100 il əvvələ gerilədi, kütləvi mühacirət başladı və hərbi xuntanın başçılıq etdiyi qeyri-demokratik siyasi rejim ölkədə möhkəmləndi.
Atəşkəsin imzalanmasından keçən 21 il ərzində cəbhə xəttindəki gərginlik də səngimək bilmir. Hər gün cəbhə xəttində baş verən atışmalar insan itkisi ilə nəticələnir.
Əgər 5-10 il əvvələ qədər təmas xəttində snayperlərin, daha sonra təxribat-diversiya qruplarının mübarizəsi gedirdisə, son illərdə həm Azərbaycan, həm də Ermənistan minomyot mərmilərindən, artilleriya toplarından, raketlərdən və hətta tanklardan istifadə edirlər.
Bu silahlar 1994-cü ildən bəri ilk dəfədir istifadə olunur. Təbii ki, geniş kalibrli silahlardan istifadənin intensivləşməsi ilə mütənasib olaraq verilən itkilər də artır.
Məsələn, əgər 2010-ci ildə Ermənistan ordusu cəbhə xəttində 15 hərbi qulluqçusunu itirmişdisə, 2015-ci ildə bu rəqəm 36 əsgərə çatıb. Təsadüfi deyil ki, Ermənistan ictimaiyyəti bu itkilərdən narahatdır.
Əsgər analarının prezident iqamətgahı qarşısında hər həftə polis zorakılığı ilə dağıdılan aksiyaları, hərbi xidmətdən yayınmaq istəyən gənclərin kütləvi şəkildə Rusiyaya qaçışı və s. erməni cəmiyyətinin Qarabağ münaqişəsindən yorulduğunu göstərir. Artıq sıravi vətəndaşlar münaqişənin əsirinə çevrildiklərini yaxşı başa düşürlər. 2015-ci ilni avqustunda “Hayasa” fondunun Yerevanda ölkənin tanınmış politoloq və ekspertləri ilə birlikdə təşkil etdiyi konfransda hərbi ekspert Arutyun Yengibaryan cəmiyyətdəki ruh düşkünlüyünü belə təsvir etmişdi:.
“Sərksiyan rejimi ölkənin təhlükəsizliyinə ağır zərbə vurub. Hərbi sahədə korrupsiya risklərinin yüksək olması, əsgərlərin döyüş hissələrinə paylanması zamanı qeyri-şəfffaf metodlardan istifadə və s. Ermənistan ordusunun döyüş qabiliyyətinə ağır zərbə vurub”.
Digər ekspert Manvel Qazaryan isə ölkənin hərbi baxımdan Rusiyadan tam asılığının təhlükəli olduğunu və Yerevanın hər an “zərbə altına” düşə biləcəyini demişdi. Həmin konfransın iştirakçıları, o cümlədən Qarabağ müharibəsi zamanı Azərbaycana təcavüzdə iştirak edən veteranlar Rusiyanın Azərbaycana son 5 ildə satdıqları silahların Qarabağ kimi kiçik bölgəni bir neçə saat ərzində “külə çevirəcəyini” və Sərkisyan rejiminin uzun illərdir ki, fəxrlə reklam etdiyi istehkam-müdafiə xətlərinin bir anda dağıdılacağını proqnoz vermişdilər.
Maraqlıdır ki, ordudakı və cəmiyyətdəki real vəziyyəti gözlər önünə sərən konfransdan 2 gün sonra Fransada qeydiyyatdan keçən təşkilatçı “Hayasa” fondunun Yerevan ofisi bağlandı.
Amma ölkənin hərbi-vətənpərvər ruhunun aşağı səviyyədə olduğu və Qarabağa artıq yük kimi baxdıqlarını beynəlxalq sosioloji araşdırmalar da göstərib. “Vallex Group” xidmətinin 2013-cü ildə keçirdyi sorğu bunu göstəırir.
Həmin vaxt erməni vətəndaşlar iştirak etdikləri sorğuda ölkənin əsas problemi olaraq – işsizliyi, korrupsiyanı və Dağlıq Qarabağ münaqişəsini nümunə göstərmişdilər. Respondetlərin 76%-i bu problemlərə görə ölkəni tərk etməyə hazır olduqlarını demişdi.
Bu, “Vallex Group”un sorğusunda iştirak edən 156 ölkə arasında ən yüksək miqrasiya göstəricisi idi.
Vüqar İsmayılov