Modern.az

Eşşək, yoxsa ceyran?!

Eşşək, yoxsa ceyran?!

Ölkə

26 İyul 2011, 11:53

Ötən şənbə bir qrup jurnalistlə Şamaxıya getdik. Amacımız millət vəkili Çingiz Qənizadənin Mətbuat Günü münasibəti ilə mətbuatın qara fəhlələri üçün düzənlədiyi qonaqlıqda iştirak etmək idi. Yeri gəlmişkən, sağ olsun Çingiz bəyi, qonaqlıqda iştirak edən jurnalistlərin bir-bir qulluğunda durdu. Özümüzü kimsə hiss etməyimizə səbəb oldu...

Nə isə, sözümün canı başqadı. Şamaxıya yaxınlaşanda uzun müddət söz-söhbətə səbəb olan eşşək heykəlindən söz düşdü. Daha doğrusu, heykəldən başladıq eşşəyin özünə gəlib çıxdıq. Jurnalistlər əvvəlcə müzakirə, sonra mübahisə etdilər ki, Şamaxının girişində niyə eşşək heykəli qoyulub və ümumiyyətlə ora əslində nə heykəli qoyulmalı idi. Daha doğrusu, kimin heykəli. Təbii ki, “Şamaxıdan heykəl qoyulası o qədər adam çıxıb ki...”, “eşşəyə heykəl qoymaq rayon camaatını təhqir etməkdir...” kimi ifadələr də işləndi. Bunsuz olmazdı zatən. Amma bir fikir daha çox diqqəti çəkdi və elə mənim də bu yazını yazmağıma səbəb oldu. Guya Şamaxının girişinə eşşək yox, ceyran heykəli qoyulsaymış, şamaxılılara təhqir sayılmazmış. Axi niyə? Hansı şamaxılı ceyrandan bir qəpiklik xeyir görüb? Əlçatmaz dağlarda, insan ayağı dəyməyən meşələrdə, kiçik bir qrup üçün açıq olan qoruqlarda yaşayan ceyran belində qışda odunumuzu, yayda suyumuzu daşıdığımız eşşəkdən niyə daha prestijlidi? Yalnız bir fikrim var - əlçatmaz olduğu üçün... Axı biz insanlar əlçatmaz olanlara daha çox can atırıq. Ceyran bəlkə də əksəriyyətimizin yaxından görmədiyi, əlini vurmadığı bir heyvandır, amma şeirlərdə daha çox mədh olunur, hətta heykəlinin qoyulmaması etiraz doğurur. Eşşək isə kənd yerində, xüsusilə də dağlıq ərazilərdə ən ucuz, ən etibarlı nəqliyyat vasitəsidir. Bir sözlə, xeyrə-şərə yarayan heyvandır, di gəl ki, o yazığın heykəlinin qoyulması bir ara ölkədə bir nömrəli problemə çevrildi. Az qala Şamaxının icra başçısı Asif Məmmədovu vətən xaini elan edəcəkdik. Necə hoydu-hoyduya götürdüksə, guya abidəni hansısa iri tonnajlı maşın vurub bəhanəsi ilə götürdülər öz yerindən. Adım kimi əminəm, Asif Məmədov eşşəyə yox, ceyrana abidə ucaltsaydı, təşəkkür alacaqdı. Hətta rayonu gözəlləşdirir, abadlaşdırır deyə, ölənlərinə rəhmət oxuyacaqdıq. Heç vaxt heç kim də ağzını açıb etiraz etməyəcəkdi ki, niyə eşşəyə yox, ceyrana abidə qoyulub.

Şəxsən mən nə vaxtsa hardasa abidə ucaltmaq ixtiyarı və imkanı qazansam (təbii ki, hansısa heyvana) eşşəyi seçərəm. Çünki nankor deyiləm... Çünki eşşəyin daha xeyirxah heyvan olduğunun fərqindəyəm. Çünki bu gün Şamaxının timsalında eşşəyə qarşı baş verən haqsızlıq məni sözün həqiqi mənasında pəjmürdə edib.

P.S. Bəlkə də adamların saysız-hesabsız dərdinin, probleminin olduğu bir şəraitdə heyvanlardan yazmağım qəribə gəldi, əziz oxucular, amma inanın, eşşək insanların ən yaxın heyvan dostlarının sırasındadır. Mən insanlar tanıyıram ki, həyətində eşşək olmasa dolana bilməz, insanlar da var ki, həyətində ceyran saxlayır, çünki pulu çoxdu...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı