Modern.az

Azərbaycan - İran - Rusiya üçtərəfli əməkdaşlığı...

Azərbaycan - İran - Rusiya üçtərəfli əməkdaşlığı...

مورد توجه

12 Avqust 2016, 18:20

 

Avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya, prezidentlərinin üçtərəfli görüşü tarixi hadisə olmaqla yanaşı, eləcə də siyasi-iqtisadi və regional təhlükəsizlik baxımdan çox mühüm əhəmiyyət kəsb edir.  Azərbaycanın təşəbbüsü ilə reallaşan üçtərəfli görüşü yeni regional əməkdaşlıq formatının bariz nümunəsi kimi qiymətləndirmək olar.

 

Azərbaycan, İran, Rusiya, prezidentlərinin üçtərəfli görüşündə ümumi uzunluğu 7200 kilometr olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi aparılan danışıqların əsas müzakirə mövzularından biri olub. Bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiya Federasiyasının ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəldilib.

Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır.

 

Strateji baxımdan mühüm gesiyasi mövqedə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən olkəmiz əsrlər boyu özünəməxsus körpü rolunu oynayıb. Proqnozlara görə tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Qeyd etmək lazımdır ki, 2000-ci il sentyabrın 12-13-də Rusiyanın təşəb­bü­sü ilə Sankt-Peterburqda nəqliyyat məsələlərinə dair II Bey­nəl­xalq Avrasiya Konfransı keçirilmiş və burada 37 ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Bu konfransda Şərqi Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək  və Rusiya, Hindistan və İran tərəfindən irəli sürülən “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair sənəd imzalanıb. 2005-ci il sentyabrın 20-də Azərbaycan da öz geosiyasi və geoiqtisadi ma­raq­larından çıxış edərək bu layihəyə qoşulmağa məmnu­niyyətlə razılıq verib. 2016-cı il aprelıin 20-də isə Azərbaycanla İran sərhəddində, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində, dəmir yolu korpüsünün tikintisinə start verilib. Bəhs olunan nəqliyyat-kommunikasiya dəhlizi layihəsi Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçərək, Ümid burnunu dolanmaqla İranın Bəndər-Abbas li­manına çatdırılmasını, buradan da dəmiryolu vasitəsi ilə Azər­baycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur.

 

Bakıda keçirilən Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli görüşündə Azərbaycan Prezidenti İlham Əliyev yaşadığımız regionu çox mürəkkəb, risklərlə, təhdidlərlə dolu bölgə kimi xarakterizə edərək  bu üçtərəfli əməkdaşlığın bölgədə sabitləşdirici amil oldugunu deyib: "Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir...Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik".

 

Əməkdaşlığın bir sıra məqamlarını ozündə ehtiva edən  və  Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşdən sonra imzaladıqları Bəyannamədə bir sıra mühüm amillər öz əksini tapıb.

 

Prezidentlərin qəbul etdikləri Bəyannamədə ilk növbədə gostərilir ki, “regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi və yüksək etimadın saxlanılmasında marağı nəzərə alaraq, bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dvlətlərarası əlaqələrinin daha da inkişaf etdirilməsində qətiyyətli olaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına sadiqliklərini təsdiqləyərək, regional sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə mübarizə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin vacibliyini diqqətdə saxlayaraq hər üç ölkə bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər.

 

Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması regional təhlükəsizliyi təhdid altında qoyur. Bu qaynar regionlardan ilk növbədə narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə bağlı beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi yaranır. Bu baxımdan, qəbul edilən Bəyannamədə bu məsələlərin, xüsusilə  terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə aparılmasında qətiyyətli mövqenin öz əksini tapması regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan həmin təhdidlərlə səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırış da təqdirəlayiqdir.

 

Bununla yanaşı, sənəddə deyilir: “Tərəflər terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pisləyirlər. Onlar mövcud vəziyyətin inkişafı və terrorçuluğa qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün iki və üçtərəfli məsləhətləşmələrin vacibliyini və səmərəliliyini qeyd edirlər. Bu xüsusda, Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən İran İslam Respublikasının təşəbbüsü ilə irəli sürülmüş 68/127 saylı, “Dünya zorakılığa və zorakı ekstremizmə qarşı” adlı qətnaməni vurğulayırlar”.

 

Eyni zamanda, Bəyannamədə regiondakı münaqişələrin həlli ilə baglı maddə də öz əksini tapıb: “Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar”.

 

Bundan əlavə, Xəzər dənizinin statusu məsələsi xüsusi qeyd edilən sənəddə hər üç ölkə Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini bildiriblər. Bu maddə Azərbaycanın, Rusiyanın və İranın Xəzərin statusunun tezliklə müəyyənləşdirilməsində daha çox maraqlı olduqlarını göstərməklə yanaşı, tərəflərin regional təhlükəsizliyin təmin olunması üçün bu faktorun ciddi rol oynadığının qəbul edilməsinin nümunəsidir. Regionun iqtisadi artımı və beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional və beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirilməsi vurgulanan Bəyannamədə tərəflər ekoloji təhlükəsiz və iqtisadi faydalı nəqliyyat infrastrukturlarının yaradılmasına yönəlmiş regional nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiya edilməsi üzrə səyləri dəstəkləyəcəklərini bildiriblər.

 

Xüsusilə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yüklərin daşınmasının həyata keçirilməsində mövcud imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlərin görüləcəyi, eləcə də beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəkləri sənəddə öz əksini tapmışdır. Bununla əlaqədar, beynəlxalq qurumlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin daha da möhkəmləndiriləcəyi  də sənəddə vurğulanır.

 

Beləliklə, yeni – Azərbaycan-İran-Rusiya regional əməkdaşlıq formatı yaranmaqdadır. Bu üçtərəfli qarşılıqlı fəaliyyətin özəyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tamdəyərli istifadə edilməsi üçün yeni perspektivlər açılır.

 

İmzalanmış birgə Bəyannaməni çox ciddi siyasi sənəd adlandıran Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığını bölgədə sabitləşdirici amil kimi qiymətləndirmişdir: “Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir”.

 

Elçin ƏHMƏDOV,

Prezident yanında Dövlət İdarəçilik Akademiyası “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti, siyasi elmlər doktoru

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı