26 sentyabrda baş tutacaq referenduma (ümumxalq səsverməsi) sayılı günlər qalır.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Rüstəm Xəlilov Modern.az-a açıqlamasında referendumqabağı insanların aktivliyini şərh edib.
“Ölkədə referendumla bağlı demək olar ki, bütün ictimaiyyət maarifləndirilir. Özüm də müəyyən tədbirlərdə iştirak edirəm. Referendumla bağlı müəyyən fikir mübadilələri aparmışam. Demək olar ki, əhalinin böyük əksəriyyəti bu referendumu yüksək qiymətləndirir. Bütövlükdə referenduma çıxarılan dəyişikliklər 3 qrupa ayrılıb. Bir qrup icra hakimiyyəti strukturlarında dəyişiklikləri əhatə edir. İkinci qrup Konstitusiyanın məntiqində texnoloji dəqiqləşdirmələrə aiddir. Üçüncü qrup isə insanların hüquq və azadlıqlarının təminatlarının möhkəmləndirilməsi məqsədinə toxunur.
Bu cür dəyişiklikləri vətəndaşlar çox yüksək qiymətləndirir. İnsanlarla keçirdiyim görüşlər zamanı bunların şahidi oluram. Bir sözlə, insanlar referendumda böyük coşquyla iştirak edəcəklər”.
Deputat bildirib ki, sentaybrın 26-da respublikada keçiriləcək referendum (ümumxalq səsverməsi) xalq tərəfindən yüksək səviyyədə qarşılanır. “Konstitusiyamızın 29 maddəsində əlavə və dəyişikliklər olacaq. 1995-ci ilin noyabr ayında ilk Kontitusiyamız qəbul edilib. Daha sonra isə 2002-ci ilin avqust ayında ikinci dəfə Konstitusiyamızın 22 maddəsinə əlavə və dəyişikliklər olunub. Eyni zamanda, 2009-cu ildə də 29 maddəyə əlavə və dəyişiklik olunub. İndi referendum ərəfəsində yaşayırıq. Bu dəfə 29 maddəyə əlavə və dəyişiklik olacaq”.
Namidə BİNGÖL