Modern.az

Bakıda gizli qumarxanalar aşkarlanıb

Bakıda gizli qumarxanalar aşkarlanıb

Ölkə

16 Aprel 2011, 13:04

Bakı şəhərinin müxtəlif yerlərində qanunsuz totalizator fəaliyyəti ilə məşğul olan ictimai-iaşə obyektlərində futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Vergilər Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu qəbildən olan bəzi obyektlərin rəhbərləri dövriyyələrini, əldə etdikləri gəlirləri gizlədərək vergi orqanlarına təqdim etdikləri bəyannamələrdə təhrif olunmuş məlumatlar əks etdirirlər. Çayxana və ya kafe adı altında fəaliyyətlərini davam etdirən bir sıra totalizator kontorları isə müvafiq qaydada xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.

Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın müxtəlif yerlərində vergi nəzarəti tədbirləri həyata keçirilərkən fərdi sahibkarlar Əliyev Məhəmməd Qəhrəman oğluna məxsus, Səbail rayonu, Q.Abbasov küçəsi 72 ünvanda yerləşən "NTV+" və Hüseynov Naib Xanbala oğluna məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanda yerləşən "Qədim Bakı" obyektlərində, fiziki şəxslər Qafarov Şahin Ələsgər oğluna məxsus, Yasamal rayonu, Z. Xəlilov küçəsi 43 ünvanda, Məmmədov Anar Allahverdi oğluna məxsus, Xətai rayonu, M.Rüstəmov küçəsi 34 ünvanda yerləşən "Madrid", Qənbərov Elçin Davud oğluna məxsus, Xətai rayonu, Gəncə prospekti 73 ünvanda yerləşən "Zenit" obyektlərində bu şəxslərin qanunsuz fəaliyyətlərini təsdiq edən faktlar aşkar olunub.
Vergi nəzarəti tədbirləri  zamanı həmin obyektlərdən 1 ədəd noutbuk, 7 ədəd kompüter prosessoru, 294 manat nağd pul, qara mühasibatlıq sənədləri, müxtəlif firmalara məxsus 3 ədəd möhür və yüzlərlə vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən ödəniş qəbzləri və kuponlar maddi sübut kimi götürülüb.

"Xatırladırıq ki, qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində nazirlik tərəfindən əvvəllər həyata keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmiş qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülmüş,   "Bavariya" kafesinin sahibi Quliyev Hacı Çərkəz oğluna qarşı isə 1.752.846,00 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən,  cinayət işi başlanmışdır"- deyə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən bildirilib.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən  bütün fiziki və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı