Modern.az

Yol yaradan Asif Ata

Yol yaradan Asif Ata

Ülke

24 Sentyabr 2011, 20:58

Mənəvi yolçuluq çətin bir işdir. Yola çıxan adam öncə gərək işin mahiyyətini, fəlsəfəsini dərk edə, bütün təhlükələri göz altına ala, məşəqqətlərlə, məhrumiyyətlərlə üzləşəcəyini bilə, imtinaya hazır ola, öz prinsiplərinə, əqidəsinə sonacan sədaqətli olmağı bacara. Bunları bilmədən, nəzərə almadan yalnız ötəri həvəslə yola cıxan adam yarı yolda qala bilər. Düzdür, həvəslənmək, ürəyin səsini dinləmək cox vacib məsələdir, ancaq yola cıxan insan hara qədər gedə biləcəyini də gərək öncədən bilə... Yoxsa uğursuzluğa düçar olma şansları bir xeyli artacaq.

Əsl əqidə, yol insanda “zəif damar”ı nəzərə almır və bağışlamır. Təəssüf ki, indiyəcən yolu sonacan gedə bilməyənlər, yarıda qırılanlar çox olub... Mənəvi yolçu rahatlığını yolda tapır, cəkdiyi əzablardan fərəh duyur. Aşıq Veysəl  “Uzun incə bir yoldayım, gidiyorum gündüz-gecə” söyləməklə cox mətləbləri anlatmağa calışırdı. Füzuli Məcnunun dili ilə “Az eyləmə inayətini əhli-dərddən. Yəni ki çox bəlalara qıl mübtəla məni. Olduqca məni götürmə bəladan iradətim. Mən isdərəm bəlani, cün isdər bəla məni” deyirdi. Təkcə bu misralar mənəvi yolçuluq fəlsəfəsini bütövlükdə aça bilir. Çox vaxt yolu sonacan getməyə insan ömrü çatmır, deməli, ən vacib məsələlərdən biri də davamçıların olmasıdır.

Mənəvi yolçuluq zor bir iş, amma daha zoru Yolu yaratmaqdır...

***

Mən özlüyümdə mənəvi yolun yolçusu olan tarixi şəxsiyyətləri iki qrupa ayırıram: iz qoyanlar və yol yaradanlar. Həm iz qoyanlar, həm də yol yaradanlar möhtəşəmliklərinə görə hər cürə öyülməyə layiqdirlər. Ancaq yol yaradanlar, yeni dünyabaxış, fərqli düşüncə sahibləri daha möhtəşəmdirlər, məncə...

İz qoyanlardan fərqli olaraq yol yaradanlar o qədər də çox deyil. Asif Ata yol yaradan, bəşərə yeni dünyabaxış gətirənlərdəndir. Kökə, ənənəyə bağlı yeni bir yol... Asif Atanı sevməyən, ona qısqanclıqla yanaşanlar belə bunun fərqindədirlər və etiraf da edirlər.

Asif Ata insanlıq üçün cıxış yolunu göstərir. Bu yolun fəlsəfəsini bilmək üçün yol yiyəsini öyrənmək lazım...

***

Asif Ata öz yolunu yaradana qədər həyatı dərindən öyrənmiş, bütün əzabları dadmış, sona kimi əqidəsinə və düşüncəsinə sədaqətli olmuşdu. O, getdiyi yolla hamıya örnək ola biləcək bir ömür yaşadı. Ən çətin məqamlarda yolundan dönmədi, bir addım belə kənara qoymadı.

Yol yaratdı, yaratdığı yolu ləyaqətlə qorudu, möhkəmləndirdi. Yolunu davam etdirəcək insanlar yetişdirdi.

 Yuxarıda “zəif damar” məsələsinə toxundum. Türklərin ən zəif damarı ailəsidir. Coxları əqidə yolunda ailəsindən keçə bilmədiyinə görə getdiyi yola xəyanət edib, ən yaxşı halda qaçmağa, başını alıb getməyə üstünlük verib. Bu barədə soruşanda “balalarım var, neyləyə bilərəm ki?” deyib. Övladı ilə imtahana cəkilənlər duruş gətirə bilməyiblər, ləngərləyib yıxılıblar.

Asif Atanı isə bu vasitə ilə sıradan cıxarmaq cəhdləri heç bir nəticə verməyib: ailəsini itirmək, tək oğlunu bir daha görməmək ehtimalını göz altına alaraq getdiyi və yaratdığı yola sadiq qalıb. Təkcə buna görə o, hər cür öygüyə layiqdir... Ancaq Asif Ata təkcə əqidəsinə sadiqliyinə görə öyülmür, həm də yeni dünyabaxışı yaratdığına görə alqışlanır.

***

Bu yolçuluq çox çəkəcək, lap çox. Ömür yetməz bu yolçuluğa. Asif Ata deyirmiş ki, Ocaqçılıq üçün beş ömür də azdır. Asif Ata daha böyük işlər görəcəkdi, ömür vəfa etmədi. Nə yaxşı ki, yolunun davamçıları – Ocaqçılar var. Və görünən odur ki, Ocaqçılar  rahatdırlar, yolçuluğun çox cəkəcəyini, ömrün yetməyəcəyini bilsələr də. Rahatdırlar, ona görə ki, onların da davamçılarının olacağına inanırlar. Davamçıların olması çox vacib məsələdir. Uğur olsun...

 ***

Yolla başladım yazıma. Yolumuza davam edək...

Yol yaradan Asif Atanın yolla bağlı maraqlı qənaətləri var:

“Yollar-səhralarda tapılan su, insan şüurunun daimi narahatlığı, ümidlərin sonsuzluğu, bəşər övladının əsil, ülvi taleyi!

Yollar – ağı qaradan, qaranı ağdan, böyüklüyü oyunbazlıqdan seçən, neçə saxta şöhrət binalarını yerlə-yeksan edən amansız həqiqət!

Yolçu – bəşəriyyət!

İnsan əbədi yolçudur! Eşq olsun yolçulara! Dayanmaq- ölmək deməkdir!”

Dayanmayın...

***

Asif Ata haqqında düşündüklərimi yazdım. O, yolunu sona qədər ləyaqətlə getməyi bacardı və özünü fədakarlığıyla təsdiq etdi. Asif Ata 1980-ci illərin əvvəllərində aşağıdakı rübailərində özünün yenilməzliyini, yolunun qələbəsini belə qələmə alıb:

 Sağ ol, bədən, odlanmadın!
 Sağ ol, ağıl, aldanmadın!
 Sağ ol, ürək, dayanmadın!
 Qızıl qana boyanmadın!

 Sağ ol, dodaq, yarılmadın!
 Sağ ol, ayaq, yorulmadın!
 Sağ ol, səbr, daralmadın!
 Sağ ol, ömür, qırılmadın!

 Sağ ol, vüqar, əyilmədin!
 Sağ ol, inam, döyülmədin!
 Sağ ol, vicdan, söyülmədin!
 Ayaqlara sərilmədin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı