Modern.az

Azərbaycanda vaxtından tez ölən pensiyaçının hesabındakı vəsait niyə onun varisinə verilmir?..

Azərbaycanda vaxtından tez ölən pensiyaçının hesabındakı vəsait niyə onun varisinə verilmir?..

İqtisadiyyat

24 May 2021, 13:00

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası almaq hüququ var.


Modern.az
-ın məlumatına görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

 

Dövr

Kişilər üzrə pensiya yaşı

Qadınlar üzrə pensiya yaşı

1 iyul 2017 – 30 iyun 2018

63 il 6 ay

60 il 6 ay

1 iyul 2018 – 30 iyun 2019

64 il

61 il

1 iyul 2019 – 30 iyun 2020

64 il 6 ay

61 il 6 ay

1 iyul 2020 – 30 iyun 2021

65 il

62 il

1 iyul 2021 – 30 iyun 2022

65 il

62 il 6 ay

1 iyul 2022 – 30 iyun 2023

65 il

63 il

1 iyul 2023 – 30 iyun 2024

65 il

63 il 6 ay

1 iyul 2024 – 30 iyun 2025

65 il

64 il

1 iyul 2025 – 30 iyun 2026

65 il

64 il 6 ay

1 iyul 2026 və sonra

65 il

65 il

 

Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin pensiyanın sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (“Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

 

Prezident İlham Əliyevin 21 dekabr 2018-ci ildə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Qanununda  olunmuş dəyişiklik 2019-cu ilin 1 yanvarından qüvvəyə minib. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılıb. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.

Pensiya təyinatının avtomatlaşdırılması tədbiri pensiya hüququ yaranacaq şəxslərdən 70 faizini əhatə ediəcəyi proqnozlaşdırılır. Pensiya təyinatının avtomatlaşdırılması hələ ki mümkün olmayan digər 30 faiz şəxslərin sırasına aiddir:

“Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsindəki (güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar)

“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s.)


Mütəmadi olaraq həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq.


Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (130 manat) almaq hüququ var.

 

Bu, məsələnin qanuni tərəfi, amma baçqa bir reallıq da var.

Belə ki, pensiya fonduna kifayət qədər vəsait toplayan və pensiyaya yenicə çıxan şəxs gözlənilmədən vəfat edir. Yada da hesabında kifayət qədər yüksək məbləğ olan şəxs heç təqaüd yaşına çatmadan dünyasını dəyişir. İllərlə hesabına yığılmış vəsaiti çox az müddətdə pensiya kimi alan, ya da heç ala bilməyən  adam öləndən sonra qalan pul onun ailə üzvlərinə verilmir.

Bəzi ölkələrdə isə vəziyyət fərqlidir: pensiyaçı vaxtından tez ölürsə, hesabına yığılmış vəsait vərəsəsinə ödənilir. Azərbaycanda da bu praktika tətbiq oluna bilərmi?

 

“Pensiya sahəsində islahatlar davam etdiriləcək”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, pensiya islahatlarının davam etdirilməsi sosial siyasətin prioritet məsələlərindəndir:


“2030-cu il milli prioritetlər sənədində həm pensiya islahatlarının davam etdirilməsi, həm də pensiya məbləğinin artırılması, o cümlədən pensiya kapitalı ilə pensiya ödənişləri arasındakı differensiallığın gücləndirilməsi əsas istiqamətlərədən biri olaraq, qiymətləndirilib. Biz eyni zamanda, islahatların davam etdirilməsi fonunda, bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilən praktikadan istifadə edilməsini məqsədəuyğun hesab edirik. Pensiya islahatlarında tətbiq edilən modellərdən biri Amerikan modelidir. Amerikan modeli daha çox pensiya kapital yığımı olan vətəndaşlara daha tez pensiyaya çıxmaq hüququ verir. Bu zaman yalnız minimum pensiya kapitalı deyil, həmçinin orta pensiya kapitalından da istifadə olunur. Orta pensiya kapitalına daha çox vəsait yığan vətəndaşlar müraciət edərək, daha tez pensiyaya çıxmaq hüququ qazanırlar.

Elə vətəndaşlar var ki, onların aylıq maaşları və pensiya ödənişləri kifayət qədər yüksəkdir. Onlar çox böyük məbləğdə pensiya kapitalına malik olur. Həmin kapitaldan istifadə etmək üçün pensiya yaşının tamam olmasını gözləyirlər. Amerikan modelinə uyğun olaraq, hətta vətəndaş 40-45 yaşında, pensiya yaşından 20-25 il öncə orta pensiya məbləğindən daha çox vəsait topladığı halda, müraciət edərək, onu əldə etmək imkanı qazanır”.

 

“Pensiya yaşına çatmadan ölənlərin pensiyası varisinə verilməlidir”

 

Parlamentarinin sözlərinə görə, oxşar praktikanın bizdə də tətbiqi məqsədəuyğundur:

“Praktikaya əsasən, pensiya məbləğinin və pensiya kapitalının bir hissəsi varislərin hesabına köçürülməlidir. Məsələn, vətəndaş yüksək əmək haqqı ilə çalışır, ödənişini edir, sonradan pensiya yaşı çatmadan dünyasını dəyişir və həmin kapitaldan istifadə edə bilmir. Biz təklif edirik ki, həmin vəsaitin bir hissəsi varisinin hesabına köçürülsün. Ödəniş edib, kapital toplayan, ondan istifadə bilməyənlərin vəsaiti onun varisinin hesabına köçürülsün. Hesab edirik ki, bu istiqamətdə islahatların genişləndirilməsi və beynəlxalq praktikada istifadə edilən modellərdən yararlanmaq məqsədəuyğundur”.

 

“Azərbaycanda qanun bunu qadağan etmir” 


Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda qanun pensiya yaşı çatmadan dünyasını dəyişnin hesabındakı vəsaiti varirə verməyi qadağan etmir:


“Sadəcə, bunun həyata keçirilməsi mexanizmi yoxdur. Məntiqlə də həmin vəsait şəxsin ailəsinə, yaxınlarına verilməlidir. Bunun üçün iki məsələ həll edilməlidir. Təkcə dövlətə bağlı sosial müdafiə fondu olmamalıdır, özəl təqaüd fondları yaradılmalıdır. Bunu da qanun qadağan etmir, amma praktikada təmin edilmir. İlk növbədə özəl fondların yaradılması və dövlət zəmanəti altında işləməsi üçün yeni qanun layihəsinə ehtiyac var ki, müqavilə bağlanan zaman bu məqamlar öncədən orada öz əksini tapsın.

Yeni fondların yaradılması uzun zaman alan məsələ ola bilər. Bu baxımdan, yeni qanun layihəsinə ehtiyac olmadan, mexanizm işə salınmalıdır ki, Dövlət Sosial Müdafiə Fondunda yığılmış vəsait şəxsi mülkiyyət hesab olunsun və onun varislərinə ötürülə bilsin. Əgər şəxs həyatdan vaxtsız köçərsə, yaxud pensiya yaşı tamam olan kimi həyatını itirərsə, onun varisləri həmin vəsaitlərin alınması maneəsi ilə qarşılaşmasın. Məntiq də onu deyir ki, insan illərlə işləyir və Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəyirsə, həmin pul onun mülkiyyətidir və varislərinə çatmalıdır”.

 

“Qanunvericiliyə tez-tez dəyişiklik vətəndaşın ziyanınadır”

 

Ekspert Azərbaycanda təqaüdlə bağlı qanunvericilikdə tez-tez dəyişiklik edildiyinin mənfi hal olduğuna diqqət çəkib:

“2006-cı ildən indiyədək qanunvericilik 4-5 dəfə dəyişdirilib. Təqaüdlə bağlı qanunvericiliyə tez-tez dəyişiklik edilməsi, “oyun qaydaları”nın tez-tez dəyişməsi vətəndaşın ziyanınadır. Ona görə də məsələ ilə bağlı vətəndaşın xeyrinə olacaq, yeni qanunvericilik təşəbbüslərinə ehtiyac var. Burada bir neçə meyar-staj, DSMF-yə yığımlar, insanların sağlamlığı əsas götürülə bilər. Məsələn, elə vətəndaş var ki, onun 10 ilə topladığı vəsait 25 il işləyəninkindən çoxdur. Onun üçün də kriteriyalar müxtəlif olmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir