Modern.az

Broyler toyuqlarını yemək təhlükəlidir? - Deputata CAVAB VERİLDİ

Broyler toyuqlarını yemək təhlükəlidir? - Deputata CAVAB VERİLDİ

İqtisadiyyat

22 Aprel 2024, 12:18

Aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin rəhbərliyinin də iştirak etdiyi dinləmələr zamanı həm ölkənin qida sənayesinin təmsilçiləri, həm dövlət qurumlarının nümayəndələri, həm də Milli Məclis üzvləri tərəfindən mövcud vəziyyət qiymətləndirilib, bir çox təkliflər səsləndirilib.

Müzakirələrin gedişində Aqrar siyasət komitəsinin üzvü Tahir Kərimli Azərbaycanda quş əti istehsalı müəssisələri tərəfindən quşların tez böyüməsi üçün onlara hansısa kimyəvi dərmanlar verildiyini, kəsimdən sonra onların bədəninə su vurulduğunu bildirib.

Azərbaycan quşçuluq təsərrüfatlarının birləşdirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası deputatın fikirlərilə razılaşmayıb.

Qurumdan Modern.az-a verilən açıqlamada bildirlib ki, Azərbaycanın ixtisaslaşmış broyler müəssisələri tərəfindən quşların sürətli böyüməsi üçün onlara insan orqanizmi üçün zərərli ola biləcək hər hansı preparatlar verilmir.

“Quşlar yalnız müəyyən mərhələlərdə xəstəliklərə qarşı vaksinasiya olunurlar ki, bu da bütün dünyada tətbiq olunan praktikadır.

İstehsal əsasən QOST standartına uyğun həyata  keçirilir. QOST standartının toyuq əti üzrə müəyyən etdiyi tələblərə əməl edərək, sanpinin və qida təhlükəsizliyi kollegiya qərarlarını nəzərə alaraq İSO 22000 (HACCP tələbləri) əsasında istehsal aparılır.

Müəssisələrdə AQTA tərəfindən müntəzəm olaraq monitorinqlər, xidməti yoxlamalar aparılır, istehsal olunan  quş əti həm zərərli bakteriyalara, həm də zərərli maddələrə görə yoxlanılır. Satışa göndərilən bütün partiya ətdən nümunə götürülərək, analiz edilir və baytarlıq arayışı verilir”.

Assosiasiya bildirib ki, hazırda Azərbaycan quşçuluq müəssisələrində istehsal olunan yumurta Rusiya və Körfəz ölkələrinə ixrac olunur.

“Onların əldə olunduğu toyuqlara verilən hər hansı preparat mütləq həmin ölkələrin yoxlamaları zamanı üzə çıxar. İxracın başlandığı 2 ildən yuxarı müddətdə müəssisələrin  heç birinə bununla bağlı hər hansı irad daxil olmayıb”.

Adı çəkilən qurum bəyan edib ki, deputatın əlində konkret fakt, quşlara tez böyümələri üçün verilən hər hansı preparatın adı varsa, açıqlasın


“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası olaraq quş əti istehsalı müəssisələrində Tahir Kərimlinin iddiaları ilə bağlı monitorinq və yoxlamaların keçirilməsi, nəticələrin açıqlanması üçün AQTA-ya müraciət etmişik. Eyni zamanda  istehlakçı hüquqlarını müdafiə edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına  Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, Azərbaycanda isethsal olunan quş ətində ölkə vətəndaşlarının sağlamlığına zərər yetirə biləcək hər hansı preparatın olub-olmadığını yoxlasın  və ictimaiyyətə açıqlama versin”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok