Modern.az

Xalq artisti Təranə Muradova: “Biz korlamırıq, əksinə…” - MÜSAHİBƏ

Xalq artisti Təranə Muradova: “Biz korlamırıq, əksinə…” - MÜSAHİBƏ

Mədəni̇yyət

7 May 2012, 13:59


Zamanın özü ilə gətirdiyi yeniliklər toylarımızdan da yan keçmədi. Vaxtilə “Bəy öz toyunda oynasa, bolluq olar” adı ilə zorla meydana gətirilən bəylər daha dəvət gözləmirlər. Əksinə, bir vaxtlar öz toyunda oynamağa ar edən gəlini də özlərinə qoşub, çox vaxt toyu, elə özləri açırlar. Gənclər daha maraqlı alınması üçün toydan qabaq müəllim yanına gedir, qonaqlara daha gözəl, yaddaqalan rəqs göstərməyə çalışırlar. Bu mənada, tək uşaqlar üçün yox, elə böyüklər üçün də rəqs kurslarının, dərnəklərinin sayının artması təsadüfi deyil. Bu mənzərə nə qədər gözoxşayan olsa da, rəqs kimi incə bir sənətin də qazanc mənbəyinə çevrilməsi məhz sənət naminə bu sənətə ömrünü həsr etmiş peşəkarlarımızı bir qədər məyus edir. Onları qayğılandıran, əlbəttə ki, sənətə olan münasibətdir. Bu münasibət tanınmış rəqqasə, xalq artisti Təranə Muradovanı da narahat edir. Modern.az onunla müsahibəni təqdim edir 

- Uşaqlıqdan anamla baletlərə tamaşa etməyə gedərdik. Hər dəfə bir az da artıq bu sənətə xüsusi marağım yaranırdı. Beləcə, günlərin birində balerina olmaq sevdasına düşdüm. Anamın narazılığına baxmayaraq, 4-cü sinifdə imtahan verib xoreoqrafiya məktəbinə daxil oldum. Sevə-sevə öz peşəmdə peşəkara çevrildim.

- Öz gəncliyinizlə müqayisədə indiki gəncələrin rəqsə marağı nə dərəcədədir?

- İndiki gənclər də rəqsə böyük  maraq göstərirlər. Amma bir məqam var ki, indi tələbələr bir qədər fərqli olduğuna görə, gənclərimiz rəqsə daha çox kommersiya tərəfdən yanaşırlar. Halbuki, xoreoqrafiya olduqca ciddi peşədir və ona kommersiya yöndən yanaşmaq absurddur. Cavanların fikrini sənətkarlıqdan çox onun gəlir gətirən tərəfləri cəlb edir. İndi hansı kollektivdə daha çox gəlir varsa, cavanlar ora üz tuturlar.

- Rəqs dərnəklərinin sayı günü-gündən artır. Sizcə, dərnəyi bitirib peşəkar olmaq mümkündürmü?

- Əsla! Peşəkar mütləq və mütləq məktəb keçməlidir. Xoreoqrafiya məktəbi məhz peşəkarlıq prinsipləri üzərində qurulub. Dərnəklər heç vaxt bunu bacarmaz. Rəqqas xoreoqrafiya məktəbini bitirməsə, ömründə peşəkar ola bilməz. Rəqsin də öz əlifbası var. Rəqs çox ciddi sənətdir və özünə qarşı ciddi münasibət tələb edir. Bu sənətdə uğur qazanmaq üçün səbrli olmaq, daim öz üzərində çalışmaq lazımdır.

- Son vaxtlar gənclər daha çox Qafqaz rəqslərinə - avar rəqslərinə üstünlük verirlər. Bu özünü daha çox toylarda, el şənliklərində göstərir. Bunun səbəbini nədə görürsüz?

- Məncə, zövqlər dəyişir. Bu, zövqün tələbindən irəli gəlir. Əvvəllər klassik rəqslərə maraq daha çox idi. İndisə maraq templi rəqslərədir.

- Ümumi mənzərə sizi qane edirmi? Milli rəqslərimizin bu gün də diqqətdə olması, sevilməsi üçün neyləmək lazımdır?

- Desəm ki, mənzərə məni tam qane edir yalan olar. Bizdə bir çox peşəkar milli rəqs kollektivləri var. Azərbaycan Dövlət Rəqs Ansamblı, Mahnı Rəqs ansamblı, “Cəngi” ansamblı var. Hər kollektivin öz dəsti-xətti, yolu var. Məsələn, Mahnı Rəqs ansamblı sırf milli rəqsləri ifa edir. Dövlət Rəqs ansambı isə bütün rəqsləri bilməli və oynamalıdr. Çalışırıq zamanla ayaqlaşaq, rəqs hərəkətlərini müasirləşdirək. Bu isə vaxt tələb edir.

- Müasirləşdirmək isə yəqin ki, birmənalı qarşılanmır.

- Biz milli rəqslərimizi korlamırıq, əksinə, inkişaf etdiririk. Elə buna görə də yeni xoreoqraflarımıza ümid bəsləyirik, hər dəfə onlardan daha maraqlı, bitkin variantlar gözləyirik.  Dövr dəyişib, tamaşaçı dəyişib, zövqlər dəyişib. Milli rəqslərimizi yaşatmaq üçün bununla hesablaşmağa məcburuq.

- Hesablaşmağa məcbur olduğunuz amillərdən biri də yaşdır. Bir rəqqasə kimi yaşınızın artması sizi düşündürməyə bilməz.

- Rəqq canlı sənətdir. Daim onunla məşğul olmaq, öz üzərində işləmək lazımdır. Çox heyif ki, bizim səhnə ömrümüz elə də çox deyil. 40-45 yaşında biz sənətimizlə vidalaşmağa məcburuq. Rəqs, səhnə daha cavanın tələb edir. Bu yaşa qədər nə elədinsə, elədin.

- Deməli, 40-45 yaş sizin təqaüd yaşınızdır.

- Çox ağrılı mövzuya toxunduz. Maraqlıdır ki, o yaşda təqaüdə çıxsaq da, təqaüd almırıq. Gözləyirik 58-62 yaşımız olsun. Məncə, bu, hansısa bir formada yoluna qoyulmalıdır. Rəqsə və yaşla əlaqəli olan digər sənət sahələrinə fərqli yanaşmaq lazımdır.

- Bəlkə dediyiniz kimi, gəncləri bu sənətə kommersiya marağı ilə yanaşmağa sövq edən səbəblərdən biri elə budur? Nə qədər ki cavandırlar çalışırlar çox qazansınlar ki, 40-45-ə çatanda çətinlik qarşısında qalmasınlar.

- Elədir, cavanlar buna görə də rəqsə tərəddüdlə yanaşırlar. Belə amillər gəncləri rəqsdən uzaqlaşdırır. Amma biz çox ümid edirik ki, bu problem tezliklə həllini tapacaq. Çünki istərdim cavanlar rəqsə daha ciddi yanaşsınlar. Doğrudur, bu sənətdən uzaqlaşdıqdan sonra  insanın səhhətində müəyyən ağrılar üzə çıxır. Amma bu da onları qorxutmamalıdır. Bəs nəyə görə deyirlər incəsənət qurban tələb edir? Məncə, sevgi hissi bu qurbandan yüksəkdə dayanmalıdır.

Fatma Cabbarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!